BŞH Əməliyyat Şirkəti 44 günlük Vətən müharibəsi şəhidlərinin xatirəsini yaşadır - FOTOLAR
Azərbaycanda Formula 1 yarışının təşkilatçısı olan Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) 44 günlük müharibə zamanı ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsini əbədiləşdirmək məqsədilə aprelin 13-də Bakının müxtəlif yerlərində ağacəkmə aksiyasi keçirib.
SİA xəbər verir ki, şirkətin işçi heyəti, marşal və könüllülərindən ibarət bütün kollektivin iştirak etdiyi aksiyaya Bakı Su İdmanı Sarayının yaxınlığında start verilib. Xüsusi olaraq ayrılmış bu yerdə çox sayda ağac əkən aksiya iştirakçıları daha sonra Bakı Olimpiya Stadionuna (BOS) yollanıblar. Burada onlara Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) könüllüləri qoşulub.
İştirakçılar hər iki məkanda ümumilikdə 321 ağac əkiblər. Şəhidlərimizin əziz xatirəsinin qeyd olunduğu xatirə lövhəsi də quraşdırılıb. Əməliyyat şirkətindən bildiriblər ki, şəhidlərimiz arasında 1 nəfər Bakı Şəhər Halqasının könüllüsü də olub və əkilən ağaclar idman ictimaiyyətinin 321 şəhidinin simasında bütün şəhidlərimizə həsr olunub.
Aksiyaya qoşulanlar Vətən uğrunda canından keçmiş qəhrəman əsgərlərimizin hörmətini hər bir müstəvidə daim əziz və uca tutacaqlarını bildiriblər. Qeyd olunub ki, şəhidlərimizin fədakarlığı əvəzsizdir, onlara özümüzü sonsuzadək borclu bilirik və onların bizim üçün etdiklərini heç vaxt unutmayacağıq.
Bütün şəhidlərimizin ruhları şad olsun!
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB