"Tarixi qədim olan Zəngəzur dəhlizi" MƏQALƏ

"Tarixi qədim olan Zəngəzur dəhlizi" MƏQALƏ

Azərbaycan xalqının ən mühüm milli-mənəvi dəyərlərindən biri öz doğma yurduna bağlılığıdır. Azərbaycan təkcə bu ərazidə yaşayan, yaradan və fəaliyyət göstərən azərbaycanlıların deyil, dünyanın hər yerində yaşayan azərbaycanlıların əzəli vətənidir. Tarixi qədim olan yurdumun xoş günündə də, çətin günündə də harada olmağımızdan asılı olmayaraq bir yumruq olub birləşməyi, sözümüzü deməyi bacarmışıq. Bu birliyimiz II Qarabağ müharibəsindən də bizi üzüağ çıxardı.

Sentyabrın 27-dən başlayan, 44 gün davam edən və Dağlıq Qarabağ da daxil olmaqla işğal altındakı ərazilərimizin qaytarılması ilə nəticələnən Vətən Müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildi. Azərbaycan xalqı öz liderinin - müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirdi. Bu gün Azərbaycan xalqı hansı səviyyədə uğurlu sərkərdəyə - Ali Baş Komandana sahib olduğunu aşkar gördü. Prezident İlham Əliyev yalnız hərb meydanında müzəffər sərkərdə deyil, həm də Azərbaycanın haqq səsidir. O, cəsarətlə bütün təzyiqlərə sinə gərərək öz xalqı ilə vəhdətdə olan lider kimi mübarizlik rəmzinə çevrildi. Prezident İlham Əliyev 17 ildə həyata keçirdiyi siyasətin nəticəsində Azərbaycanı 30 ilə yaxın davam edən münaqişədə qalib tərəfə çevirdi. Ərazi bütövlüyümüz birmənalı olaraq təsdiq edildi.

Qarabağ müharibəsi həm regionda qüvvələr balansını dəyişdi,həm də yeni reallıqlar yaratdı. Həmin reallıqlardan biri də Zəngəzur dəhlizidir.Zəngəzur hazırda bir hissəsi Ermənistan ərazisində olan qədim Azərbaycan torpağıdır.1920-ci ildən bəri Azərbaycanla Naxçıvanı bir-birindən ayrı salan bu ərazi indi bizi yenidən birləşdirəcək.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2021-ci il 20 aprel tarixində Azərbaycan Televiziyasına müsahibəsində qeyd edib ki, Zəngəzur dəhlizinin yaradılması Azərbaycanın milli, tarixi və gələcək maraqlarına tam cavab verir. “Biz Zəngəzur dəhlizini icra edəcəyik, Ermənistan bunu istəsə də, istəməsə də. İstəsə, daha asan həll edəcəyik, istəməsə də zorla həll edəcəyik. Necə ki, mən müharibədən əvvəl və müharibə dövründə demişdim ki, bizim torpağımızdan öz xoşunuzla rədd olun, yoxsa sizi zorla çıxaracağıq. Belə də oldu. Zəngəzur dəhlizinin taleyi də eyni olacaq. Bizim əsas rəqibimiz zamandır. Çünki dəmir yolunun, avtomobil yolunun çəkilişi vaxt tələb edir. Ona görə bütün güclər səfərbər olunub ki, bu layihə icra edilsin. Beləliklə, Azərbaycan xalqı 101 il bundan əvvəl bizim əlimizdən alınmış Zəngəzura qayıdacaqdır”.

Zəngəzur dəhlizi tarixi və çoxdan gözlənilən bir nailiyyətdir. Belə ki, Zəngəzur dəhlizi ideyası Azərbaycan tərəfinin hələ 70-ci illərdən xüsusi diqqətində olub. Azərbaycan xalqının mənfur düşməni Zori Balayan özünün bədnam “Ocaq” əsərində bu yolun bağlanmasını zəruri sayır, onu Turan yolu adlandırırdı. Bu yaxınlarda Ermənistan mediası qeyd edib ki, 1970-80-ci illərdə Ulu Öndər Heydər Əliyev Siyasi Büronun üzvü olan zaman inşasına başlanılan Mehridən keçən Naxçıvan-Bakı avtomobil yolu “türklərin Böyük Turan layihəsinin icrasına zəmin hazırlamaq məqsədi daşıyırdı. Lakin Dəmirçiyanın (Ermənistan KP MK katibi) etirazlarından sonra layihə dayandı. Azərbaycan məqsədinə indi çatdı”. Beləliklə, Prezident İlham Əliyev Şuşanın azad olunmasında olduğu kimi Zəngəzur dəhlizini bərpa etməklə də ata vəsiyyətini yerinə yetirir – Ulu Öndərin müəyyən etdiyi strateji hədəfə çatır.

Bəli, 44 günlük Vətən müharibəsində qazanılmış böyük Zəfərin nəticəsi olaraq noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatda Prezident İlham Əliyevin tələbi ilə ölkəmiz və region üçün çox vacib olan

9-cu maddənin salınması mühüm diplomatik qələbə idi.Çünki bu maddə Naxçıvanla birbaşa əlaqənin bərpasına, muxtar respublikanın nəqliyyat blokadasından çıxmasına imkan yaradır. Eyni zamanda, bu, Çindən Qərbə doğru yeni nəqliyyat qapısının açılması deməkdir. Həmçinin, Zəngəzur dəhlizinin açılması, Naxçıvana dəmir yolu əlaqəsinin bərpası Şərq-Qərb, Şimal-Cənub dəhlizləri ilə bağlı yeni şərait yaradır. Heç şübhəsiz ki, nəhəng geosiyasi və iqtisadi layihə kimi mühüm əhəmiyyətə malik Zəngəzur dəhlizi perspektivdə region dövlətləri ilə yanaşı Türk dünyasının da yararlana biləcəyi marşrut olacaq. Eləcə də Zəngəzur dəhlizi Avropa ilə Asiyanı bağlayacaq əsas xətt, türk dünyası arasında yaranmış yeni körpü olacaq.

2021-ci il 11 yanvar tarixində Moskvada Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında keçirilmiş üçtərəfli görüşün əsas mövzusu da nəqliyyat kommunikasiyalarının bərpası olub.Bu işlərin görülməsi üçün artıq Azərbaycan, Ermənistan və Rusiya baş nazirlərinin müavinləri səviyyəsində üçtərəfli işçi qrup yaradılıb. Qrupun toplantılarında noyabr bəyanatının 9-cu maddəsinin reallaşdırılmasından irəli gələn işlərin əsas istiqamətlərinin siyahısı formalaşdırılıb, prioritet qismində dəmir və avtomobil yollarının bərpası müəyyənləşdirilib. Görüşlərdə üç liderin razılaşdıqları digər fəaliyyət istiqamətləri də müəyyən olunub. Zəngəzur dəhlizi əməkdaşlıq və nəqliyyat əlaqələrinin yaradılması baxımından son dərəcə mühüm elementdir. Bu, Ermənistan daxil olmaqla, regiondakı bütün ölkələrin maraqlarına xidmət edir. Azərbaycan da öz növbəsində, bu dəhlizin yaradılması və nəqliyyat əlaqələrinin bərpası ilə bağlı öhdəliklərinə sadiqdir. Təbii ki, regionda davamlı sülhün bərqərar olmasında əsas vasitə ölkələrarası əməkdaşlıqdır. Bu əməkdaşlıq Azərbaycan Prezidenti İlham Əliyevin bu il fevralın 26-da yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransında da əsas mövzulardan olub. Erməni silahlı qüvvələri tərəfindən törədilmiş Xocalı soyqırımının 29-cu ildönümünə həsr edilmiş mətbuat konfransında Azərbaycanın dövlət başçısı deyib: "Bu gün biz onu müzakirə edirik ki, bölgədə davamlı, dayanıqlı sülh və təhlükəsizlik olsun. Bunun yeganə yolu isə əməkdaşlıqdır. Bizim məqsədimiz artıq üçtərəfli qaydada – Ermənistan və Rusiya ilə birlikdə kommunikasiyaların bərpası, Zəngəzur dəhlizinin yaradılması və nəqliyyat baxımından bütün maneələri aradan qaldırmaqdır''.

Bir sözlə, Zəngəzur dəhlizinin açılması region ölkələri arasında ticarət və iqtisadi əlaqələrə müsbət təsir göstərəcək. Məsələn, bu halda Türkiyə əsas iqtisadi tərəfdaşlarından olan Azərbaycana quru yolu ilə birbaşa çıxış əldə edəcək. Bu, onlar arasında turizm və iqtisadi sahədə ikitərəfli əlaqələrin inkişafına töhfə verəcək. Digər tərəfdən Zəngəzur dəhlizi Türkiyə üçün Mərkəzi Asiyaya qapı rolunu da oynayacaq. Bu, Ankaranın türk dünyası ilə iqtisadi əlaqələri gücləndirməsinə imkan verəcək. Bundan başqa, bu gün Türkiyə Qars-Naxçıvan dəmir yolu layihəsi üzərində çalışır. Bu layihə Naxçıvanla Türkiyəni birləşdirəcək. Növbəti mərhələdə bu dəmir yolunun Zəngəzur dəhlizi vasitəsilə Azərbaycanın qərb bölgələri ilə birləşdirilməsi Bakı ilə Ankara arasında ikitərəfli ticarət əlaqələrinin inkişafına yeni təkan verəcək.

Zəngəzur dəhlizi Rusiya üçün Cənubi Qafqaz və qonşu ölkələrə yük daşımalarında əsas marşruta da çevrilə bilər. Rusiya qatarları Azərbaycan ərazisindən Zəngəzur dəhlizinə keçə, bununla da Ermənistan, Türkiyə, İran və Cənubi Asiya ölkələrinə istiqamətlənə bilər. Başqa sözlə, bu dəhliz təkcə Türkiyə ilə Rusiya arasında ticarət əlaqələrinə müsbət təsir göstərməyəcək, həm də Moskvanın Türkiyə vasitəsilə Yaxın Şərqdəki bazarlara çıxışı üçün alternativ marşrut olacaq. Üstəlik, Zəngəzur dəhlizi Rusiyanın regiondakı əsas müttəfiqlərindən olan Ermənistana quru yolla çıxa bilməsi baxımından da mühüm əhəmiyyət kəsb edir. Bu gün Moskva Tbilisi ilə arasındakı siyasi problem üzündən, Ermənistana yük daşımalarında quru yoldan istifadə edə bilmir – yol Gürcüstan ərazisindən keçir. Moskva ilə Yerevan arasında quru yolla nəqliyyat əlaqələrinin yaradılması əslində, Ermənistanın Rusiya və Avrasiya İqtisadi İttifaqına çıxışla bağlı problemlərin aradan qaldırılmasına yardım göstərəcək. Ermənistanın əsas ticarət tərəfdaşına quru yolla çıxışının olmaması onun iqtisadi təhlükəsizliyinə və xarici iqtisadi əlaqələrinə mənfi təsir göstərir. Bundan başqa, Zəngəzur dəhlizi Ermənistana digər ticarət tərəfdaşı olan İranla dəmir yolu vasitəsilə əlaqə yaratmaq imkanı da verəcək. Ermənistan uzun illərdir lazımi maliyyə resursu olmadığından, xarici investisyaları isə cəlb edə bilmədiyindən öz ərazisindən İrana dəmir yolu çəkə bilmir. İndi iki ölkə arasında yük daşımalarının yeni dəhliz vasitəsilə həyata keçirilməsi mümkün olacaq.

Amma Ermənistan Zəngəzur dəhlizinin bütün üstünlüklərindən bir şərtlə faydalana bilər: o təxminən 30 il davam etdirdiyi qonşulara təcavüz siyasətini regional əməkdaşlıqla əvəzləməlidir. Ermənistan iqtisadi blokadadan çıxmaq, iqtisadi inkişafa nail olmaq istəyirsə, yeganə yol regional əməkdaşlığa qoşulmaqdır. Əks təqdirdə, bu ölkədə işsizlik, mühacirət və yoxsulluq davam edəcək. Bu halda Ermənistan təbii ki, uzunmüddətli iqtisadi inkişaf perspektivlərindən məhrum olacaq.

Bir sözlə, Zəngəzur dəhlizinin yaradılması ilə region ölkələri qarşısında yeni imkanlar açılacaq. Bu dəhlizin istifadəyə verilməsi regional nəqliyyat şəbəkəsinin genişlənməsinə səbəb olacaq, region dövlətləri arasında qarşılıqlı iqtisadi əlaqələri stimullaşdıracaq. Bundan başqa bu, regionun beynəlxalq dəhlizlərdəki ("Şimal-Cənub'', "Mərkəzi dəhliz'') mövqeyini daha da gücləndirəcək. Zəngəzur dəhlizinin işə düşməsi ilə

iqtisadi əlaqələrin genişlənməsi təkcə iqtisadi mənfəətin qazanılması ilə nəticələnməyəcək, həm də regionun təhlükəsizliyinə, bölgədə sülhə töhfə verəcək. Dayanıqlı iqtisadi inkişaf və sülh isə gələcəkdə təhlükəli millətçi düşüncələrin yayılmasının, regionda yeni münaqişələrin yaranmasının qarşısını alacaq.

Bütün bu yaşadıqlarımız bir daha sübut etdi ki, TORPAQDAN PAY OLMAZ. Tez, ya gec torpaq öz sakinlərinə, öz vətandaşlarıına qovuşacaq. Və yalnız o zaman nəfəs alacaq, çiçəklənəcək, inkişaf edəcək. Bununla da bütün bəşəriyyətə haqqın, ədalətin böyük olduğunu,tapdanmadığını sübut edəcək.Bu ədaləti 44 gün ərzində yazan Azərbaycan xalqı bir yumruq kimi birləşərək təkcə Ermənistanın yox, bütövlükdə haqsız güclərin üstünə getdi və sübut etdi ki, biz haqq yolunda, ədalətin, ərazi bütövlüyümüzün bərpası uğurunda vuruşuruq.Sübut etdik ki, 30 ildən sonra Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə birlikdə bir qarış torpağımızı belə heç kəsə verən deyilik.Qürurlu və güclü xalqımız Ali Baş Komandan, Prezident İlham Əliyevin ətrafında bundan sonra da sıx birləşərək Yenilməz Azərbaycan Sərkərdəsi ilə birgə yeni, şanlı tariximizin yazılmasını davamlı edərək daha böyük Azərbaycan uğrunda mübarizliyini əzmlə davam etdirəcəkdir.

Novruzova İlahə Məmməd qızı

Bakı şəhər Xəzər rayonu Buzovna qəsəbəsi İ.Tağıyev adına 26№li tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi

Bütün xəbərlər Facebook səhifəmizdə