Dövlət ötən il 5 610 ailəyə ev verib

2020-ci ildə dövlət hesabına 5 610 ailə yaşayış sahəsi ilə təmin edilib. SİA rəsmi məlumatlara istinadən xəbər verir ki, evlə təmin edilənlərin 3 936-sı məcburi köçkün, 996-sı Azərbaycanın ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi olan şəxslər, 571-i Azərbaycan ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan şəxslərin ailələri, 21-i gənc ailə, 15-i çoxuşaqlı ailə, 12-si 1990-cı ilin 20 yanvar hadisələrində həlak olanların ailələri və zərər çəkənlər, 7-si həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılan hərbi qulluqçular, 3-ü əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud uşaqların ailələr, 1-i Çernobıl AES-də qəzanın ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşlar, 48-i digər şəxslərdir.

Məcburi köçkünlərə verilən mənzillərin 1 336 ədədi Bakının Qaradağ rayonunda, 685 ədədi Şirvan şəhərində, 645 ədədi Ağcəbədi rayonunda, 564 ədədi Kürdəmir rayonunda, 496 ədədi Ucar rayonunda, 130 ədədi Göygöl rayonunda, 80 ədədi Göyçay rayonunda yerləşir.

Ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil və şəhid olanlara verilən mənzillərin 364-ü Bakı şəhərində, 168-i Gəncə şəhərində inşa edilib.

Çoxuşaqlı ailələrə verilən mənzillərin 14-ü İmişli rayonunda, 1-i Hacıqabul rayonunda ayrılıb. Gənc ailələrə verilən mənzillərin 20 ədədi İmişli rayonunda tikilib. Ümumilikdə, dövlətin hesabına mənzil alan ailələrin üzvlərinin sayı 21 173 nəfərdir.

Onu da qeyd edək ki, ötən il dövlət 5 610 ailəyə əvəzsiz mənzil verməklə bərabər 898 mənzili güzəştli şərtlərlə satıb. Güzəştli şərtlərlə satılan mənzillərin 655-i Suraxanı rayonunda, 243-ü Yasamal rayonunda yerləşir.

Bütün xəbərlər Facebook səhifəmizdə