Gənclərə sağlam həyat tərzini aşılamaq məqsədilə regionlara avtobus turları təşkil olunub

Gənclərə sağlam həyat tərzini aşılamaq məqsədilə regionlara avtobus turları təşkil olunub

25-26 may tarixində "NUR" Uşaq və Gənclərin İctimai Birliyi, MTV Staying Alive Fondu və Azərbaycan Gənclərinin AİDS-lə Mübarizə Koalisiyası paytaxtdan regionlara avtobus turunu həyata keçirəcək. Bu barədə SİA-ya "NUR" Uşaq və Gənclərin İctimai Birliyinin sədr müavini Fidan Kərimli məlumat verib. "Uşaqların Göy Qurşağı: HİV/AİDS Maarifləndirməsi paytaxtdan regionlara" adlı həmyaşıddan-həmyaşıda təhsil layihəsi çərçivəsində təşkil olunan avtobus turunun başlıca məqsədi gənclərə sağlam həyat tərzini aşılamaq və HİV/AİDS barədə məlumatlılıq səviyyəsini artırmaqdır.

Avtobus turunda 20 nəfər gənc 10 Azərbaycan regionuna səfər edərək öz həmyaşıdlarını sağlam həyat tərzi sürməyə çağıracaqlar. Avtobus turu Bakı-Şamaxı-İsmayılı-Qəbələ-Oğuz-Şəki-Gəncə-Yevlax-Ağdaş-Ucar-Kürdəmir-Bakı marşrutu ilə hərəkət edəcək və hər bir regionda 14-20 yaşlı gənclərlə görüş keçiriləcək.

Qeyd edək ki, "NUR" UGİB HİV/AİDS-in önlənməsi sahəsində fövqəladə xidmətlərinə görə MTV Staying Alive Fondu tərəfindən 2008 və 2009-cu illərdə "STAYING ALIVE AWARD" mükafatı ilə təltif olunub. 2009-cu ildən etibarən MTV Staying Alive Fondunun dəstəyi ilə həyata keçirilən "Uşaqların Göy Qurşağı: HİV/AİDS Maarifləndirməsi paytaxtdan regionlara" adlı həmyaşıddan-həmyaşıda təhsil layihəsi 2012-ci ilə qədər davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə