İtkin düşmüş hərbi qulluqçuların ailə üzvləri ilə görüş keçiriləcək

İtkin düşmüş hərbi qulluqçuların ailə üzvləri ilə görüş keçiriləcək

"Ehtiyatda və İstefada olan Zabitlər" İctimai Birliyinin ofisində itkin düşmüş hərbi qulluqçuların ailə üzvləri ilə görüş keçiriləcək.

SİA-nın xəbərinə görə, tədbirdə qeyri-hökumət təşkilatlarının və dövlət rəsmilərinin iştirakı gözlənilir.

"Ehtiyatda və İstefada olan Zabitlər" İctimai Birliyi 2002-ci ildən müstəqil, 2008-ci ildən isə Beynəlxalq Qızıl Xaç Komitəsinin Bakı ofisi ilə əməkdaşlıq çərçivəsində bu kateqoriyadan olan hərbçi ailələrinin sosial problemlərinin həllinə ictimai dəstək verməkdə davam edir.

Müstəqilliyimizin ilk illərində hərbi xidmətə çağırılan xeyli sayda hərbi qulluqçularımız 1991-1994-cü illər ərzində itkin düşüb. İtkin düşmüş hərbi qulluqçuların bəzilərinin ailə üzvləri həmin şəxslərin ölmüş elan edilməsi barədə məhkəmə qətnamələrini və həmin məhkəmə qətnamələrinə əsasən verilən ölüm haqqında şəhadətnamələri Dövlət Sığorta Kommersiya Şirkətinə (DSKŞ) təqdim etsələr də, şirkətin əməkdaşları müxtəlif əsaslar gətirərək sığorta pulunun ödənilməsindən imtina edirlər.

Bu problemlə əlaqədar təşkilata 38 nəfər müraciət edib. Bununla bağlı Nazirlər Kabinetinə müvaiq səpkili məktub və müraciətlər ünvanlansa da, təəssüf ki, 1 ildən çox vaxt keçməsinə baxmayaraq, məsələ həllini tapmayıb.


Problemin həllinin vacibliyini nəzərə alan Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası 2011-ci ildə təqdim edilən "İtkin düşmüş şəxslərin ailələrinin hüquqlarının müdafiəsinə dəstək" adlı layihənin həyata keçirilməsi üçün maliyyə vəsaiti ayırıb.

10 ay müddətinə Bakı şəhəri ərazisində həyata keçiriləcək layihə çərçivəsində bu istiqamətdə bir sıra problemlərin, o cümlədən qanuna müvafiq gaydada ölmüş elan olunmuş hərbçilərin ailələrinə ödənilməli olan sığorta pulunun indiyədək ödənilməməsinin səbəb və nəticələri araşdırılacaq, araşdırmaların nəticələri ictimaiyyətə və ölkə rəhbərliyinə çatdırılacaq, aşkar edilən qanun pozuntularının, sosial ədalətsizliklərin və digər neqativ halların aradan qaldırılması üçün mövcud imkanlardan istifadə ediləcək. Adıçəkilən layihənin effektivliyinin artırılması, qarşıya qoyulan məqsədlərə nail olunması üçün müvafiq dövlət qurumları ilə əməkdaşlıqda maraqlıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə