Böyük İnsan, Böyük Alim və Böyük Ana - Zərifə Əliyeva

Böyük İnsan, Böyük Alim və Böyük Ana - Zərifə Əliyeva

Hər il aprelin 15-ni Azərbaycan xalqı öz böyük anasının- akademik Zərifə xanım Əliyevanın xatirəsini anır

Hər xalqın tarixində böyük qadınlar, böyük analar olur. Onlara ona görə böyük analar deyirlər ki, təkcə öz övladlarının deyil, bütün xalqın anası olurlar. Bu böyük insanlar öz həyatlarını xalqın sağlamlığına, xoşbəxt gələcəyinə həsr edirlər. Belə böyük qadınlardan biri də Azərbaycanın görkəmli pedaqoqu, istedadlı alimi, bacarıqlı həkimi, böyük ictimai xadimi Zərifə Əliyevadır. Hər il aprelin 15-də Azərbaycan xalqı öz böyük aliminin xatirəsini hörmət və ehtiramla yad edir.

Adətən, müxtəlif ölkələrdə qadının bütün xalqın anasına çevrilməsində onun ölkənin liderinin həyat yoldaşı olması əsas roy oynayır. Zərifə xanımın xalq arasında böyük hörmət və nüfuza malik olması onun yalnız ümumillin lider Heydər Əliyevin həyat yoldaşı olmağı ilə bağlı deyildi. Əsasən, onun həqiqi Azərbaycan qadını, həqiqi ziyalı alim, həqiqi şəxsiyyət olması burada roy oynayıb.

Azərbaycan xalqı tərəfindən böyük ehtiramla yad edilən Zərifə xanım Əliyeva neçə-neçə ailəyə səadət bəxş edib, insanlara həyat eşqi verib, onların qəlbində işıqlı sabaha inam yaradıb. Zərifə xanım zülmətə qərq olan gözlərə nur verib, köməksizlərə həmdəm, qəlbi nisgillilərə sirdaş olub.

Zərifə xanım Əliyeva ömrü boyu səmərəli və zəhmətsevər fəaliyyətində həkimlik ixtisasının parlaq mənəvi dəyəri olan “Hippokrat andı”na böyük sədaqət nümayiş etdirdi. Bütün bilik və gücünü, istedad və bacarığını insanların sağlamlığının qorunmasına və yaxşılaşmasına sərf etdi, saysız-hesabsız müalicələri ilə göz xəstəliklərinin qarşısını almağa səy göstərdi.

Harada olursa-olsun, cəmiyyətin xeyrinə ləyaqətlə, vicdanla çalışdı. Vətəndaşlara tibbi yardım göstərmək üçün hər zaman hazır, sağlamlığını itirmiş insanlara qarşı diqqətli və qayğıkeş oldu. Həkim sirrini qorudu. Daima öz tibbi biliklərini təkmilləşdirdi.

Akademik Zərifə xanım Əliyeva oftalmologiyanın aktual mövzularına həsr edilmiş çoxprofilli tədqiqatlar aparıb, fədakar həkim kimi bir sıra göz xəstəliklərinin müalicəsində, o cümlədən Azərbaycanda traxomanın kökünün kəsilməsində böyük əmək sərf edib, xəstəliyin müxtəlif mərhələlərinin öyrənilməsi və müalicə metodlarının axtarılması yollarında dəyərli elmi-tədqiqatlar aparıb.

Alimin elmi fəaliyyətinin istiqamətlərindən biri gözün oftalmoloji, histomikroskopik və histokimyəvi tədqiqinə həsr edilib. Bu istiqamətdə apardığı elmi-tədqiqat işlərinin nəticələri onun "Yaşla əlaqədar gözün və görmə siniri yollarının dəyişməsi", "Gözün hidrodinamik sisteminin anatomo-fizioloji xarakteristikası" adlı monoqrafiyalarında geniş və ətraflı şəkildə öz əksini tapıb.

Zərifə xanımın elmi fəaliyyətinin digər sahələrindən biri klinik diaqnostik istiqamətdə apardığı tədqiqatlardır ki, onların da nəticələri həkimlər üçün yazılmış dərs vəsaiti və monoqrafiyalarda cəmləşib. Bu əsərlər arasında "Kəskin virus konyunktivitləri", "Keratitlər, gözün damarlı traktının, torlu qişanın, görmə sinirinin xəstəlikləri, kataraktalar", "Qlaukoma və gözün hipertenziyası", "Görmə orqanının zədələnməsi", "Göz yaşı axmasının fiziologiya və histologiyası", "Şəkərli diabetdə göz xəstəlikləri", "Gözün mikrocərrahiyyəsi", "Göz bəbəyi haşiyəsinin adaptasiya və müdafiə funksiyası" və b. oftalmoloji elmi-ictimaiyyət və praktik həkimlər tərəfindən böyük rəğbətlə qarşılanıb. Alim göz yaşı aparatının xəstəliklərinin öyrənilməsinə xüsusi diqqət yetirib, bu sahəyə həsr etdiyi "Yaşaparıcı yolların fiziologiyası", "Yaşaparıcı yolların cərrahi müalicəsi", "Göz yaşı yollarının qoruyucu cərrahiyyə üsulları" və b. əsərləri ilə Azərbaycan lakrimologiyasının əsasını qoyub.

Bunlarla yanaşı, Zərifə xanım Əliyeva nadir sahə olan iridodiaqnostika və iridoterapiya problemləri ilə ciddi məşğul olub, bu sahəyə dair iki monoqrafiya hazırlayıb. Bu monoqrafiyalardan "İridodiaqnostikanın əsasları" rəngli illüstrasiyalarla "Azərnəşr" tərəfindən, digər monoqrafiya isə "İridodiaqnostika" adı ilə 1988-ci ildə Moskvada nəşr edilib. Xüsusi qeyd etmək lazımdır ki, dünya miqyasında iridodiaqnostikaya aid kitabları ilk dəfə Zərifə xanım Əliyeva yazıb.

Görmə orqanının peşə patologiyası sahəsində apardığı elmi-tədqiqat işlərinin uğurlu nəticələrinə görə akademik Zərifə Əliyeva keçmiş SSRİ-nin oftalmologiya sahəsində ən mötəbər mükafat olan SSRİ Tibb Elmləri Akademiyasının M.İ.Averbax adına mükafatına layiq görülüb.

Alim həkim-xəstə münasibətlərinə toxunaraq, insanlar arasında ən incə, yaxın və həssas münasibətlərin məhz həkimlə xəstə arasında olduğunu göstərib və "həkim xəstənin ən doğma adamıdır" deyib.

Görkəmli alim N.Puçkovskaya xatirələrində yazır ki, həmkarları və dostları Zərifə xanımın insanlara necə xeyirxahlıqla yanaşdığının dəfələrlə şahidi olmuşdular. Onlar Zərifə Əliyevanın fəal təşkilatçısı olduğu oftalmoloqların qurultaylarının birində nümayəndələrdən birinin ayağının sındığını və onun müalicəsinə Zərifə xanımın necə can yandırdığını yaxşı xatırlayırlar. O, hər gün xəstəxanaya gəlir, xəstənin halına qəlbən yanır, hətta lazım olan şeyləri öz evindən gətirirdi ki, müalicəyə xeyri dəysin. Zərifə xanımın xəstəyə baş çəkməsinin bir, iki gün deyil, bütün müalicə müddətində davam etdiyini görən həmkarları indi də o hadisəni kövrəkliklə xatırlayırlar.

Böyük şəxsiyyət olan Heydər Əliyevin Zərifə xanımla evlənməsinə qadağa qoyulan bir dövrdə, Onun polad iradəsi hər şeyə qalib gəldi. Sözündən, istəyindən dönmədi. Onların sevgisi çox saf, qarşılıqlı və müqəddəs bir sevgi idi. Zərifə xanım ömrünün axırına qədər həyat yoldaşına ləyaqətli ömür-gün yoldaşı, arxa-dayaq oldu. Bu nəcib, xanım-xatın qadın ailəsini, balalarını çox sevirdi...

Zərifə xanım Azərbaycan tibb elminin tarixində, onun şöhrətlənməsində ləyaqətli yer tutmuş görkəmli alim və mütəxəssislərdən biri idi. Dünya tibb elminə yeni nailiyyətlər bəxş edib akademik adına yüksələn Zərifə xanım Əliyeva dəyərli ziyalı və alim kimi respublikamızın hüdudlarından kənarda da yaxşı tanınmışdı. Onunla birlikdə elmi iş aparanlar onun nailiyyətlərindən, yüksək mədəniyyətindən, nəcib xüsusiyyətlərindən hər zaman iftixarla danışıblar.

Keçmiş SSRİ-nin tanınmış oftalmoloqlarından biri M.Krasnov Zərifə xanımın hətta xəstə olduğu günlərdə belə necə qüvvətli ruha malik olmasından yazır: “1984-cü ildə tibb işçiləri günü qeyd olunurdu. Zərifə xanım həmin dövrdə dəhşətli xəstəliyi ilə mübarizə aparırdı və onun müalicəsi mümkün olmayan xəstəliyə tutulduğunu az adam bilirdi. Mən Rəyasət heyətində əyləşmişdim. Birdən onun zalda ən çox sevdiyi bir professor həmkarı ilə (o da istedadlı bir qadın idi) yanaşı oturduğunu gördüm. Hər ikisi deyib-gülür, bir-birilə ünsiyyətdən zövq alırdılar. Zərifə xanımda bu güc, həyat eşqi hardan idi?!”.

Onun saf məhəbbəti ömür-gün yoldaşına, ümummilli lider Heydər Əliyevə də güc verdi. Zəriflik nümunəsi həyat yoldaşından güc aldı, evlənmələrinə qadağa qoyulsa da yenilmədilər. Əgər sevgi saf, qarşılıqlı, təmənnasız olursa insanla heç fələk də bacarmaz. Onların sevgisi də məhz belə idi- saf, qarşılıqlı və müqəddəs.

Zərifə xanım ömrünün axırına qədər həyat yoldaşına ləyaqətli ömür-gün yoldaşı, arxa-dayaq oldu. Vəfatından uzun illər sonra belə Heydər Əliyev onunla bağlı danışanda hər dəfə kövrəlir, göz yaşlarını boğa bilmirdi. Bir qadının qiymətini bundan artıq necə ifadə etmək olar?

Azərbaycan xalqının tarixinə qızıl hərflərlə adı yazılmış böyük qadınlardan biri də Zərifə Əliyevadır. O, bunu ulu öndər Heydər Əliyevin həyat yoldaşı olaraq deyil, öz şəxsi istedadı, insanlığı, fədakarlığı ilə qazanıb.

15 aprel, 1985-ci il. Vətənimizə qürbətdən gələn kədərli xəbər milyonlarla qəlbi göynətdi. Acı göz yaşları yanaqlara və ürəklərə axdı. Nəzərlər Moskvaya dikildi. Azərbaycan xalqının sevimli alim qızı, bəşəriyyətin ləyaqətli övladı Zərifə Əziz qızı Əliyeva əbədiyyət qazanaraq həyatla vidalaşdı. Sonsuz insan axınına məruz qalan Novodeviçye məzarlığı hələ belə izdihamlı dəfn mərasimi görməmişdi...

Zərifə xanım Əliyeva unudulmaz, nümunəvi bir şəxsiyyət ömrü yaşadı. Məhz buna görə də o, Azərbaycan xalqının qəlbində bundan sonra da yaşayacaq.

Lalə Mehralı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması" istiqaməti çərçivəsində hazırlanıb

Bütün xəbərlər Facebook səhifəmizdə