“Media və cəmiyyət arasında əlaqələrin inkişaf etdirilməsi” mövzusunda konfrans keçirilib-TƏDBİR
Bu gün Səbail rayon İcra Hakimiyyətində "Media və cəmiyyət arasında əlaqələrin inkişaf etdirilməsi" mövzusunda konfrans keçirilib. SİA-nın xəbərinə görə, Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun (KİVDF) və Səbail rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə baş tutub. Konfransda KİVDF-nin icraçı direktoru Vüqar Səfərli, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov, Səbail rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov, 20-dən çox kütləvi informasiya vasitələrinin rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri, rayonun müxtəlif idarə və təşkilatlarında çalışan gənclər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Səbail rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov Azərbaycan Milli Mətbuatının yaranması, onun inkişaf yolu barədə məlumat verib. O, ümummilli lider Heydər Əliyevin mətbuat işçilərinə olan diqqət və qayğısı, mətbuatın inkişafı ilə bağlı görülən işlər, KİV-in və jurnalistlərin müstəqilliyinə təminat verən qanunların qəbul edilməsi, bir çox qəzet redaksiyalarına birdəfəlik maliyyə yardımlarının göstərilməsi, 300-dən çox KİV əməkdaşına prezident təqaüdünün, dövlət mükafatı və fəxri adların verilməsi barədə məlumat verib.
"Azərbaycan Respublikasının bugünki səviyyəyə gətirilməsi üçün ümummilli lider Heydər Əliyev tərəfindən çox qətiyyətli addımlar atılıb. Neft kontraktları və qeyri-neft sektorundan əldə olunan nailiyyətlər onun fədakar zəhmətinin nəticəsində əldə olunub. Bu gün də prezident İlham Əliyevin sayəsində bu siyasət uğurla davam etdirilir. Ölkədə həyata keçirilən bütün işlərin əhaliyə çatdırılmasında mətbuatın üzərinə çox böyük bir iş düşür. Bu gün ölkədə fəaliyyət göstərən mətbuat orqanları bunun öhdəsindən layiqli səviyyədə gəlirlər. Ancaq təəssüflər olsun ki, bugün görülən işlərə qara yaxmağa çalışan insanlar da var. Bəzi KİV-də yanlış materialların verilməsi, böhtan, şər xarakterli addımların atılması bizi bir azərbaycanlı kimi narahat edir. Ancaq əldə olunan nailiyyətləri ölkəyə, bütün dünyaya çatdırmaq istiqamətində çox ciddi addımlar atılır. Bunun da mənbəyi, əsas istiqamətlərindən biri internet vasitəsilə yaymaq və dünya ictimaiyyətinə çatdrmaqdan ibarətdir", - deyə o əlavə edib.
Tədbirin davamında çıxış edən KİVDF-nin icraçı direktoru Vüqar Səfərli konfransın həsr olunduğu mövzunun mühüm əhəmiyyətə malik olduğunu bildirib. O, rəhbərlik etdiyi qurumun fəaliyyəti barədə ətraflı məlumat verib. Daha sonra V.Səfərli tədbirdə iştirak edən media rəhbərlərini tədbir iştirakçılarına təqdim edib.
Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov isə mətbuatın tarixi, keçdiyi yol və gördüyü işlər barədə ətraflı məlumat verib. O bildirib ki, bu gün Azərbaycanda 4500-ə qədər KİV qeydiyyatdan keçib: \"Ölkədə 30-u gündəlik, 50-si həftəlik olmaqla qəzetlər, 20-ə yaxını informasiya agentliyi, 9 ümumrespublika televiziyası, 15 region televiziyası, 11 radio fəaliyyət göstərir. Azərbaycanda son zamanlar internet portalları fəaliyyət göstərir, 500 minə yaxın insan \"facebook\" sosial şəbəkəsinin istifadəçisidir, 200 min insan internetdən müxtəlif məlumatlar əldə edir. Ölkədə mövcud informasiyaların ötürülməsində əhəmiyyətli işlər mətbuat konfranslarının keçirilməsi, press-relizlərin hazırlanması və digər məsələlərdən asılıdır\".
Ə.Amaşov günü-gündən qəzetlərin tirajlarının aşağı düşdüyünü də vurğulayıb. O qeyd edib ki, son illərdə internet jurnalistikasının inkişafı yazılı jurnalistikanın tirajının aşağı düşməsinə səbəb olur. Şura sədri ölkədəki reket jurnalistikası ilə bağlı məsələyə də münasibət bildirib. O vurğulayıb ki, şura daima ölkədə fəaliyyət göstərən reket qəzetlərə qarşı mübarizə aparır.
\"Bu günə kimi 100-ə yaxın reket qəzet Mətbuat Şurasının "Qara siyahı"ya salınıb. Onlar ictimaiyyət üçün deyil, öz mənfəətləri üçün fəaliyyət göstərir. Şuraya daxil olan şikayətlərə gəlincə, deyə bilərəm ki, hər il Mətbuat Şurasına 700-1000-ə qədər şikayətlər daxil olur və bunların da 30%-ə qədəri dövlət qurumlarında çalışan müəllimlər, həkimlər və digər ictimaiyyət nümayəndələri ilə bağlıdır.\".
Daha sonra çıxış edən \"İki sahil\" qəzetinin baş redaktoru, Mətbuat Şurasının Reket Jurnalistikasına qarşı Mübarizə Komissiyasının sədri Vüqar Rəhimzadə bildirib ki, bu gün Azərbaycan mətbuatında söz və mətbuat azadlığının bərpası üçün mühüm addımlar atılıb. Onun sözlərinə görə, 2003-cü ildə Mətbuat Şurasının yaranmasına qədər ölkədə mətbuatın fəaliyyətinə nəzarət edən qurum yox idi. V.Rəhimzadə vurğulayıb ki, bu qurumun yaradılması ilə ölkə mətbuatının inkişafı, nəzarəti istiqamətində mühüm addımlar atılıb: \"Amma təbii ki, ölkədə mətbuatın inkişafına yaradılan şəraitdən sui-istifadə edən bəzi mətbu orqanlar da var. Bəzi insanlar və mətbuat orqanları böhtan, şantaj və şəxsi həyata müdaxilə hallarına yer verirlər. Bu günə kimi 100-ə yaxın nəşr qurumun "Qara siyahı"sına salınıb. Bunlar yalnız öz maraqları çərçivəsində çalışır və buna görə də qurum tərəfindən qabaqlayıcı işlər həyat keçirilir\".
Sonra tədbir qarşılıqlı fikir mübadiləsi formatında davam edib, redaktorlar konfransda iştirak edən gənclərin və ictimaiyyət nümayəndələrinin suallarını cavablandırıblar. Müxtəlif xarici ölkələrdə təhsil alan və işləyən səbailli gənclər də internet vasitəsilə konfransa qatılıb, mövzu ilə bağlı fikirlərini bildiriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB