Qazi və şəhid ailələrinə qayğı sistemli xarakter daşıyır

Qazi və şəhid ailələrinə qayğı sistemli xarakter daşıyır

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev dəfələrlə qeyd etmişdir ki, Azərbaycan sosial dövlətdir. Sosial dövlət, vətəndaşların rifahını başlıca vəzifə qəbul edən dövlət anlayışı deməkdir. Azərbaycan da məhz bu ölkələrdəndir ki, vətəndaşlarının mənafeyini, rifah halını əsas prioritet istiqamət olaraq qəbul edir. Bu, pandemiya dövründə də bir daha sübut olundu. Belə ki, pandemiya dövründə bir çox inkişaf etmiş ölkələrin çətin vəziyyətdə qaldığı anda iqtisadiyyat və insan amili arasında seçimləri iqtisadiyyatla bağlı oldu. Ancaq Azərbaycan hər zaman insan amilini uca tutdu. Pandemiya dövründə Azərbaycanda müstəqillik dövrünün ən böyük sosial paketi qəbul olundu, bir neçə istiqamət üzrə dövlət dəstəyi proqramı hazırlandı, əhalinin sosial durumunun yaxşılaşdırılması istiqamətində qərarlar qəbul edildi. Əlbəttə ki, bu, Azərbaycan dövlətinin öz xalqına verdiyi dəyərin təcəssümü idi. Bugün də bu dəyər özünü hər sahədə hiss etdirir. Respublikamızda ehtiyacı olan bütün vətəndaşlar, aztəminatlı ailələr, həssas qruplardan olan insanlar geniş dövlət dəstəyi ilə əhatə olunurlar. Bu kontekstdə şəhid ailələrinə, Qarabağ müharibəsi qazilərinə, Vətən müharibəsi iştirakçılarına göstərilən dövlət qayğısı barədə daha geniş söhbət açmaq mümkündür.

İlk öncə şanlı qələbəmizdən söz açmaq istərdik. Azərbaycanın 30 illik yurd həsrətinə son qoyan 44 günlük Vətən müharibəsi ölkəmizin şanlı tarixidir. 44 günün hər bir anı igid oğullarımızın qəhrəmanlıqları, şücaətlərilə doludur. Ancaq təəssüf ki, heç bir zəfər itkisiz olmur. Biz də müharibədə itkilər verdik. Bəziləri üçün bu itki mal-mülk, bəziləri üçün sağlamlıq, bəziləri üçün isə daha da ağır – övladını, yoldaşını, qardaşını itirmək oldu. Sözsüz ki, şəhid olan qardaşlarımız hər birimizin qəlbində əbədi olaraq yaşayacaq, onların xatirələri daim əziz tutulacaqdır. Çünki, onlar torpaq bütünlüyümüz uğrunda ağlasığmaz şücaətlər göstərmiş, gözlərini belə qırpmadan Vətən qarşısında borclarını canlarını fəda etməklə yerinə yetirmişlər. Əlbəttə ki, biz onlara borcluyuq. Onların geridə buraxdığı ailələrinə, övladlarına borcluyuq. Bu istiqamətdə şəhidlərimizin ailələrinə dövlətimizin rəhbərliyi tərəfindən də hər zaman xüsusi diqqət və qayğı göstərilir, onların mövcud problemlərinin aradan qaldırılması, rifah halının yaxşılaşdırılması üçün mütəmadi olaraq tədbirlər həyata keçirilir. Xüsusilə, 44 günlük Vətən müharibəsindən sonra həyata keçirilən layihələr onu deməyə əsas verir ki, Vətən müharibəsinin hər bir iştirakçısı, hər bir zərər çəkən fərdi dövlətin diqqət və qayğısı ilə əhatə olunacaqdır.

Müharibənin bitməsindən qısa müddət sonra Prezident İlham Əliyev tərəfindən yaradılan “YAŞAT” Fondu da dövlətin şəhid ailələrinə, müharibə əlillərinə, veteranlara qayğısının təcəssümü olaraq özünü göstərdi. Fondun əsas məqsədi şəhid ailələrinin və müharibə əlillərinin məişət şəraitinin yaxşılaşdırılması, kredit və borclarının qarşılanması, müalicə və psixoloji dəstək xərclərinin ödənilməsi ilə bağlıdır. Xalqımız tərəfindən də Fonda xüsusi diqqət və inam var. Fondun yarandığı ilk gün, 1,5 milyon manat ianə yığılmağı da buna sübutdur. Hər halda bu təəccüblü deyil. 44 günlük müharibədə olduğu kimi, müharibənin bitməsindən sonra da xalqımız bir yumruq kimi birləşməyə davam edərək, müharibədən əziyyət çəkən hər kəsə dəstək olmağa çalışır. Bunun yolu isə bəllidir. Bu istiqamətdə dayanmadan fəaliyyət göstərən dövlətimizə və Fondlara dəstək olmaq.

Müharibədən sonra ölkə başçımızın Fərmanı ilə yaradılan digər bir fond da “Qarabağ Dirçəliş Fondu”dur. Bu fondun əsas məqsədi isə Qarabağda erməni vandalizminin qurbanı olan doğma torpaqlarımızın bərpası prosesi ilə bağlıdır. Həmvətənlərimiz fond vasitəsilə bərpa prosesində iştirak edə bilir və “Böyük qayıdış”a töhfə verməklərilə fəxr edirlər. Şübhəsiz ki, hər bir azərbaycanlı, 30 ildir ki, işğal altında qalan torpaqlarımızdan erməni barbarlığının izlərini silmək istəyir. Bu mənada “Qarabağ Dirçəliş Fondu”nun yaradılması xüsusi önəmlidir. Bu həm də dövlət-özəl tərəfdaşlığının əhəmiyyətinin də təcəssümüdür. Əminik ki, çox da uzun olmayan bir vaxt dilimindən sonra dövlət başçımızın sarsılmaz iradəsi, qətiyyəti və xalqımızın dəstəyilə işğaldan azad olunmuş torpaqlar yenidən qurulacaq və o torpaqlarda həyat canlanacaqdır.

Dövlət tərəfindən şəhid ailələrinə və Vətən müharibəsi iştirakçılarına xüsusi diqqət göstərilməsi və onların problemlərinin operativ həlli istiqamətində atılmış ən mühüm addımlardan biri də təşəbbüslərin yerli icra hakimiyyəti orqanlarını da əhatə etməsi oldu. Azərbaycan Respublikası Prezidentinin 7 yanvar 2021-ci il tarixli Fərmanı ilə yerli icra hakimiyyəti orqanlarının strukturunda Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili ilə bağlı şöbə yaradıldı. Bu, Vətən müharibəsi iştirakçıları və şəhid ailələrinin sosial problemlərinin qısa müddət ərzində həllinə xidmət etməklə dövlət xidmətlərinin əlçatanlığını artırdı. Bu istiqamətdə atılmış daha bir addım Müdafiə Nazirlyində şəxslərin müraciətlərinə baxılması üçün komissiyanın yaradılmasıdır.

O da vurğulanmalıdır ki, dövlət dəstəyi eyni zamanda müharibədən zərər çəkmiş mülki vətəndaşları da əhatə edir. Belə ki, dövlət zərərçəkmiş hər bir şəxsə dəymiş zərərin aradan qaldırılması məqsədilə maliyyə yardımları göstərəcəkdir.

Beləliklə, əminliklə demək olar ki, Azərbaycan dövləti hər zaman olduğu kimi indi də öz sosial siyasətinin prioritetlərinə sadiqdir. Dövlətimiz ərazi bütövlüyümüz uğrunda döyüşən, həlak olan, sağlamlığını itirən ya da ziyan görən hər kəsi daima öz qayğısı ilə əhatə edir və onlar üçün bütün imkanlarını səfərbər edir. Şübhə yoxdur ki, bundan sonra da bu davam edəcək və dövlətimizin qazi və şəhid ailələrinə qayğısı sistemli xarakter daşıyacaq.

Arzu Cahangirova

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar

İttifaqı Pirallahı rayon Komitəsinin sədri

Bütün xəbərlər Facebook səhifəmizdə