"Normal yuxu yatmayan insanlar diqqətli olmalıdırlar" MÜSAHİBƏ

"Normal yuxu yatmayan insanlar diqqətli olmalıdırlar" MÜSAHİBƏ

SİA Qida texnoloqu Ağa Salamovun müsahibəsini təqdim edir:

- Mikrodalğalı sobaların hansı zərərləri var?

- Mikrodalğalı soba radio dalğaları ilə suyu qızdırır. Suya həssas olduğu üçün, elə tənzimlənib ki yalnız mayeni qızdırır. Əgər bu alət şüadırsa, onda həyatımızın ayrılmaz parçası olan telefon da ən böyük şüa mənbəyidir. O zaman telefondan da istifadə etməyək?! Mikrodalğalı sobalardan əsasən, evin mətbəxində istifadə olunur. Çünki, əksər restoranlarda yeməklər hər gün isti-isti yeni bişir. Həmçinin, mikrodalğalı sobadan yemək dekorları hazırlamaq üçün də istifadə olunur. Məsələn, cəfəri, şüyüd və digər tərəvəzlərin yarpaqlarından hazırlanan yeməli dekorlar. Bu dekorların yeməklərin göz oxşaması üçündür. Ümumiyyətlə, alakart mətbəxlərdə şorbanı belə yerində təzə-təzə bişirib müştəriyə təqdim edirlər. Lakin, elə təamlar var ki, onların bişməsi saatlar çəkdiyi üçün öncədən hazır bişirilib, sifariş olduqca qızdırılmalı olur.

- Dondurulmuş ət və toyuq məhsullarının buzu necə əridilməlidir?

- Dondurulmuş toyuğun bütöv halda otaq tempraturunda buzunun açılması düzgün deyil. Yaxşı olar ki, onu hissələrə bölək o şəkildə buzlardan azad olsun. Maksimum dərəcədə toyuq donmuş yox, təzə alınmalıdır. Ümumiyyətlə, ət məhsulları 1 dəfə dondurulmalıdır. Əgər biz onu istifadə etdikcə əridib yenidən dondursaq zərərli olar. Qida məhsullarının buzunun açılması prosesi otaq tempraturunda deyil, soyuducuda baş verməlidir. Çünki, otaq tempraturunda ətin yalnız üst hissəsinin buzu əriyir, içi isə buzlu qalır. Bu da vaxt itkisidir. Yaxşı olar ki, toyuğu porsiyalara bölüb əlimizi yandırmayacaq tempraturda olan axar su altına buzunu açasınız. Bütöv toyuğa bu metodu tətbiq etmək yalnışdır.

- Küçə şəraitində satılan qrillər haqqında nə deyə bilərsiniz?

- Antisanitariya cəhətdən təmiz olan yerlərdən qril, təndir kimi məhsulıar almaq olar. Ət məhsulları bakteriyanı tez qəbul edən riskli məhsullardır. Onları açıq hava şəraitində saxlamaq düzgün deyil. Bir müddət sonra bunların fəsadları ortaya çıxacaq.

- Bəzi xarici mənbələrdə ətlər yarı bişmiş və qanlı olur. Bu sizcə düzgündürmü?

- Hər ətin öz növü və adı olur. Bunlar çiy deyil, bişirilmə üsulu odur. Bu cür ətlər "anqus" adlanan heyvandadır. Onlar 28-70 gün aralığında xüsusi soyuducuda dinləndirilərək qurudulur. Yəni, ultrabənövşəyi şüalar və himalay duzu ilə əhatə olunur. Bu soyuducunun tempraturu +0 dan yuxarı yüksəlmir. Yüksəlsə belə, maksimum +2 dərəcə ola bilər. Həmçinin, ətin bu şəkildə qurudulması üsulu Balakəndə də mövcuddur. Lakin, Balakəndəki metodda ətlə duz bir- birinə təmas edir.

- Kababı ev üsulunda necə hazırlayaq ki, qoxusu olmasın?

- Bunun tək yolu sobada hazırlamaqdır. Manqalda qoxusuz kabab hazırlamaq mümkün deyil. Təbiidir ki, soba və közdə bişən kababın dadı eyni ola bilməz. Can əti baha olduğu üçün əksər insanlar mal ətindən istifadə edir. Ət mal olduqda, ona süd əlavə etməliyik. Südün tərkibində laktoz turşusu olduğu üçün əti yumuşaldacaq. 1 kq ətə yarım litr süd və dilimlənmiş yarım limon, pul bibər, duz, istiot, kəklik otu və biraz zeytunyağı əlavə edib qarışdırırıq. Ətin baharatları canına çəkməsi üçün, qarışım 1 gün soyuducuda saxlanılır. Sobada bişən kababın üzərinə kalqa kağızlar örtmək olar. Bəzən insanlar falqa və kalqanı səhv salırlar. Falqa zərərlidir və sobada istifadə etdikdə, yeməyin üzərinə kimyəvi maddələr daxil olur. Kalqa isə yağlı kağızdır və heç bir zərəri yoxdur.

- Yemək bişirmək üçün hansı tavalar daha məsləhətlidir?

- Tökmə, qədimi mis (aş qazanları), son model pətək tavalar. Pətək tavalarda yemək bişirərkən minimum yağdan istifadə olunur, "tefal" olmasa da içi cızılmır. Pətək tavalarda hətta yağsız da yemək bişirmək olur. Yaxşı tavalar baha olur. Eynilə də, yeni icad olunan pətək tavalar.

- Hər il olduğu kimi bu il də bahalı istixana məhsulları olan çiyələk, alça, qarpız və s. meyvələr satılır. Bunları vaxtından tez yemək zərərlidir?

- Mövsümündə yetişməyən bütün meyvələri almaq və yemək düzgün deyil. Hər meyvənin öz yetişmə vaxtı olur. Məntiqlə düşündükdə sizcə sezondan əvvəl əmələ gələn meyvə hansı üsullar yaranıb? Axı, yanvar-fevral ayında qarpız olar?!

- Artıq piyləri məhv etməyin ən yaxşı yolu nədir?

- Piylənmə ən yaxşı halda stend, ən pis halda isə infarktla nəticələnir. İlk öncə zərərli karbohidratlardan uzaq durmaq lazımdır. Məsələn: rəngli qazlı içkilər, un məmulatları, tortlar, şirniyyatlar. Çünki, unda rüşeym və kəpək qismi ayrılır. Nəticədə, vitamin qidadan ayrılır və unu boş karbohidrata çevrilir. Bu qidalardan uzaq durduqda həyatınız dəyişəcək və sağlam şəkildə arıqlayıb normal çəkidə olacaqsınız.

- Bəs, sağlam şəkildə kökəlmək üçün nə etməliyik?

- İlk növbədə həkimə müraciət edib qan qrupunuzu dəqiqləşdirib, daha sonra dietoloqa müraciət edirsiniz. Dietoloq sizin qan qrupunuza uyğun menyu hazırlayır. Ümumiyyətlə, sağlam çəkidə olmaq üçün kompleks şəklində sağlam qidalanmaq lazımdır. Bunun üçün əvvəla yuxu rejimi tənzimlənməlidir. Belə ki, axşam saat 11-dən, səhər 5-ə kimi mütləq şəkildə yatmalıyıq. Bunun elmi sübutu da var. Ümumilikdə isə, insanı kökəldən karbohidratlardır. Məsələn: makaron, qiymə, xəmir xörəkləri və s. Ən məsləhət olunan metod nə kökəlmək, nə də arıqlamaqdır. Normal sağlam çəkidə olsaq kifayətdir. Yeyib bütün günü uzanıqlı qalıb yatmaq da düzgün deyil. Sağlam qidalar dedikdə, kələm, brokoli, kök, çuğundur, kartof və s. nəzərdə tutula bilər. Bir sözlə, torpaqdan çıxan bütün bitki kökləri faydalıdır.

- Axşam gec yatmaq hansı fəsadları törədir?

- Doğrudur, bunu həkimlər daha yaxşı bilər. Lakin, belə bir şey var ki, beyin oreksin mayesini ifraz edir. Oreksin maddəsi boş karbohidratları istehlak etdikdə aşağı düşürsə, yuxu az olanda melotonin hormonunun ifrazı dayanır. Nəticədə, yorğunluq, halsızlıq, qan azlığı, ağ qanın qırmızı qanı üstələməsi, qan xərçəngi və digər fəsadlar yaranır. Elə bu səbəbdən də, mühafizəçilərin iş rejimi bir gündən birdir. Çünki, onlar aradakı bir gün ərzində maksimum yuxusunu almalıdır. Lakin, melotonin hormonu da hər yatan insanda ifraz olunmur. Məsələn, işıqlı otaqda yatan insanın beynində bu hormon ifraz olunmur. Bu hormonun ifrazı üçün, elektrikə bağlı bütün texnoloji məhsullar cərəyandan ayrılmalı, telefon söndürülməlidir. Bu hormon qaranlıqda ifraz olunur və gün ərzində insanın fiziki aktivliyini, beyin gücünü təmin edir.

- Hansı qidalar qan azlığına faydalıdır?

- Kakao yağı ilə hazırlanmış acı şokoladlar, çuğundur və kök qarışımı, alma, qırmızı ət məhsulları, yumurta, ağartı məhsulları və s. bol istehlak olunmalıdır. Bir sözlə, zülal tərkibli qidalara üstünlük verilməlidir.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə