Hacıqabul rayonunda həyata keçirdiyimiz işlərin nəticələrini görürük Prezident İlham Əliyev

Hacıqabul rayonunda həyata keçirdiyimiz işlərin nəticələrini görürük. SİA-nın məlumatına görə, bunu aprelin 20-də Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsində deyib.

Dövlət başçısı bildirib:

"Vaxtilə qəbul olunmuş regionların sosial-iqtisadi inkişafı proqramı uğurla icra edilir. Bu proqram çərçivəsində, o cümlədən Hacıqabul rayonunda böyük işlər görülmüşdür. Bütün ölkə üzrə böyük işlər görülmüşdür. Hacıqabulda bu işlər artıq son mərhələdədir. İnfrastruktur layihələrinə gəldikdə, deyə bilərəm ki, Hacıqabulda qazlaşdırmanın səviyyəsi yüz faizə çatıbdır. Rayon tam qazlaşdırılıb. Elektrik enerjisi ilə təchizat xeyli yaxşılaşıb və bu gün artıq yeni yarımstansiyanın açılışı da bunu göstərir. Çünki tələbat artıb. İçməli su layihəsi hələ 2013-cü ildə icra edilmişdir və Hacıqabul şəhəri içməli su ilə təmin olundu. Kənd yollarının çəkilişinə gəldikdə isə, bu yolların 75 faizi yenidən çəkilib. Eyni zamanda, rayonda bir çox sosial layihələr icra edilmişdir. Xəstəxana, mədəniyyət obyektləri, 22 məktəb tikilib və əsaslı şəkildə təmir edilib. Yəni, bütün bunlar insanlar üçün gözəl şərait yaradır. İnsanların yaşayış səviyyəsi yaxşılaşıb. Biznes üçün şərait yaxşılaşıb. Bütövlükdə bu gün açılışında iştirak etdiyim obyektlər rayonun gələcək iqtisadi potensialını böyük dərəcədə gücləndirəcəkdir".

Bütün xəbərlər Facebook səhifəmizdə