Əlilliyin təyinində olan problemlərə ƏƏSMN RƏSMİSİNDƏN REAKSİYA

Əlilliyin təyinində olan problemlərə ƏƏSMN RƏSMİSİNDƏN REAKSİYA

Bir qrup Vətən müharibəsi qazisinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) qarşısında keçirdiyi etiraz aksiyası əlilliyin təyinində olan problemləri yenidən gündəmə gətirdi. Qazilər onlara əlillik qrupunun verilməsində olan süründürməçilikdən, sağlamlıqlarına dəymiş zərərin hərbi həkim komissiyalarında düzgün qiymətləndirilməməsindən, hətta hansısa əzasını itirməyənlərə əlillik qrupunun verilmədiyindən şikayətlənirdilər. Onların başlıca tələbi hazırki əlilliyin müəyyən olunması meyarının dəyişdirilməsi, sağlamlıqlarına dəymiş zərərin həkim komissiyaları tərəfindən düzgün qiymətləndirilməsi ilə bağlı idi.

Məsələ ilə bağlı SİA-ya açıqlama verən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Tural Qurbanov bildirib ki, Vətən müharibəsi qazilərinə təyin edilən əlillik dərəcələri mövcud qanunvericiliyin şərtlərinə uyğun olaraq hərbi həkim komissiyalarının yekun şəhadətnaməsindən qeyd edilən diaqnoza əsasən təyin edilir: "Qazilərə mülki yox, hərbi səbəblərə görə əlillik təyin edilir. Bu qəbildən olan əlilliyin şəxslərin xüsusi imtiyaz və güzəştlər mövcuddur. Əlillik dərəcəsindən asılı olmayaraq həmin qazilərimiz bütün imtiyaz güzəştlərdən yararlana biləcəklər. Əlillik dərəcəsindən narazı olan qazilərmizin əlilliyin müəyyən olunması ilə bagli yeni meyarlar da qüvvəyə mindikdən sonra əlillik dərəcələrinə yenidən baxılacaq. Hal-hazırda həmin sənəd nazirlik kabinetinə təqdim edilib. Qeyd edək ki, yeni meyarlara əsasən xəstəlik travma və çatışmazlıqların insanın 7 əsas həyat fəaliyyəti kateqoriyasına vurduğu ziyan faizlərlə hesablanacaq. Bu meyarlar bütün əlilliyi olan şəxslərə aid ediləcək.

Əlillik pensiyası ümumiyyətlə kəsilmir. Qanunvericiliyin müəyyən etdiyi müddət ərzində şəxsə əlilliyə görə sosial müavinət və ya əmək pensiyası ödənilir. Əlillik müddəti başa çatan şəxslərin öz növbəsində ödənişləri də dayanır. Bu isə əlillik pensiyasının kəsilməsi demək deyil. Vətəndaş yenidən yaşayış yeri üzrə qeydiyyatda olduğu səhiyyə müəssisəsinə yaxınlaşaraq əlillik müddətinin uzadılması ilə bağlı rəsmi qaydada müraciət etməlidi. Yəni səhiyyə müəssisəsi tərəfindən vətəndaşa məxsus forma- 88 tərtib edilərək elektron qaydada əlillik alt sisteminə daxil edilməlidi. Bundan sonra həmin göndərişdəki tibbi məlumatlara əsasən vətəndaş-ekspert ünsiyyəti olmadan şəxsin əlilliyin qiymətləndirilməsi ilə bağlı müvafiq qərar verilir".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə