Müasir infrastrukturun qurulması Bakının simasını daha da gözəlləşdirir ŞƏRH

Dövlət başçısının Sərəncamı ilə Nizami adına mədəniyyət və istirahət parkında abadlıq işlərinin həyata keçirilməsi üçün dövlət büdcəsindən 5,0 (beş) milyon manat ayrılıb

Bu gün ölkəmizin hər bir yerində abadlıq-quruculuq işləri geniş vüsət alıb. Dinamik inkişaf, infrastrukturun yeniləndirilməsi, geniş vüsət almış tikinti-quruculuq və abadlıq işləri regionlarla yanaşı, paytaxt Bakıda da uğurla davam etdirilir. Prezident İlham Əliyevin tapşırıq və göstərişlərinə uyğun olaraq, Bakıda həyata keçirilən abadlıq-quruculuq işlərinin miqyası da genişlənib. Bu işlər paytaxt sakinlərinin istirahəti üçün ən müasir parkların və yeni-yeni yaşıllıq zolaqlarının salınması, paytaxtın qədim tarixi memarlıq nümunələrinin bərpası, müasir binaların tikilib istifadəyə verilməsi ilə diqqəti cəlb edir. Görülən işlər Bakını dünyanın ən gözəl şəhərlərindən birinə çevirib. Yeni park, istirahət məkanı və guşələrinin yaradılması, əhaliyə xidmət göstərən müasir infrastrukturun qurulması Bakının simasının daha da gözəlləşməsi baxımından mühüm rol oynayır.Bu günlərdə Azərbaycan Prezidenti İlham Əliyevin "Bakı şəhərinin Xətai rayonu ərazisində yerləşən Nizami adına mədəniyyət və istirahət parkında abadlıq işlərinin həyata keçirilməsi ilə əlaqədar tədbirlər haqqında" Sərəncamı görülən işlərin davamıdır. Sərəncama əsasən, 2021-ci il "Nizami Gəncəvi İli" çərçivəsində Azərbaycanın dahi şairinin həyat və yaradıcılığına hörmət rəmzi olaraq, Bakı şəhərinin Xətai rayonu ərazisində yerləşən Nizami adına mədəniyyət və istirahət parkında abadlıq işlərinin həyata keçirilməsi məqsədilə 2021-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Bakı Şəhər İcra Hakimiyyətinə ilkin olaraq 5,0 (beş) milyon manat ayrılıb.Son illərdə Prezident İlham Əliyevin göstərişinə əsasən, Bakı şəhərində abadlaşdırma işlərinə başlanılıb. Belə ki, şəhərimizdəki Təzəpir Məscidinin qarşısındakı yeni bağın və Füzuli küçəsi boyunca salınan Mərkəzi Parkın istifadəyə verilməsi Prezident İlham Əliyevin birbaşa göstərişinə uyğun olaraq baş tutdu. "Sovetski" adlanan ərazidə abadlıq və yenidənqurma işləri aparıldı və ərazi orijinal layihə əsasında yüksək səviyyədə abadlaşdırılaraq, burada müasir tələblərə uyğun yeni istirahət parkı salındı. Görülən işlər çərçivəsində parkın ərazisində, ümumilikdə, 9 fəvvarə tikilib. İstirahət parkında müasir işıqlandırma sistemi və infrastrukturun bir mərkəzdən idarə olunması üçün təhlükəsizlik kameraları quraşdırılıb. Burada 2100-dən çox 19 növ ağac və 137 mindən artıq gül və kol bitkiləri əkilib.

Paytaxt Bakı inkişafının yeni dövrünü yaşayır və şəhərimizin gözəlliyinə yeni gözəlliklər qatılır. Yeni salınan parklar Bakının simasının daha da gözəlləşməsi baxımından, mühüm rol oynayır. Prezident İlham Əliyev bildirdiyi kimi, parklar şəhərimizin hər bir yerində salınır, o cümlədən, qəsəbələrdə: "Hesab edirəm ki, Bakı parkların sayına görə dünyada lider şəhərlərdən biridir". Bakıdakı Dənizkənarı Milli Park Bakı şəhərinin ən maraqlı və spesifik təbii şəraitə malik yerlərindəndir. Bu gün Milli Parkımız ərazisinin böyüklüyünə görə, Parisdə Sena çayı sahilindəki parkdan sonra Avropada ikinci yerdədir.Paytaxt sakinlərinin istirahəti üçün ən müasir parkların və yeni-yeni yaşıllıq zolaqlarının salınması davam edir. Yeni salınan parklar Bakının simasının daha da gözəlləşməsi baxımından mühüm rol oynayır. Bakının Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində əsaslı şəkildə yenidən qurulan "Neftçilər" parkında yenidənqurma işləri aprarılıb. Bakının digər qəsəbələrində də - Bibiheybət, Novxanı, Əmircan, Ramana qəsəbələrində də bu proses davam edir. Artıq dövlət başçısının tapşırığına əsasən, Pirşağıda da abadlıq-quruculuq işlərinə başlanılıb. Qəsəbədə abadlıq işləri həm mövcud binalar üzərində, həm də açıq məkanlarda aparılacaq. Mərkəzi hissədə məscidin qarşısında Şərq bağçılıq ənənələrinə uyğun parkın salınması nəzərdə tutulur. Ənənəvi "Çar-bağ" prinsipi ilə salınacaq parkın mərkəzində su hövzəsi yerləşdirilib və ondan dörd istiqamətdə yollar ayrılır. Həyata keçirilən tədbirlərin əsas məqsədi insanların daha yaxşı şəraitdə yaşaması, özlərini daha rahat hiss etmələridir.

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə