Qələbə ölkənin və bütün regionun sürətli inkişafı üçün zəmin yaradıb

Qələbə ölkənin və bütün regionun sürətli inkişafı üçün zəmin yaradıb

Azərbaycan bu gün dünyada beynəlxalq münasibətlər sisteminin müzakirə olunduğu əsas mərkəzlərdən birinə çevrilib. Xüsusilə, 44 günlük vətən savaşından sonra bölgədə yaranan yeni reallıqlar beynəlxalq ekspertlərin, ayrı-ayrı beyin mərkəzlərinin diqqətini cəlb edib. Bu baxımdan Prezident İlham Əliyevin də iştirak etdiyi, ADA Universitetinin təşkil etdiyi “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı konfrans xüsusi əhəmiyyətə malikdir. Nəzərə alsaq ki, konfransa 10-dan çox ölkənin nümayəndələri qatılmış və müxtəlif mövzularla bağlı diskussiya şəklində müzakirələr 2 saatdan çox çəkmişdir onda bu dediyimizin reallıq olduğu yəqin ki, öz təsdiqini tapır. Bu konfransın təsdiq etdiyi daha bir reallıq isə Vətən müharibəsindən sonra beynəlxalq mərkəzlərin ölkəmiz tərəfindən yaradılmış yeni iqtisadi, siyasi reallıqları, ölkəmizin təcrübəsini öyrənmək baxımından xüsusi maraq göstərməsidir.

Belə bir tədbirin təşkil olunması hər şeydən öncə post-müharibə mərhələsində Azərbaycanın mövqeyini bir daha yüksək səslə dünya ictimaiyyətinə bəyan etməsi və bu günə qədər səsləndirilməyən bəzi fikirlərin açıq şəkildə dünya ictimaiyyətinə çatdırılması üçün əlamətdar idi. Azərbaycan Prezidenti bu mötəbər konfransda həm də dünyanın beyin mərkəzlərinin diqqətinə erməni barbarlığını, onların törətdiyi cinayətləri çatdırdı, 30 il davam edən münaqişədən sonra Azərbaycanın regionda yaratdığı yeni reallıq kontekstində əməkdaşlığa hazır olduğunu bildirdi. Azərbaycan Prezidentinin daxili və xarici auditoriyaya verdiyi mühüm mesajlardan biri də Qarabağın bizim üçün sadəcə torpaq olmaması, Qarabağın bizim üçün şərəfin, qanın, Vətənin təzahürü olması ilə bağlı idi. Eyni zamanda ölkə başçımız bir daha son yüz illik tariximizə ekskursiya edərək Qarabağ və onun ətarfında baş verən hadisələrin qısa xülasəsini təqdim etdi.

Konfrans zamanı vurğulandı ki, Azərbaycanın şanlı qələbəsindən sonra yeni iqtisadi-siyasi proses, yeni rifah dövrü başlayır. Bundan sonrakı mərhələdə Cənubi Qafqaz regionunda bütün mənalarda məzmunca yeni bir proses, reallıq müşahidə olunacaq. Diqqət etsək görərik ki, müharibədən öncə də Azərbaycan yeni geosiyasi reallıq formalaşdırmışdı. Və indi, müharibədən sonrakı mərhələdə də yeni reallıqları məhz Azərbaycan formalaşdırmaqdadır. Bu dəfə geosiyasi reallıqlarla yanaşı həm də yeni geoiqtisadi reallıqlar da formalaşdırmaqdadır.

Hər şeydən öncə bildiyimiz kimi işğal altında olmuş ərazilərin olduqca böyük iqtisadi potensialı mövcuddur. Bu mənada, bundan sonra Qarabağın iqtisadiyyatımızda, qeyri-enerji sektorunda, eləcə də nəqliyyat sahəsində mühüm yer tutacağı aşkardır. Qeyd edək ki, artıq işğaldan azad olunmuş ərazilərdə üç hava limanının inşası, dəmir yollarının əlaqələndirilməsi ilə əlaqədar işlər başlanılıb. Xüsusilə də Zəngilanın coğrafi mövqeyi nəzərə alınarsa, burada mühüm daşınma və logistik mərkəz olacağı təxmin olunandır. Ancaq istənilən halda, stabil sabitlik olmadan inkişaf mümkün deyil. Konfrans zamanı ölkə başçımız da vurğuladı ki, inkişaf üçün daxili sabitliklə yanaşı, hüdudlarımızdan kənarda da sabitliyə ehtiyacımız var. Buna görə də Azərbaycanın əsas işlərindən biri riskləri minimuma endirməkdir. Bu isə öz növbəsində bölgəyə investisiya cəlb etməyi və davamlı inkişafı təmin edəcəkdir. Məlumdur ki, Azərbaycanın region dövlətləri ilə iki və üç tərəfli qarşılıqlı əməkdaşlıq layihələri mövcuddur və bu ölkəmizin böyük beynəlxalq uğurudur. Bundan sonra da, xüsusən bölgədə münaqişə risklərinin yoxa çıxdığı bir situasiyada da bu ələqələrin güclənməsi və yeni layihələrin reallaşacağı əlbəttə ki, gözləniləndir.

Konfransda o da vuğulandı ki, regionun inkişafında beynəlxalq təşkilatların da mövqeyi fəal olmalıdır. Ölkəmiz bütün dövlətlər və beynəlxalq şirkətlərlə razılaşdırılmış şərtlər əsasında qarşılıqlı əməkdaşlıq etməyə hazırdır. Əməkdaşlıq körpülərinin qurulması isə xalqların istəyindən və siyasətçilərin müdrikliyindən asılıdır. Hər zaman dialoqa hazır olan Azərbaycandan fərqli olaraq Ermənistan tərəfi sülh razılaşdırılmasının mümkünlüyü barədə bizə heç bir təklif verməyib. Buna səbəb isə Ermənistandakı daxili çaxnaşma və Azərbaycanfobiya, Türkofobiya düşüncələrinin hələ də mövcudluğudur. Bu səbəbdən, beynəlxalq təşkilatlar, xüsusilə də münaqişədən sonrakı dövrdə barışıq və münasibətlərin normallaşdırılması, habelə etimad quruculuğu tədbirləri sahəsində təcrübəsi olanlar daha fəal işləməlidir. Bu işdə Qeyri Hökumət Təşkilatlarının rolu böyük ola bilər və Azərbaycan bu məsələdə onlarla çalışmağa hazırdır.

Konfransda daha bir çox məsələlərlə bağlı ölkə başçımız suallar cavablandırdı, fikirlər səsləndirdi. Bunlardan ən diqqət çəkən məsələlər sırasında Şuşaya atılan “İsgəndər-M” ballistik raketi, ATƏT-in Minsk qrupunun indiyə qədərki və bundan sonrakı fəaliyyəti, Azərbaycanın bölgədə reallaşdıracağı layihələr və s. var idi. Ölkə başçımız bu məsələlərin hər birinə ayrı-ayrılıqda geniş və gələcəyə işıq tutacaq fikirlər səsləndirdi. Konfrans sonunda Azərbaycanın bütövlükdə regionumuzun tarixində geri qaytarılması mümkün olmayan mühüm strateji reallıq yaratdığı və gec-tez hamının bununla hesablaşmalı olacağı bir daha təsdiq olundu.

Sonda xüsusilə bir məsələ vurğulanmalıdır ki, həqiqətən də dünyada İlham Əliyev kimi geosiyasət, iqtisadiyyat, siyasət istiqamətlərində hərtərəfli hazırlıqlı liderlərin sayı çox azdır. Ölkə başçımızın çıxışlarının hər birində dünya ictimaiyyəti onun liderliyinə heyran qalır. Bu konfrans da bu mənada qanunauyğunluğu pozmadı. Konfransa müxtəlif ölkələr tərəfindən göstərilən maraq və konfransın dünya mediasında geniş işıqlandırılması da buna sübutdur.

Müslümov Loğman

Pirallahı rayon İcra Hakimiyyəti Başçısı Aparatının

İctimai-siyasi və humanitar məsələlər şöbəsinin

müavini (dini qurumlarla işin təşkilatçısı

Bütün xəbərlər Facebook səhifəmizdə