XXI əsrin 44 günlük müharibəsi - ŞƏRH

Prezident İlham Əliyev: "Biz dünyada heç vaxt olmayan Qələbəni qazanmışıq"

Paytaxtımızda açılışı olan Hərbi Qənimətlər Parkı vətən müharibəsində Ordumuzun gücünün, işğalçı Ermənistanın məğlubiyyətinin göstəricisidir. Parkın adı hər şeyi demiş olur. 44 günlük müharibədə Azərbaycan ordusunun gücü nəticəsində erməni ordusu məhv edilərək, məğlubiyyət uğradı. XXI əsrin müharibəsini aparan Azərbaycanın hərbi gücü, qüdrəti dünyaya səs saldı. 44 günlük müharibə zamanında Azərbaycan uğurlu əməliyyat keçirərək 30 ilə yaxın zamanda işğal altında qalmış torpaqlarını erməni təcavüzkarlarından azad etdi.

Bu gün Bakıdakı Hərbi Qənimətlər Parkı 44 günlük müharibənin gedişi, Azərbaycan ordusunun qalibiyyəti ətrafında olan fikirləri əks etdirir. Belə ki, ermənilərin döyüş meydanından qoyub qaçdığı atıcı silahlar, ağır texnikalar, raket kompleksləri, hərbi nəqliyyatlar və digər sursatlar qənimətlər sırasındadır. Zəfər paradının ən yaddaqalan və rəmzi kompozisiyalardan biri olan Azərbaycan Silahlı Qüvvələrinin işğaldan azad olunan torpaqlarda düşməndən qənimət götürdüyü 2000-dən çox avtomobilin nömrə nişanından hazırlanan lövhə də parkın ərazisindədir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Hərbi Qənimətlər Parkının açılışı zamanı lövhənin qarşısında çıxış edərkən bildirib ki, Birinci Qarabağ müharibəsindən sonra ermənilər azərbaycanlıların şəxsi maşınlarının nömrələrini götürüb işğal edilmiş torpaqlarda nümayiş etdirirdilər. Bir lövhə düzəltmişdilər, göstərsinlər ki, azərbaycanlılar öz dədə-baba torpaqlarından didərgin salınıb: "Əslində, bu hərəkət Ermənistanın Azərbaycana qarşı, xalqımıza qarşı etdiyi etnik təmizləmənin təzahürü idi. Çünki mülki vətəndaşlar öz əmlakını qoyub, bəziləri ayaqyalın işğal edilmiş torpaqlardan çıxmağa məcbur olmuşdular. Ermənilər bu lövhəni xarici turistlərə nümayiş etdirərək öz ordusunun gücünü göstərməyə, mif yaratmağa çalışırdılar ki, guya Ermənistanın məğlubedilməz ordusu var".

DÜŞMƏNİN TÖRƏTDİYİ MÜHARİBƏ CİNAYƏTLƏRİ

Artıq bu gün ermənilərin yaratmaq istədikləri mif dağıdılıb. Ölkəmizin dinamik inkişafı, güclü ordu quruculuğu, beynəlxalq münasibətlərdə Azərbaycanın milli maraqlarının müdafiəsi və təmin edilməsi ölkəmizin nüfuz və mövqeyini yüksəldib. Artıq Azərbaycan ordusu 90-cı illərin ordusu deyil. Nizami və güclü Azərbaycan ordusu var. Müasir silahlarla təchiz olunmuş ordumuz var və 44 günlük döyüş meydanında öz sözünün deyən bir ordu. Dövlət başçısı bildirib ki, hələ müharibənin getdiyi dövrdə Mən göstəriş vermişdim ki, nömrələr yığılsın, saxlanılsın, gün gələcək biz bu nömrələri nümayiş etdirəcəyik. Həmin gün yetişdi. Cənab Prezident "Buraya gələn hər bir insan - Azərbaycan vətəndaşı, ölkəmizə gələcək qonaqlar bunu görəcəklər", deyərək bildirib ki, qoy ermənilər də görsünlər ki, onların bəd əməlləri cavabsız qalmadı: "Budur, onlara verilən cavab. Qarabağ Azərbaycandır!".

44 günlük Vətən müharibəsi dövründə döyüş meydanında davamlı məğlubiyyətlərə məruz qalan düşmən insanlıq əleyhinə və müharibə cinayətləri törətdi. Döyüş bölgəsindən uzaqda olan ərazilərə raket zərbələri endirərək, dinc sakinləri qətlə yetirdi. Sərgilənən eksponatlar həm də düşmənin törətdiyi müharibə cinayətlərini özündə əks etdirir. Həmin qənimətlər arasında düşmənin dinc əhalimizin yaşadığı əraziləri və gecə saatlarında yaşayış binalarını hədəfə alaraq ölkəmizə atdığı "İsgəndər-M" raketlərinin qalıqları var. "İsgəndər M" raketinin qalıqlarına baxan Prezident İlham Əliyev "Şuşanı bax, bu "İsgəndər-M" raketləri ilə ermənilər atəşə tutmuşdular", deyərək bunun Ermənistanın hərbi cinayətinin sübutu olduğunu bildirib: "Bu ölümcül silah Ermənistanın əlinə necə düşdü? Hələ ki, cavab ala bilməmişik. Amma alacağıq. Hər kəs gəlsin, görsün, Şuşanı, bizim qədim şəhərimizi Ermənistan "İsgəndər-M" raketləri ilə məhv etməyə çalışırdı. Şuşanı biz azad edəndən sonra bundan istifadə etdilər".

"İKİNCİ QARABAĞ MÜHARİBƏSİ DƏ BİZİM GÜCÜMÜZÜ GÖSTƏRDİ, MÜASİRLİYİ GÖSTƏRDİ"

Hərbi Qənimətlər Parkı Azərbaycanın əldə etdiyi tarixi Zəfərdə düşmənin məğlubluğunun nümayişi baxımından böyük əhəmiyyət malikdir. Azərbaycan tarixi qələbəni əldə etdi. Özü də 44 gün ərzində. Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin bildirdiyi kimi, İkinci Qarabağ müharibəsi də bizim gücümüzü göstərdi, müasirliyi göstərdi. Çünki biz XXI əsrin müharibəsini aparmışıq və bu gün artıq sirr deyil ki, dünyanın aparıcı hərbi məktəblərində İkinci Qarabağ müharibəsindəki əməliyyatlarımız, bizim uğurlarımız, Qələbəmiz öyrənilir: "Dünya mətbuatında artıq dəfələrlə məlumat verilmişdir ki, dünyanın aparıcı ölkələri, o cümlədən Amerika Birləşmiş Ştatları, Böyük Britaniya, Almaniya və inkişaf etmiş digər ölkələr İkinci Qarabağ müharibəsinin bütün aspektlərini öyrənirlər. Öz ordularını müasir standartlara, müasir tələblərə uyğunlaşdırmaq istəyirlər. Biz nəinki XXI əsrin müharibəsini nümayiş etdirmişik, biz dünyada heç vaxt olmayan Qələbəni qazanmışıq. Çətin relyef şəraitində düşmənin bir neçə istehkamının qarşısında biz peşəkarlıq, məharət, güc, hərbi elm qoyduq və istədiyimizə nail olduq, düşməni torpaqlarımızdan qovduq".

"QƏBİRLƏRİ DAĞIDAN, ŞUMLAYAN, ÖLÜLƏRİN QIZIL DİŞLƏRİNİ ÇIXARAN, MƏSCİDDƏ DONUZ SAXLAYAN VƏHŞİDİR, BAŞQA ADI YOXDUR"

Prezident İlham Əliyevin son 17 ildə həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası torpaqlarımızın işğaldan azad olmasının ən başlıca səbəbidir. "Ermənistan isə məğlub edilmiş ölkədir, bizim qarşımızda diz çökmüş ölkədir, başını, boynunu bükmüş ölkədir və həmişə belə olacaq", deyən dövlət başçısı onların törətdikləri vəhşilikləri görəndə adamın dəhşətə gəldiyini söyləyib.

30 ilə yaxın işğal altında olan ərazilərimiz, tarixi və memarlıq abidələrimiz dağıdılıb, məhv edilib, tanınmaz hala salınıbdır. Əlbəttə ki, Azərbaycanın ən nadir tarixi abidələri onun tarixini, adət və ənələrini, onun mədəni kökünü özündə ehtiva edir. "Məscidlərdə inək, donuz saxlayıblar, bütün müsəlman aləmini təhqir ediblər, qəbirləri dağıdıblar, qəbirləri şumlayıblar, dəfn edilmiş insanların qızıl dişlərini çıxarıblar. Bu, vəhşi deyil, nədir?" deyən Cənab Prezident bildirib ki, bütün dünya gördü ki, onların əsas ideoloji amili nə idi: "Guya onlar burada azlıqda yaşayan mədəni, böyük sivilizasiyaya aid olan bir xalqdır, ətrafında da vəhşi müsəlmanlar bunları əhatə edir. Avropanın hər bir tinində bunu deyirdilər. Rusiyanın hər bir tinində bunu deyirdilər ki, bizə kömək edin, yoxsa bizi burada boğarlar. İndi hər kəs gördü bunun sivilizasiyası nədir, bunun mədəniyyəti nədir, bunun əxlaqı, mənəviyyatı nədir?! Qəbirləri dağıdan, şumlayan, ölülərin qızıl dişlərini çıxaran, məsciddə donuz saxlayan vəhşidir, başqa adı yoxdur. Bütün dünya bunu görüb və daha da çox görəcək".

Azərbaycan 44 günlük Vətən müharibəsində neçə illərə bərabər bir yol getdi, döyüş əməliyyatı apardı. Dünyanı təəccübləndirən, hərb tarixində yeni səhifə olan müharibədə qalib oldu. 30 illik bir həsrətə son qoyuldu və tarixi torpaqlarımız işğaldan azad olundu. Xalqımız üçün geniş yollar açıldı. Azərbaycan xalqının həmrəyliyi, xalq-iqtidar birliyi uğurları şərtləndirən amil olduğundan ölkəmizi daha da böyük nailiyyətlər gözləyir.

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə