“Azərpoçt” MMC vətəndaşların narazılıqlarına BU CÜR REAKSİYA VERDİ-AÇIQLAMA
Son günlər “Azərpoçt” MMC-nin fəaliyyəti ilə bağlı ölkə vətəndaşları tərəfindən çoxsaylı şikayətlər ortaya çıxıb. Şikayətçilər əsasən Mərkəzi Poçta müraciət etdikləri halda növbə gözləməklə yanaşı, saatlarla sırada dayandıqlarını, insanların çoxluğundan və pandemiya şəraitini nəzərə alaraq, virusun çox tez yayılma ehtimallarından narahatlıqlarını ifadə ediblər.
Məsələ ilə bağlı SİA-ya açıqlamasında “Azərpoçt” MMC-nin aparıcı mütəxəssisi Mehman Balabəyov bunları deyib: "Qeyd edirik ki, “Azərpoçt” MMC tərəfindən koronavirus (COVID-19) infeksiyasının qarşısının alınması ilə bağlı qabaqlayıcı tədbirlər mütəmadi olaraq davam etdirilir. Poçt filialları və şöbələrində eləcə də “Şəbəkə” Xidmət mərkəzlərində dezinfeksiya işləri gündəlik olaraq həyata keçirilir. Əhali ilə birbaşa təmasda olan əməkdaşlar tibbi maskalar və spirtlə təmin olunurlar. Nazirlər Kabineti yanında operativ qərargahın xüsusi rejimdə iş üzrə təlimatına uyğun olaraq əməkdaşların məsafədən işləməsi təmin edilir.
Diqqətinizə çatdırmaq istərdik ki, gün ərzində qeyd etdiyiniz poçt şöbəsinə digərilərinə nisbətən daha çox vətəndaş müraciət edir. Bu baxımdan poçt şöbəsi şənbə, bazar və bayram günləri də vətəndaşlara xidmət göstərir. Poçt şöbəsinə vətəndaş müraciəti çox olduğu halda onlarla maarifləndirici söhbətlər aparılır və operativ qərərgahın qərarları izah olunur.
Bir daha vətəndaşlarımızı COVID-19 virusu ilə mübarizədə sosial məsuliyyətdən irəli gələrək həmrəylik nümayiş etdirməyə, Operativ Qərargahın tələb və qaydalarına əməl etməyə çağırırıq".
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB