"İnsan təmiz hava vasitəsilə oksigen qəbul etməlidir" HƏKİM AÇIQLADI

"İnsan təmiz hava vasitəsilə oksigen qəbul etməlidir" HƏKİM AÇIQLADI

Bildiyimiz kimi, Covid-19 pandemiyasının yayılmasının qarşısını almaq məqsədilə bütün dünyada, həmçinin Azərbaycanda bir sıra tədbirlər görülür. Günümüzdə ən aktual məsələlərdən biri də açıq havada maska taxmaqdır. Maskalar Covid-19 virusunun yayılmasını dayandırmağa kömək edir. Koronavirusun yayılmasının asan yollarından biri, insanların danışdıqları, mahnı oxuduqları, öskürdükləri və ya asqırdıqları zaman tənəffüs damcılarıdır. Araşdırmalar davam etsə də, biz artıq virusun simptomlarını göstərməyən insanlar tərəfindən yayıla biləcəyini bilirik, yəni bəzi insanlar bunu fərq etmədən yoluxucu ola bilər. Bu da Covid-19-un geniş yayıldığı yerlərdə fiziki məsafə saxlamağın nə üçün bu qədər vacib olduğunun səbəblərindən biridir. Amma heç də həmişə izdihamlı ictimai yerlərdə ətrafdakılardan məsafəni saxlamaq mümkün olmur və məhz buna görə belə şəraitdə parça maskanın istifadəsi bir-birini qorumaq üçün tövsiyə edilir. Lakin davamlı maska taxmaq insan sağlamlığı üçün zərərli ola bilər.

Məsələyə həkim-infeksionist Xatirə Əliyeva münasibət bildirib: "Açıq-havada maska taxmaq düzgün deyil. İnsan təmiz hava vasitəsilə oksigen qəbul etməlidir. Vaksinasiyadan sonra maska problemi aradan qaldırıla bilər. Bəzi insanlar parklarda və ictimai nəqliyyatda maskadan istifadə etmir. Onları müəyyən qədər başa düşmək lazımdır. Lakin, unutmayaq ki, insanların sıx olduğu yerdə maska taxmasaq, virus daha çox yayılar. Uzun müddət maska taxmaq allergiya, dəridə qabıqlanma, ağciyərlərin oksigenlə təmin olunmaması kimi fəsadlara yol açır. Bəzi insanlar var ki, eyni maskanı 10 dəfə yuyub yenidən istifadə edir. Ən yaxşısı birdəfəlik maskalardan istifadədir. Əslində, maskalar 2 saat fasilə ilə yenilənməlidir.

Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə görə 5 və daha kiçik yaşlı uşaqlardan maska geyinmək tələb olunmamalıdır. Bu yanaşma, uşaqların təhlükəsizliyinə əsaslanır və onların inkişaf mərhələlərini fərqli yaşlarda keçdiyini qəbul edir. Əgər 5 və daha kiçik yaşlı uşaqların maska geyinməyini tələb edilirsə, onda siz və ya başqa tərbiyəçi uşağın maskadan təhlükəsiz istifadəsinə nəzarət etmək üçün uşağı birbaşa göz önündə saxlamalısız. Əgər ailə üzvünüzün sağlamlıq vəziyyəti və ya əlilliyi maska geyinməyi çətinləşdirirsə, ən yaxşı çıxış yolu tapmaq üçün həkimlə məsləhət etmək lazımdır".

Arzu Elsevərqızı

Bütün xəbərlər Facebook səhifəmizdə