Dövlətin bütün təşəbbüslərinin mərkəzində duran əsas amil insan və onun sosial rifahıdır
Azərbaycan iqtisadiyyatının strateji sektoru olan kənd təsərrüfatı ölkəmizin sosial-iqtisadi problemlərinin həllində, xüsusən də regionlarda yaşayan insanların məşğulluğunun təmin olunmasında müstəsna rol oynamaqdadır. Azərbaycan iqtisadiyyatının formalaşmasında qeyri-neft sektorunun inkişaf etdirilməsinin vacibliyi nəzərə alınaraq kənd təsərrüfatının inkişafı ilə bağlı yeni təşəbbüslər qəbul edilən Dövlət Proqramlarında da öz əksini tapmışdır. Bu proqramlarda sənaye müəssisələri və texnoparklarla yanaşı bölgələrdə aqroparkların yaradılması aktual xarakter almışdır. Hazırda Respublikamızda kənd təsərrüfatının əməktutumlu sahələrinin inkişaf etdirilməsi qısa müddətdə bu sektorda daha çox insana iş imkanı vermişdir. Qeyd edək ki, aparılan islahatların çoxşaxəliliyi nəticəsində aqroparklarla yanaşı kiçik fermer təsərrüfatlarının inkişaf etdirilməsi həyata keçirilir. Yeni müəssisələrin açılması nəticəsində insanların işlə təminatı ilk növbədə bölgələrdə yaşayan əhalinin sosial rifah halının yaxşılaşdırılmasına təsir göstərir. Bu isə bir daha dövlət siyasətinin əsasında insan amilinin durduğunu göstərir.
Qeyri-neft sektorunun inkişafı ilə bağlı kənd təsərrüfatına dövlət tərəfindən investisiyaların qoyuluşu, ən müasir aqrotexniki tədbirlərin tətbiq edilməsi bol məhsuldarlığın əldə edilməsinə imkanı verir ki, bu da ölkədə ərzaq təhlükəsizliyi məsələləri ilə bağlı işlərin tezliklə tamamlanmasına imkan verəcəkdir. Nəzərə alsaq ki, ölkə əhalisinin məşğulluğu və ərzaq təhlükəsizliyi baxımından kənd təsərrüfatı xüsusi əhəmiyyət daşıyır, deyə bilərik ki, bu sahənin inkişafında müasir model hesab edilən aqroparkların sayının artırılması məqsədəuyğundur. Ötən illərdə kənd təsərrüfatının inkişaf etdirilməsi istiqamətində həyata keçirilən siyasət bu təşəbbüslərin daha çox intensiv inkişafını şərtləndirmişdir. Kənd təsərrüfatı həm ölkəyə valyuta gəlməsində, həm də ölkədən valyuta çıxmamasında rol oynayır. Yəni, kənd təsərrüfatı idxalı yerli istehsalla əvəzləməklə ölkənin inkişafı baxımından əvəzsiz rol oynayır.
İşğaldan azad edilmiş ərazilərimizin maldarlığın, əkinçiliyin inkişafı üçün əlverişli coğrafi mövqeyə malik olması abadlıq-quruculuq, yenidənqurma işləri ilə yanaşı kənd təsərrüfatının da inkişafı məsələsində qarşıda mühüm vəzifələr və perspektiv imkanlar durduğunu göstərir. Təəssüflə qeyd etməliyik ki, ərazilərin hər qarışının minalanması və minalardan təmizlənməsi üçün erməni tərəfinin minalanmış ərazilərin xəritələrini təqdim etməkdən boyun qaçırması bu işlərin sürətlə həyata keçirilməsinə əngəlliklər yaradır. 30 il müddətində dağıdıcı işğalçılıq siyasəti yürüdən rəsmi İrəvan hələ də öz cinayətkar əməlləri ilə məkrli siyasət yeritdiyini bütün dünyaya nümayiş etdirir. Qələbəmizdən ötən müddət ərzində onlarla mülki vətəndaşın minaya düşərək həlak olması və yaralanması ərazilərimizn bərpası və inkişafı prosesində ilk növbədə minaların təmizlənməsini ön plana çəkir. Bu məqsədlə daxili imkanlardan istifadə edilməklə bütün potensiallar səfərbər olunub. Sürətlə aparılan bu işlərə Türkiyə və Rusiyadan da mütəxəssislərin cəlb olunması nəticəsində ərazilərin bir hissəsi minalardan təmizlənmişdir.
Azad edilmiş ərazilərin bərpası ilə bağlı layihələrin həyata keçirilməsi üçün ilk növbədə infrastruktur işlərinin görülməsinə başlanılmış və bu günədək yolların çəkilişi və enerji təminatı ilə bağlı məsələlər sürətlə öz həllini tapmışdır. Şuşa şəhərini azad etməklə beynəlxalq ictimaiyyəti heyrətləndirən Azərbaycan qısa müddətdə Şuşaya yolun çəkilişi və tam elektrik enerjisi ilə təchizatı ilə bir daha təəccübləndirməyi bacarmışdır. Ümumiyyətlə, bölgənin kompleks inkişafı, həyata keçiriləcək layihələrin səmərəliliyinin yüksəldilməsi yol infrastrukturu ilə sıx bağlıdır. Yolların çəkilişi layihələrin icrası üçün yüklərin daşınmasına rahatlıq gətirəcək. Artıq tikintisinə başlanan Füzuli Beynəlxalq Hava Limanı və yaxın gələcəkdə Zəngilan və Laçın rayonları ərazisində digər 2 hava limanının inşası görüləcək işlərin sürətlə həyata keçirilməsinə imkanlar yaradacaq.
Azad edilmiş ərazilərin bərpası bir daha Azərbaycanın sülhsevər, qurub yaradan xalq olduğunu sübut edir. Həmin ərazilərdə rəsmi İrəvanın 30 il müddətində törətdiyi ağlasığmaz vəhşiliklər isə ermənilərin faşist ideyalarının nəticəsidir. Vətən müharibəsində biz torpaqlarımızı azad etməklə yanaşı bəşəriyyətin məhvinə yönəldilmiş erməni faşizmi və erməni terrorunu məhv elədik. Bundan sonra görüləcək işlər, atılan addımlar ilk növbədə tarixi ədalətin bərpasıdır. Vətən müharibəsində tarix yazan Azərbaycan abadlıq-quruculuq işləri ilə regionun inkişafına və bölgədə sülhün qorunmasına yönəldilmiş siyasəti ilə dünyanı heyrətləndirməkdə davam edir.
İlqam Əskərov
YAP Pirallahı rayon təşkilatının Aparat rəhbəri
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB