"Bu qidalar lazımi kalori ehtiyacını ödəyir, susuzluğu yatırır" MÜSAHİBƏ

"Bu qidalar lazımi kalori ehtiyacını ödəyir, susuzluğu yatırır" MÜSAHİBƏ

SİA sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynovanın müsahibəsini təqdim edir:

- Ramazan ayında necə qidalanmalıyıq?

- Hal-hazırda bilirik ki, pandemiya dönəmidir. İnsanlara ən çox maraqlı olan suallar “koronovirusa yoluxmuşam oruc tuta bilərəm mi?” və yaxud “bu mənim immunitet sistemimi aşağı sala bilər mi?”. Əgər düzgün şəkildə oruc tutulursa və oruc tutulan zaman qidalanmada doğru qidalardan istifadə olunursa, bu əksinə orqanizmi sağlamlaşdıracaq və immunitet sistemini gücləndirəcək. Burada əsas diqqət edəcəyimiz məqamlar nələrdir? İlk olaraq, sahur vaxtında mütləq düzgün qidalar qəbul etməliyik. Bu rasiona daha çox zülal tərkibli və faydalı karbohidratlarla olan qidalar aiddir. Bu qidalardan biri də yumurtadır. Yumurtanı rasiondan əskik etməsinlər. Yumurta həmçinin uzun müddət doyumlu saxlayır. Yaxşı olar ki, yumurtanı soyutma şəklində qəbul etsinlər. Yumurtanın sarısından da biz təbii şəkildə D vitamini ala bilərik. Süd məhsullarından istifadə edə bilərlər. Mütləq şəkildə tərəvəzi və meyvəni əskik etməsinlər və maye miqdarını düzgün qəbul etsinlər. İftar vaxtında isə bir çox insanlar baş ağrısından əziyyət çəkirlər. Elə bilirlər ki, aclıqdandır. Amma bu heç də aclıqdan qaynaqlanmır. Bu yemək vaxtında doğru miqdarda mayeni almamaqdan qaynaqlanır. Çünki bilirik ki, orqanizmdə gedən proseslərin hamısı maye hesabına gedir. Ona görə də iftarda şorbalara üstünlük verilməlidir. Şorbalar olmadığı müddətdə meyvə, tərəvəz salatına üstünlük versinlər. Yaxşı olardı ki, mayonezli salatlardan, çox ərzaqlı salatlardan uzaq olsunlar.

- Oruc tutanlar hansı qidaları rasiondan tamamilə çıxartmalıdırlar?

- Çox qızardılmış, yağlı, duzlu, faydalı hesab etmədiyimiz qidalardan uzaq durmalıdırlar. Çünki oruc tutan zaman orqanizmdə bioloji olaraq da təmizlənmə gedir və onun yerini biz zərərli qidalarla dolduranda artıq onun bir faydası olmur. Ona görə də, mütləq bu qidaları uzaq etmək lazımdır. Unlu şirniyyatlardan uzaq durmaq lazımdır. Əgər şirniyyat istehlak etmək istəyiriksə, südlü və yüngül şəkildə hazırlanan şirniyyatları və ya quru meyvələri istehlak edə bilərik.

- Hansı qidalar gün ərzində lazımi kalori ehtiyacını ödəyir, susuzluğu yatırır?

- Qazlı və rəngli içkilərdən uzaq durmaq lazımdır. Həddindən artıq çay istehlak etməsinlər. İmsak və iftarda 1 stəkan çay içərək kifayətsinlər. Qalan mayeni isə bitki və meyvə çayları ilə, ayran və ya su ilə əvəz edə bilərlər. Bəzən elə olur ki, suyu çox içə bilməyəndə onun tərkibinə meyvələri çiy şəklində doğruyub əlavə edə bilərlər. Bununla yanaşı, limon və nanə də əlavə edə bilərlər bu çox faydalıdır.

- Kimlər oruc tuta bilməz?

- Buyrulub ki, əgər hamilədirsə, süd verən anadırsa tutmasa daha yaxşıdır. Çünki bilirik ki, hamilə qadın mütəmadi olaraq, qidalanmalıdır və bu körpəsinə də zərərlidir. Bundan başqa bir çox xəstəliklər var ki, insanlar bu xəstəliklərə görə, müxtəlif saatlarda dərman qəbul etməlidirlər. Ona görə də saatla dərman qəbul edən xəstələrin oruc tutması məsləhət deyil. Şəkər xəstələri üçün oruc tutmaq məsləhət deyil. Ancaq bir çox hallarda şəkər xəstəliyinin ilkin mərhələləri olur ki, insulindən və yaxud hər hans bir dərmandan istifadə eləmir bu zaman oruc tuta bilər. Daha sonra qaraciyərdə serroz varsa, əgər qaraciyərdə təhlükəli xəstəliklər varsa, həmin xəstələrin oruc tutması məsləhət görülmür. Qaraciyər yağlanması olan xəstələrə oruc tutmaq daha faydalıdır. Hətta oruc tutmaq qaraciyərdə yağlanmanı azalda bilər.

- Gün ərzində toxluq hissi yaşamaq və bədənin gücdən düşməməsi üçün hansı qidaların qəbulu vacibdir?

- Mütləq şəkildə doyumluluğu biz zülallardan, karbohidratlardan və təbii qidalardan alırıq. Mümkün qədər təbii qidalara üstünlük verməliyik. Əsasan yaxşı olardı ki, insanlar evdə qidalansınlar. Çünki əksər hallarda restoranlarda iftar açanlar daha çox ayaqüstü qidalarla açırlar. Bu təbii ki, orqanizmə zərər vurmaqla yanaşı, qanda şəkərə çevrilir və tez bir zamanda enerji düşür. Ona görə də bu qidalardan uzaq durmalıdırlar. Normal şəkildə evdə hazırlanan ev yeməklərini istehlak etsələr, gün ərzində həm toxluq olur, həm də düzgün maye balansını təmin etdikdə susuzluq olmur.

- Ramazanda suyun istehlakı necə olmalıdır?

- Ümumiyyətlə iftarla imsak arasına iki yemək yerləşdirilməlidir. Bu müddət arasında 8 stəkan maye qəbulu mütləqdir.

- Uzun sürən aclıqdan sonra boş mədəni yükləməmək üçün iftarımızı hansı qaydada açsaq daha sağlam qala bilərik?

- Mütləq şəkildə hər qida qəbulundan sonra gözləmək lazımdır. İlk olaraq bildiyimiz kimi, su ilə açdıqdan sonra 5 dəqiqə gözləmək lazımdır. Ondan sonra artıq yavaş-yavaş şorbanı və yaxud salatı qəbul ediriksə, ana yeməyə qədər 15-20 dəqiqə gözləmək lazımdır. 15-20 dəqiqədən sonra ana yeməyi qəbul edirik. Şirniyyatı isə ana yeməyi qəbul etdikdən 1 saat sonra istehlak etməliyik.

Arzu Elsevərqızı

Bütün xəbərlər Facebook səhifəmizdə