Baş redaktor: “Diffamasiya haqqında” qanun jurnalistlərin yüksək məsuliyyəti çərçivəsində peşəkarlığa cəlb etmək məqsədi daşıyır”-MÜSAHİBƏ

Baş redaktor: “Diffamasiya haqqında” qanun jurnalistlərin yüksək məsuliyyəti çərçivəsində peşəkarlığa cəlb etmək məqsədi daşıyır”-MÜSAHİBƏ

\"Bakı-Xəbər\" qəzetinin baş redaktoru Aydın Quliyevin SİA-ya müsahibəsi:

- Mayın 28-də respublika günü və oktyabrın 18-də dövlət müstəqilliyin yenidən bərpa olunmasının 20 illik yubileyi qeyd olunacaq. Sizcə, Azərbaycanda dövlət müstəqilliyinin yenidən bərpası ölkəmizin inkişafına nələr verdi?

- Bu tarixlərin hər ikisi Azərbaycan üçün çox əzizdir. Mayın 28-də Azərbaycanın müstəqil, demokratik dövlətçiliynin ilk dəfə tarixdə əsası qoyuldu. Bu nöqteyi-nəzərdən bizim üçün qiymətlidir. Həm də bizim yaratdığımız müstəqil dövlətçilik Şərqdə ilk nümunədir. İlk nümunə olmasına baxmayaraq qısa müddət ərzində o qədər böyük işlər görüldü. Sonradan Azərbaycan Cümhuriyyəti klassik demokratik cəmiyyətdə Avropa dövlətləri üçün örnək ola bildi. Amma sonradan ortada müəyyən işğal faktoru oldu. 1920-ci ildə aprelin 28-də işğal olunan Azərbaycan dövləti 1991-ci ildə yenidən öz müstəqilliyini bərpa etdi. Bu tarixlərin hər ikisi Azərbaycan üçün doğma və müqəddəsdir. Hər bir Azərbaycan vətəndaşı bu tarixlərin bir-biri ilə bağlılığına lazımi önəm verməyi bacarmalıdır. Bu tarixləri bir-birindən ayırmaq istəyənlər əslində Azərbaycan dövlətçiliyindəki ənənəni inkar edənlərdir.

- Sizin fikrinizcə, ölkədə uzun müddətdir müzakirə olunan "Diffamasiya haqqında" qanunun qəbul edilməsinə ehtiyac varmı?

- Mən lap əvvəldən "Diffamasiya haqqında" qanununun qəbul edilməsinin tərəfdarıyam. Bəziləri belə hesab edirlər ki, bu qanun qəbul edilsə, ölkədə mətbuat nəzarətdən çıxacaq, jurnalistlər etik qayda-qanunları tanımayacaq. Əvvəlcədən belə ehtiyatlanmalar var idi. Amma mən xatırlayıram ki, 1996-cı ildə ümummilli lider Heydər Əliyev senzuranı ləğv etmək istəyəndə eynilə belə qorxular mövcud idi. Amma gördük ki, senzuranın ləğv olunması nəinki jurnalistlərdə özbaşınalıq yaratmadı, əksinə Azərbaycan jurnalistlərində peşələrinə uyğun olaraq özünə məsuliyyət vəzifəsini, nəzarət hissini formalaşdırdı. Doğrudan da nəticədə qorxulu heç nə baş vermədi. Hesab edirəm ki, indi də "Diffamasiya haqqında" qanununun qəbul edilməsi yüksək tərəfdən özünü göstərəcək. Nə yaxşı ki, uzun müzakirələrdən sonra bunun əleyhdarı olanlar, həmçinin, bundan ehtiyatlananlar da sonra vahid bir mövqeyə gələ bildilər ki, "Diffamasiya haqqında" qanun qəbul olunmalıdır. Mənim fikrimcə, bu qanun jurnalistlərin məsuliyyətdən azad olması yox, əksinə onların öz sənəti üzərində daha da məsuliyyətli olmağa cəlb olunması baxımından öz müsbət təsirini göstərəcək. Əlbəttə, ilkin mərhələdə qanunun verdiyi imkanlardan sui-istifadə etmək istəyənlər ola bilər. Amma çox qısa müddətdə hər şey öz yerini tapacaq ki, bu qanun jurnalistlərə qeyri-adi sərbəstlik vermək üçün deyil, onların yüksək məsuliyyəti çərçivəsində peşəkarlığa dəvət və cəlb etmək məqsədi daşıyır.

- Necə düşünürsünüz, jurnalistlərə evlər hansı şərtlər çərçivəsində verilməlidir?

- Mənin üçün ən önəmli odur ki, ölkədə jurnalistlərin sosial problemlərinin həll olunması istiqamətində dövlət başçısı səviyyəsində bir qərar verildi. Hər halda bu mənzilləri bizim həmkarlar alacaq. Onların içərisində baş redaktorların olub-olmayacağı ilə bağlı bir söz deyə bilmərəm. Bütün hallarda bu evlər ölkədə çox sevdiyim jurnalist həmkarlarımdan kimlərəsə qismət olacaq. Mənim üçün ən önəmli olanı budur. Hansı prinsiplər əsasında bu mənzillər paylansa da sonda yenə də bunlar jurnalistlərə çatacaq. Mən onun tərəfdarıyam ki, ev ehtiyacında olan jurnalistlər özləri bu işlə məşğul olan dövlət orqanlarına lazımi sənədləri təqdim etsinlər. Dövlət orqanları özləri də bu məsələdə daha çox obyektiv olmağa çalışacaq və mənzilləri layiq olanlara verəcək. Amma düşünürəm ki, redaktorlar bu işə qarışmasa daha yaxşı olar. Jurnalistlər özləri dövlət orqanlarına müraciət edərək evləri əldə etsələr daha məqsədəuyğun olar.

Bütün xəbərlər Facebook səhifəmizdə