28 May Respublika günü ilə bağlı milli təhlükəsizlik orqanlarının veteranlarının iştirakı ilə tədbir keçirilib - FOTO
Milli təhlükəsizlik orqanlarının əməkdaşları və veteranları Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 93-cü ildönümü ərəfəsində Azərbaycanın Milli Qəhrəmanı Faiq Rəfiyevin adını daşıyan Qaradağ rayonundakı 166 saylı orta məktəbin müəllim və şagirdlərinin görüşünə gəliblər. Milli Təhlükəsizlik Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, tədbirdə Qaradağ rayon icra hakimiyyətinin və ictimaiyyətin nümayəndələri də iştirak ediblər. Əvvəlcə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban verən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş və dövlət himni səsləndirilib.
Bu cür tədbirlərin keçirilməsinin yeniyetmə və gənclərimizin vətənpərvərlik ruhunda tərbiyəsində çox böyük önəm daşıdığını qeyd edən məktəbin müəllimi İlhamə Mehdiyeva, 28 May Respublika Gününün əhəmiyyəti və Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının dövlətçilik tariximizdə rolu haqqında çıxış edib.
Sonra Milli Təhlükəsizlik Nazirliyinin Qaradağ rayon idarəsinin rəisi Fariz Göyüşov Azərbaycanın müstəqilliyinin qorunub saxlanılmasında ümummilli lider Heydər Əliyevin misilsiz xidmətlərindən, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə dövlətimizin təhlükəsizliyinin təmin olunmasında milli təhlükəsizlik orqanlarının fəaliyyəti barədə danışıb.
Təhlükəsizlik orqanlarının veteranları çıxışlarında dövlətimizin gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsinə, onlara milli-mənəvi dəyərlərimizə hörmət və qayğı hissinin aşılanması işinə daim xüsusi diqqət verdiyini qeyd ediblər. Müstəqilliyimizin və dövlətçiliyimizin möhkəmləndirilməsi siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini bildirən veteranlar, bu yolda gənc nəslin üzərinə böyük məsuliyyət düşdüyünü vurğulayıblar. Onların vətənin müstəqilliyi və qüdrətlənməsi üçün bu gün şagird olaraq üzərlərinə düşən vəzifələrə məsuliyyətlə yanaşmalarının vacibliyini qeyd ediblər. Bildirilib ki, hər birimiz müstəqil Azərbaycanın xoşbəxt gələcəyi uğrunda öz bilik və bacarığımızı əsirgəməməli, ərazi bütövlüyümüzün bərpası naminə mübarizəyə daim hazır olmalıyıq.
Sonda məktəblilərin ifasında vətəni, dövləti, müstəqilliyimizi tərənnüm edən şeirlər səslənmiş, oxunan mahnılar, ifa edilən rəqslər tədbir iştirakçılarında xoş ovqat yaradıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB