İntiharların kökündə dayanan əsas səbəb... - ŞƏRH ÖZƏL

"Dünən, daha bir gənc həyatına son qoydu. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının dördüncü kurs tələbəsi, 2001-ci il təvəllüdlü Paşa Mehdiyev intihar etdi. Martın 29-da isə Sumqayıt Dövlət Universitetinin nümunəvi tələbələrindən olmuş, 18 yaşlı Könül Misirli​ intihar etmişdi. Çox ağırdır belə xəbərləri oxumaq... Həqiqətən də çox ağrılı və üzücüdür... Bəs həyatının ən gözəl çağında ölümü seçən, həyatla vidalaşmağı çıxış yolu kimi görən 18-20 yaşlı gənclərimizi intihara aparan səbəblər nədir?". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Jalə Əhmədova deyib.

Deputatın sözlərinə görə, intiharlar ailədaxili təzyiq, münaqişə, valideynlərin diqqətsizliyi və laqeydliyi, şəxsi həyatda baş vermiş hadisələr, psixoloji problemlər və s. müxtəlif səbəblərdən baş verə bilər: "Düşünürəm ki, valideynlər övladlarını lap kiçik vaxtlarından diqqət, qayğı və ən əsası da sevgi ilə əhatə etməlidir. Xüsusi ilə özünə qapanan uşaqlara daha çox sevgi göstərməli, onlara qarşı daha həssas davranmalıdırlar. Məsələn, ailədə ikinci uşağın dünyaya gəlməsi valideynlərə haqq vermir ki, birincini diqqətdən kənar qoysunlar və bütün sevgilərini ikinci uşağa yönəltsinlər. Məhz valideynlərin bu səhvləri azyaşlı uşaqlarda özünü büruzə verir, onlarda özünə qapanma və istər-istəməz özündən kiçik bacı-qardaşına qarşı nifrət yaranır, daha aqressiv olurlar və s. Hələ kiçik yaşlarından sevilmədiyini düşünən uşaqlar böyüdükcə bunu daha çox "dərk" edir və valideynlərini cəzalandırmaq​ üçün intihara əl atırlar... Cəmiyyətimizin hələ də psixoloji yardım almağa, psixoloqlara müraciət etməyə hazır olmadığını xüsusi qeyd etmək istəyirəm. Çünki psixoloji problem yaşayan insanlar bəzən psixiatr və psixoloqları səhv salır, psixoloji yardım almaqdan çəkinirlər. Və nəticədə də intiharlar baş verir. Ən ağrılısı isə odur ki, ailələrdə valideynlər övladlarının psixoloji durumunu başa düşmür və ya anlamaq istəmirlər".

J.Əhmədova vurğulayıb ki, valideynlər övladlarına qarşı daha çox diqqət ayırsaydı, bu cür hadisələr də baş verməzdi: "Çünki sonra artıq çox gec olur. Valideynlər uşaqlara qarşı diqqətli olmalı, uşağın psixologiyasında bir problem hiss etdiyində tədbir görməli, dərhal mütəxəssisə, psixoloqa, həkimə müraciət etməlidir. Gənclərimiz də bilmədir ki, onların intihar etməsi ailələrinə bir ömür boyu çəkilməsi mümkün olmayan dərddir. Ailə kiçik bir dövlətdir. Hər bir dövlətin rəhbəri, qanunları olduğu kimi, hər bir ailənin də öz rəhbəri, öz qayda-qanunları olur. Azərbaycan ailəsində rəhbərlik funksiyası ailənin başçısı – ata tərəfindən, ata olmazsa ana tərəfindən həyata keçirilir. Azərbaycan ailəsində böyük-kiçik anlayışı var. Təbii olaraq ailədə ata-ana məsuliyyətinin bərabər bölünməsi ilə yanaşı, uşağın fikrinin nəzərə alınması, onların fikirlərinə hörmətlə yanaşılması vacib məqamdır. Bu həm də uşaqların psixoloji cəhətdən sağlam böyüməsində xüsusi əhəmiyyət daşıyır. Mən, intihar hallarının azalması üçün televiziyalarda maarifləndirici xarakter daşıyan verilişlərin hazırlanmasını, ən əsası isə insanların bir-birinə anlayış nümayiş etdirməsini, yaxınlarını diqqət və qayğı ilə əhatə etməsini tövsiyə edərdim. Çünki ​ intihar edən şəxslərin insani münasibətlərə daha çox ehtiyacı olur".

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə