Sevil Yusifova: \"Bugünkü tələbə uyğun olaraq \"Diffamasiya haqqında qanun\"un qəbul edilməsi vacibdir”- MÜNASİBƏT

Sevil Yusifova: \"Bugünkü tələbə uyğun olaraq \"Diffamasiya haqqında qanun\"un qəbul edilməsi vacibdir”- MÜNASİBƏT
"Ölkəmizdə Diffamasiya haqqında qanunun qəbuluna ehtiyac var". Bu sözləri SİA-ya Jurnalist Qadınlar Assosiasiyasının (JQA) prezidenti Sevil Yusifova açıqlamasında deyib.

Artıq bir neçə ildir ki, qanun üzərində müzakirələr aparıldığını, ekspertlərin cəlb olunduğunu, peşəkarlar tərəfindən baxıldığını deyən JQA prezidenti bildirib ki, parlamentin, hökümətin, media mənsublarının əsas məqsədi o idi ki, qanun çiy halda təqdim olunmasın: "Artıq bu hallar, mərhələlər keçdi və mən düşünürəm ki, layihə mükəmməlləşdiyi üçün biz onun qəbulu məsələsinə baxa bilərik. Bu günkü tələbə görə \"Diffamasiya haqqında qanun\"un qəbul edilməsi vacibdir".

S. Yusifova qeyd edib ki, qanun qəbul olunduqdan sonra media orqanlarının daxili senzurası olacaq. Onun sözlərinə görə, hər bir yazan şəxs özünü təhdid edənin yerinə qoyar və təhdid etdiyi şəxsin keçirdiyi hissləri duyarsa, o zaman iftiraçı yazılar yazılmaz: "Layihə qəbul olunduqdan sonra bu gün olduğu kimi bundan sonra da bu cür məsələlərə Azərbaycanda medianın əsas yükü çiyinlərində olan ciddi təşkilatlar ciddi yanaşacaqalar. Düzdür, diletant olacaq, lakin onların qanun qarşısında cavab vermələri var ki, həmin media orqanları bu cavabdan qaça bilməyəcəklər".

JQA rəhbərinin fikrincə, nəyəsə qadağa qoyduqda orada qanun pozuntuları çox olur, azadlıqda isə insanlar özü-özünü tənzimləyir, daxili senzuranı tətbiq edir: "Artıq qanun var. Diffamasiya haqqında qanun qəbul olunduqda insanın şəxsiyyətindən, şəxsi məsələlərindən şantaj kimi istifadə edənlər tamamilə aradan çıxacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə