Paytaxtda yeni marşrut xətti təşkil olunub

Ölkə başçısının şəhərətrafı kənd və qəsəbələrdə yaşayan vətəndaşlara göstərilən sərnişindaşıma xidmətlərində keyfiyyətin artırılması ilə bağlı tapşırığının icrası davam etdirilir. Bu çərçivədə Ramana və Sabunçu qəsəbələrini əlaqələndirən yeni 162 nömrəli qəsəbələrarası müntəzəm marşrut xətti təşkil olunub. Bakı Nəqliyyat Agentliyindən SİA-ya bildirilib ki, yeni marşrut xəttinin təşkili barədə qərar çoxsaylı vətəndaş müraciətləri nəzərə alınmaqla qəbul edilib. Aparılan təhlillərlə Sabunçu dəmir yolu stansiyası – Ramana qəsəbəsi ("Ramana" Yeni Yaşayış Massivi) adlanan ərazidə yaşayan sakinlərin dövlət müəssisələri, məktəb, bağça və digər iaşə obyektlərinə gediş-gəlişində çətinliklərin olduğu müəyyən edilib.

Aprelin 19-dan istismara başlayacaq marşrut xəttinin təşkili sayəsində Ramana qəsəbəsində şəhid ailələri və müharibə əlilləri üçün inşa edilən yeni yaşayış kompleksinin, eləcə də Ramana qəsəbəsi 1-ci sahə və Südçülük sovxozu adlanan ərazidə məskunlaşan vətəndaşların təhsil, tibb və digər ictimai iaşə obyektlərinə gediş-gəlişi əhəmiyyətli dərəcədə yaxşılaşacaq. Marşrut xətti üzrə gedişhaqqı 0.30 AZN müəyyən olunub. Qeyd edək ki, paytaxt ərazisində xüsusən də ətraf kənd və qəsəbələr istiqamətində marşrut şəbəkəsinin optimallaşdırılması, xüsusilə şəhərətrafı ərazilərdə məskunlaşan sakinlərin marşrut tələbatının ödənilməsi istiqamətində işlər bundan sonra da davam etdiriləcək.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...