"Ehtiyatda və İstefada olan Zabitlər" İctimai Birliyi "İtkin düşmüş şəxslərin ailələrinin hüquqlarının müdafiəsinə dəstək" layihəsi çərçivəsində itkin düşmüş hərbi qulluqçuların ailə üzvləri ilə görüş keçirilib. SİA-nın xəbərinə görə, "İtkin düşmüş şəxslərin ailə üzvlərinin qarşılaşdığı sosial problemlər" mövzusunda keçirilən tədbirdə birliyin sədri Yaşar Cəfərli bildirib ki, həyata keçirilən bu layihə birmənalı olaraq dövlət orqanları tərəfindən dəstəklənir. Onun sözlərinə görə, amma maraqlısı burasındadır ki, itkin düşmüş hərbi qulluqçuların ailə üzvləri ən çox da elə dövlət qurumlarında çətinlik və problemlərlə üzləşirlər.
Onun fikrincə, Ermənistanın Azərbaycana qarşı apardığı müharibə zamanı itkin düşən azərbaycanlıların ailə üzvləri qarşılaşdıqları problemlərlə əlaqədar öncə yerli icra strukturlarına rəsmi müraciət etməli, sonra isə məsələyə dair narazılıqlarını dövlət başçısına məktub vasitəsilə çatdırmalıdırlar. Y.Cəfərli bu cür ailələrin qarşılaşdığı və həlli tapılmalı olan problemləri sırasında tibbi müayinə və müalicə, məcburi tibbi sığorta, layiqli yaşayış sahəsi və bağ sahəsi ilə təmin olunma, o cümlədən, itkin düşmüş ailə üzvünə görə sığortanın ödənilməsi, şəhid adlarının əbədiləşdirilməsi, itkin düşmüş şəxslərə xatirə kompleksinin qoyulması, onların ailə üzvlərinin psixoloji reabilitasıyası və digərlərini sadalayıb. Ən əsas və ağrılı problem isə itkinlərin axtarışı məsələsində hələ də ciddi nəticələrin olmamasıdır.
Tədbirdə çıxış edən itkin düşmüş şəxslərin ailə üzvləri dövlət orqanlarının onlara qarşı münasibətindən narazılıqlarını bildirdilər. Sosial problemlərinin həllində bir sıra qurumlara müraciət etsələr də əliboş geri dönməli olublar. "Biz şəhərin gözəlləşməsinin əleyhinə deyilik. Amma 3-4 min manatlıq palma əkməkdənsə, əvvəlcə şəhid ailələrinin problemləri həll edilməlidir",-deyən Nərminə Zeynalovanın sözlərinə görə, müraciət etdikləri icra strukturlarının nümayəndələri hər dəfə bir bəhanə ilə yaxalarını kənara çəkirlər.
"İtkin Düşmüş Şəxslərin Ailələrinə Sosial Dəstək" İctimai Birliyin sədri Bətulə Cabbarova deyib ki, itkin düşmüş şəxslərin ailə üzvlərinin yalnız özlərinin fəal iştirakı və dəstəyi sayəsində bu problemlərin həllinə nail olmaq olar. Əks təqdirdə hökumət orqanları məsələyə laqeyd yanaşmaqda davam edəcəklər. Onun sözlərinə görə, təmsil etdiyi quruma layihə müddətində 62 itkin ailəsindən müraciət daxil olub, onun 29-nun sənədləri tam qaydasında olduğundan Dövlət Sığorta Şirkətinə təqdim olunması üçün hazırlanıb. Tədbirdə layihənin hüquqşünası Telman Əbilov itkin düşmüş şəxslərin ailə üzvlərinə onların hüquqları və qanunla müəyyən olunmuş güzəştlər barəsində məlumat verdi.
Xatırladaq ki, problemin həllinin vacibliyini nəzərə alan Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası 2011-ci ildə təqdim edilən "İtkin düşmüş şəxslərin ailələrinin hüquqlarının müdafiəsinə dəstək" adlı layihənin həyata keçirilməsi üçün maliyyə vəsaiti ayırıb. 6 ay müddətinə Bakı şəhəri ərazisində həyata keçiriləcək layihə çərçivəsində bu istiqamətdə bir sıra problemlərin, o cümlədən qanuna müvafiq qaydada ölmüş elan olunmuş hərbçilərin ailələrinə ödənilməli olan sığorta pulunun indiyədək ödənilməməsinin səbəb və nəticələri araşdırılacaq. Araşdırmaların nəticələri ictimaiyyətə və ölkə rəhbərliyinə çatdırılacaq. Aşkar edilən qanun pozuntularının, sosial ədalətsizliklərin və digər neqativ halların aradan qaldırılması üçün mövcud imkanlardan istifadə ediləcək.
Adıçəkilən layihənin effektivliyinin artırılması, qarşıya qoyulan məqsədlərə nail olunması üçün təşkilat müvafiq dövlət qurumları ilə əməkdaşlıqda maraqlıdır. Qeyd edək ki, tədbirdə iştirakla bağlı Nazirlər Kabinetinə, Müdafiə Nazirliyinə, Maliyyə Nazirliyinə, Dövlət Sığorta Şirkətinə, Ombudsman Aparatına rəsmi dəvət məktubu göndərilsə də adıçəkilən qurumların heç birinin nümayəndəsi görüşdə iştirak etmirdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB