Ermənistan Qarabağda seperatçı qrumu yenidən dirçəltməyə çalışır - FOTOLAR
Ermənistanın son zamanlar 10 noyabr 2020-ci il sazişinin müddəalarına əməl etmək əvəzinə, Azərbaycanı yeni qarşıdurmaya təhrik etmək istəyi təəccüb və heyrət doğurmaya bilmir. Silahlı qüvvələri tamamilə dağıdılan bir ölkə bu cəsarəti haradan və ya kimdən aldığı müəmmalıdır. Ermənistanın yenidən separaçı meyllərə maraq göstərməsi, onun ikinci Qarabağ müharibəsində biabrçı məğlubiyyətindən dərs almadığını göstərir.
44 günlük müharibədən sonra Ermənistan-Rumıniya futbol matçında separatçı rejimin bayrağının qaldırılması, erməni rəsmlərinin Xankəndinə səfərlərinin intensivləşməsi, Qarabağda seperatçı qrumun inzibati idarə sisteminin yenidən bərpa edilməsinə cəhdlərin göstərilməsi bu ərazilərdə ermənilərin azərbaycanlılarla dinc yanaşı yaşamaq istəyini zərbə altına qoyur. Bu isə Azərbaycan cəmiyyətində ciddi narahatlığına əsaslar yaradır.
Son 28 ildə Ermənistanın Azərbaycan mədəni irsinə vurduğu zərərlərin, işğaldan sonra da davam etdirmək istəyi olduqca təhlükəli və ciddi məsələdir. Ermənistan Azərbaycanın bir çox tarixi və mədəniyyət abidələrinin görkəmini dəyişdirməklə onların erməni mədəni dəyərləri kimi dünyaya təqdim edirlər. Bu abidələrin sırasına Əsgəran qalası da əlavə edilib.
Əsgəran qalası - Azərbaycanda cəmiyyətdə "Əsgəran qalası" adı ilə tanınan bu mötəşəm səddi XVIII əsrdə Pənahəli xan öz xanlığının şərq sərhəddində tikdirmişdi. Dərbənd səddi Şirvanın şimal qapısı idisə, Əsgəran səddi də Qarabağ xanlığının şərq qapısı idi. Lakin ermənilər bu qalanı “Mayraberd” adlandıraraq “Artsax xalqının” mübarizə ənənələrini yaşadan tarixi abidə kimi xarakterizə edirlər.
Rus sülhməramlılarının kölgəsində daldalanan ermənilər separatçı rejimin elan etdiyi 2 aprel “tarix və mədəniyyət abidələrinin müdafiəsi günü” münasibəti ilə “Əsgəran rayonunun” bələdiyyə sədri Ayk Şamiryanın rəhbərliyi ilə bir qrup hələ vətəndaşlığı naməlum olan erməni Əsgəran qalasına gələrək burada təmizlik və yenidənqurma işlərinə start verdiklərini elan etdilər. Halbuki, Əsgəran rayonu 1991-ci ilin dekabrından tarixin arxivinə qovuşub, onun bazasında Xocalı rayonu yaranıb. Eyni zamanda işğaldan azad olunmuş ərazilərdə Azərbaycan Hökumətinin Bələdiyyə mülkiyyətinin yaradılması haqqında heç bir qərarı yoxur. Əgər gələcəkdə bu ərazilərdə Bələdiyyələrin yaradılmasına qərar veriləcəksə, burada seçmək və seçilmək hüququ yalnız Azərbaycan vətəndaşlarına şamil ediləcəkdir. Bütün bunları erməni tərəfi anlamalı və indidən azərbaycanlılarla dinc yanaşı yaşamanın yollarını aramalıdırlar.
Əslində Ermənistan tərəfdən bu və ya bu kimi məlumatların yayılması, 44 günlük müharibədən sonra “Qarabağ probleminin” yenidən gündəmə gətirilməsi istəyindən yaranır. Öz məğlubiyyətləri ilə barışa bilməyən ermənilər, Qarabağda müharibədən sonra da separatçı qrumun inzibati idarə sisteminin “yaşamasını” nümayiş etdirməyə çalışırlar.
Lakin onların “humanist” addım kimi təqdim etdikləri Əsgəran qalasının bərpası və ətrafında təmizlik işlərinin aparılması "Silahlı münaqişələr zamanı mədəni abidələrin qorunmasına dair" 1954-cü il Haaqa Konvensiyasına ziddir, eləcə də Beynəlxalq Hüquqda da vandalizm aktı kimi qiymətləndirilir bu və ya bu kimi fəaliyyət erməni icmasının əleyhinə işləyir. Tədbirin görüntülərinə baxdıqca Qalada həqiqətən də çox ciddi qanun pozuntularına yol verildiyininin şahidi oluruq.
Əslində abidənin bərpası onun əzəli görkəmini dəyişdirməməli, bərpa zamanı tikintiyə heç bir element əlavə edilməməli, hətta bərpa üçün material seçimi abidənin inşaasında istifadə olunan materiala uyğun olmalıdır. Lakin ermənilər Əsgəran qalasının bərpası zamanı çox kobud qanun pozuntularına yol veriblər. Belə ki, qala divarları təmir edilərək 1-1,5 metr hündürləşdirilmiş, Bürclərin formaları dəyişdirilmiş, divarların üstünə metal şəbəkələr əlavə edilmiş, bir neçə yerdə qala divarının üstünə çıxmaq üçün pilləkənlər qurqşdırılmış, ehtiyac olmadığı halda qala divarından bayıra qapı açılmışdır.
Faiq İSMAYILOV,
AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun əməkdaşı
Bütün xəbərlər Facebook səhifəmizdə