İnsanlar "Müqəddəs Ramazan" ayından necə bəhrələnə bilər? - MÜSAHİBƏ

Azərbaycan İlahiyyat İnstitunun müəllimi Hacı İbrahim Quliyevin Müqəddəs Ramazan ayı ilə əlaqədar SİA-ya müsahibəsini təqdim edirik.

- Ramazan ayının fəzilətləri və üstünlüyü barədə nə deyə bilərsiniz? Bu aydan müsəlmanlar necə bəhrələnə bilərlər?

- Ramazan ayı İslam şəriətində və İslam peyğəmbərinin yanında müstəsna fəzilətə malik olan aydır. Oruc tutmaq insanlar üçün çox faydalıdır. Orucluqla bağlı yüzlərlə hədis var. Bu ay cənnətin qapılarının açıldığı, cəhənəmin qapılarının bağlandığı və şeytanların zəncirləndiyi aydır. Bütün bunlar Ramazan ayının böyük fəzilətə sahib olduğunu göstəriciləridir.

- “Rəcəb və Şaban ayları Ramazan ayına doğru hazırlıq aylarıdır” fikri doğrudurmu?

- Bəli, doğrudur. Rəcəb ayı 7-ci, Şaban ayı 8-ci, Ramazan ayı isə Hicri-qəməri təqvimində 9-cu aydır. Rəcəb və Şaban ayına ona görə xüsusi əhəmiyyət verilir ki, insanlar Ramazan ayına öz nəfsini paklayaraq, yaxşı hazırlaşsınlar.

- Ötən il olduğu kimi bu il də Ramazan ayı pandemiya dövrünə təsadüf edir. Beləliklə, toplu tədbirlər qadağan olunub və məscidlər bağlanıb. Bu, Ramazan ayinlərinə necə təsir edəcək?

- Cüzam, xora kimi yoluxucu xəstəliklər tarix boyu mövcud olub. Koronavirus da bu yoluxucu xəstəliklərdən biridir. Peyğəmbərin hədislərində buyrulub ki, bir yerdə xəstəlik olduğu zaman, o yerə getməyin. Bu, onun göstəricisidir ki, xəstəliklərin artmasının qarşısı alınsın. Hal-hazırdakı vəziyyətə görə, pandemiya şəraitindəyik və yoluxma sayı günü-gündən artır. Yaxşı olar ki, insanlar iftar süfrələrini və digər tədbirləri öz ailə daxilində etsinlər.

- Bir çox sahələrlə bağlı karantin yumşaldıqca mominlərdə məscidlərin açılmamasından dolayı bir küskünlük yaranır. Çünki, bu sahələrdə kütləvilik heç də məscidlərdən az deyil. Bütün bunlara baxmayaraq, onların fəaliyyətinə icazə verilib. Bununla bağlı dindarlara sözünüz nədir?

- Dövlətin qəbul etdiyi qayda-qanuna riayət etməliyik. Əgər, kütləvi şəkildə toplaşmaq qadağandırsa bu hərkəsə aid olmalıdır. Əlbəttə ki, Azərbaycanda məscid mədəniyyəti böyük yerə sahibdir. Lakin, indiki şəraitdə səbrli olub, qayda-qanuna uyğunlaşmaq lazımdır. Dua edək ki, pandemiya aradan qalxsın və biz əvvəlki həyatımıza qayıdaq.

- Azərbaycanda Ramazan ayına görə sərt karantinə keçid gözlənilir?

- Buna TƏBİB daha doğru cavab verər. Lakin, deyə bilərəm ki, xəstəlik sayı artdıqca sərt karantinə keçid də yaxınlaşacaq. Bunu da nəzərə almalıyıq ki, koronavirus yalnız Azərbaycanı deyil, bütün dünyanı cənginə alıb.

- Bir sıra deputatlar düşünür ki, pandemiyadan qurtulmaq üçün məscidlər açılmalı və biz dua etməliyik. Siz bu haqqda nə düşünürsünüz?

- Karantin qaydalarına ciddi riayət etmək şərti ilə məscidləri açmaq yaxşı olardı. Lakin, bu məsələ dini deyil, tibbi məsələ olduğu üçün insan sağlamlığı daha önəmlidir. Namazı da, duanı da evdə də etmək olur. Məscidlərin açılmaması buna bəhanə olmamalıdır.

- Ramazan ayı gəldikdə iki qisim insanları müşahidə edirik. Bunlardan bir qismi səhhətinə zərərli olduğu halda, israrla oruc tutur, digər qisim isə müxtəlif bəhanələrlə orucdan yayınır. İnsan necə qərar verməlidir ki, oruc ona vacibdir ya yox?

- Xəstə və ya oruc tutduğu halda səhhəti pisləşən insanlar bunu etməməlidir. Oruc üçün yaş limiti yoxdur. Bəzən, 95 yaşında adam da oruc tuta bilər. Əgər, xəstə insanın oruc tutması onun səhhətinə zərər yetirirsə bu oruc batil olmaqla yanaşı, o şəxsin özü üçün də günah sayılır. Məsələn, şəkər xəstələrinin dərmansız, ac və susuz qalması çox çətin olduğu üçün, onların oruc tutmamağı həm günah sayılmır, həm də oruc tutmaları məsləhət deyil.

- Dinimizə görə qızlar 9, oğlanlar isə 13 yaşından həddi-buluğa çatır və bu zaman oruc tutmaq onların da öhtəsinə düşür. Lakin, bəzən onların valideynləri övladı üçün narahat olduğundan buna icazə vermir. Bu halda dinin hökmü nədir?

- Minimun yaş həddi əraziyə görə dəyişir. İsti ölkələrdə insanların yetkinlik çağı daha tez yetişsə də, soyuq ölkələrdə bu əksinədir. Azərbaycanda 9-13 yaş insanlara oruc tutmaq normal və önəmlidir. Arıqlıq, səhhətində yorğunluq və əzginlik olması orucdan yayınmağa bəhanədir. Əgər ortada həqiqətən huşsuzluq vəziyyəti varsa, o zaman yeniyetmə orucdan imtina edə bilər.

- Bəzi insanlar yay mövsümündə susuzluğu bəhanə edərək orucdan yayınır. Lakin, 1 dəfə oruc tutduqdan sonra fikrində yanıldığını anlayır. Bu haqqda nə deyə bilərsiniz?

- Belə insanlar çoxdur. Lakin, onlar bircə gün oruc tutduqdan sonra onun mahiyyətini dərk edir və davamlı olaraq əməl edir. İnsanı orucdan yayındıran şeytandır. Buna görə də, bir anlıq şeytandan uzaqlaşıb rəbbimizin buyurduqlarına əməl etsək, hər şey daha yaxşı olar.

- Oruc tutan insanın aurası necə olur? Özünü necə hiss edir?

- Orucluq ilk növbədə insanın əsəb sisteminə müsbət təsir edir və mənəvi yorğunluğu aradan qaldırır. İnsan yeməklə özünü ağırlaşdırır, lakin orucluqda yüngüllük hiss olunur. Oruc tutanda insanın nəfsi paklaşır, beynindən keçən günah ondan uzaq olur və nemətin qədrini bilir. Orucluq insanlara ona görə buyrulub ki, onlar ac insanların əhvalını başa düşsünlər.

- Bəzi insanlar da vardır ki, 3-4-5-6 gün fasilə ilə oruc tutur və ayı başa vurur. Sizcə bu günahdırmı?

- Adi vaxtlarda bu hallar ola bilər. Lakin, Ramazan ayında hər günün öz hesabatı var və qəsdən buraxılmış günlərin özünün kəffarəsi (cəzası) olur. Həmin insanlar bu günahı yumaq üçün, buraxdıqları hər bir günün müqabilində 60 gün oruc tutmalı və 60 yoxsulu doyurmalıdır.

- Elə insanlar var ki, il boyu oruc tutur. Yəni, yalnız Ramazan ayında oruc tutulması şərtdir?

- Orucluq bir neçə qismə bölünür. Bunlardan birincisi fərz və ya vacib orucudur ki, bunları icra etmək çox önəmlidir. İkincisi müstəhəb orucudur ki, tutulması savab, tutulmaması isə heç bir günah sayılmır. Üçüncüsü haram orucudur ki, bu günlərdə oruc tutmaq haramdır.

- Hər il Ramazan bayramı günü ilə bağlı müsəlman dünyasında təqvim ixtilafı yaşanır. Adi vaxtlarda təriqət ayrı-seçkiliyi olmasa da, həmin günlərdə parçalanma yaranıe və bayram namazları ayrı-ayrı günlərdə qılınır. Bunun həlli yolu nədir?

- Peyğəmbər buyurur ki, ayı gördüyünüz zaman oruc tutun. Lakin, alimlərin baxış bucağı fərqlidir. İxtilafların yaranma səbəbi də buradan qaynaqlanır. Məsləhət olunur ki, hərkəs yaşadığı əraziyə uyğun bunlara əməl etsin.

- Hacı, orucun kəffarəsini və ya iftar süfrəsini imkansız ailələrə ərzaq yardımı ilə əvəzləmək olarmı?

- Üzrlü səbəblərdən oruc tutmayan insanlar bir yoxsxulu və ya acı sevindirməklə savab qazana bilər. Bu hal bəhasəni olan sağlam adamlara aid deyil. Ümumiyyətlə, Ramazan ayında olan ehsanın savabı çox-çox böyükdür. Həmçinin, oruc tutan insanın yuxusu da ibadətdir.

- Sizin də az öncə qeyd etdiyiniz kimi, bu ay yardımlar olunmalıdır. Lakin, bəzən Ramazan ayında restoranlarda qiymətlərin bahalaşdığını, menyunun 40-60 manat arasında dəyişdiyini görürük. Bu günah sayılırmı?

- Əlbəttə, bu işləri görməsələr daha yaxşı olar. Ramazan ayında ehsan süfrəsi açmaq çox böyük bir savabdır. Ramazan ayı “İlahi süfrə” adlanır. İnsanlar İlahi süfrəyə dəvət olunduğu hallarda, onları aldatmaq və kələk gəlmək böyük günah hesab edilir.

- Fiziki qüsurları və hər hansısa xəstəlikləri olan insanlara nə kimi tövsiyyələriniz var?

- Birincisi, belə insanlar Ramazan ayında gün ərzində istiğfar etsinlər. Bu günahların bağışlanması deməkdir. İkincisi zikr etməlidirlər. Ramazan ayında oxunan bir ayənin savabı adi aylardakına nisbətdə daha çoxdur. Üçüncüsü, əgər imkan varsa ehsan paylasınlar. Bunu da unutmaq olmaz ki, ehsan tox adamlar üçün yox, aclar üçündür.

- Ramazan fitrəsinin məbləği nə qədər olmalıdır?

- Şəriətdə fitrənin miqdarı bir ac insanın doyacağı qədərdir. Müasir ölkə öz vətandaşının qazancına görə verəcəyi fitrənin miqdarını müəyyən edə bilər. Azərbaycanda bu hər bir fərd üçün, 5-10 manat arası hesablanır. Həmçinin, fitrəni ərzaq şəklində vermək də olar.

- Fitrə və zəkat nə vaxta kimi verilməlidir?

- Ramazan ayının bitdiyi günə kimi verilə bilər.

- Qurban kəsmək Qurbanlıq ayında şərtdir? Yoxsa digər aylarda da kəsmək olar?

- İslam şəriətində qurbanlığın bir neçə növü var. Onlardan birincisi həcc ziyarətində kəsilən qurbandır. İkincisi isə Nəzir qurbanıdır.

-“Qurban kəsəcəm” deyib, müəyyən problemlərə görə kəsə bilməmək günah hesab olunur?

- Quranda belə bir ayə var ki, Allah heçkimə gücü çatmayacağı yük verməz. Əgər qurbanlıq üçün imkan yoxdursa, bu günah sayılmır. Borc edib qurban kəsmək düzgün deyil.

- Sizcə, Həcc ziyarətinə getmək vacibdir?

- Doğrudur, Həcc ziyarəti vacibdir. Lakin, həmin insanın sağlamlığı və maddi vəziyyəti yerində deyilsə, yol əmin-amanlığı yoxdursa, ailəsi çətindədirsə bu ziyarətin olmaması günah hesab olunmur.

- Belə bir deyim var ki, “Ay tam görünərsə insanlar salavat çevirməlidir”. Bu haqqda nə deyə bilərsiniz?

- Doğrudur, ayın parçalanması haqqında rəvayət var. Lakin, hədisdə bunun kökü və sübutu yoxdur.

- Ramazanda necə qidalanmaq lazımdır?

- İslamda qida mədəniyyəti böyük əhəmiyyət daşıyır. Ramazan ayında isə bu daha vacibdir. Bir stəkan su ilə belə olsa sahura oyanmaq lazımdır. Həddindən artıq yemək yalnız Ramazanda deyil, adi vaxtlarda da zərərlidir. İftarı ilk olaraq yağlı tikələrlə deyil, xurma ilə açmaq daha yaxşıdır. Əgər, xurma yoxdursa, su da olar. Süfrədən isə doymamış şəkildə çəkinmək məsləhətdir.

Müəllif: Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə