Ramana qəsəbəsində Mərkəzi küçə əsaslı şəkildə təmir olunur FOTO

Dövlət başçısının tapşırıq və sərəncamlarına əsasən, vətəndaşların rahat gediş-gəlişini təmin etmək məqsədi ilə Bakı şəhəri və onun qəsəbələrini əhatə edən tədbirlər davam etdirilir.

“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən SİA-ya verilən məlumata görə, bu çərçivədə 2019 və 2020-ci illər ərzində Sabunçu rayonunun 200 km-dən artıq qəsəbədaxili küçə və yollarının təmiri işləri icra olunub. Cari ildə də rayon ərazisində 3 qəsəbədə ümumi uzunluğu 9 km olan 5 küçənin təmiri nəzərdə tutulur.

Sabunçu rayonunda 2021-ci il İnvestisiya Proqramına uyğun olaraq təmiri nəzərdə tutulan küçələrdən biri Ramana qəsəbəsinin Mərkəzi küçəsi idi ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən burda əsaslı yenidənqurma işləri icra olunur.

Uzunluğu 700, eni isə 9 metr təşkil edən sözügedən küçə qəsəbənin yol infrastrukturu baxımından işlək küçələrindən hesab olunur və keçdiyi ərazi üzrə xüsusi əhəmiyyətə malikdir.

Torpaq örtüklü olan küçə uzun müddət əsaslı şəkildə yenidən qurulmadan istismar olunduğundan gediş-gəlişdə, xüsusən payız-qış mövsümündə problemlərə səbəb olurdu, hərəkətin rahat və təhlükəsizliyini təmin etmirdi.

Məhz bu səbəbdən aparılan yenidənqurma işləri çərçivəsində küçə boyu zəruri olan yerlərdə yararsız qrunt qazılaraq çıxarılıb, əks-dolğu işlər icra olunaraq yeni yol yatağı salınıb. Ardınca isə optimal qum-qırmadaş qarışığından yol əsası inşa edilib.
Bundan başqa vətəndaşların yolun kənarı ilə rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə yeni piyada səkiləri inşa edilib, küçə boyu 22 kəsişmə ilə bərabər səkilərin kənarlarına 2 min paqon-metrdən çox səki daşı düzülüb.

Aparılan təmir işləri zamanı səth sularının yolun hərəkət hissəsindən kənarlaşdırılması üçün zəruri olan yerlərdə yağış barmaqlıqları quraşdırılıb, kommunikasiya xətlərinin baxış qapaqları yenisi ilə əvəz olunub.

Hazırda küçəyə iri və xırda dənəli olmaqla yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunur. Yaxın günlərdə bu işlərin icrası yekunlaşdırılacaq və küçə yeni görkəmdə vətəndaşların istifadəsinə veriləcək.

Tikinti işləri “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən və tərtib olunmuş qrafikə uyğun şəkildə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında həyata keçirilir. Bunun üçün əraziyə lazımi sayda qüvvə cəlb edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...