Regionlarda uşaq hüquqları üzrə pilləli tədris layihəsinin tətbiqi ilə bağlı hazırlıq işləri aparılır

Regionlarda uşaq hüquqları üzrə pilləli tədris layihəsinin tətbiqi ilə bağlı hazırlıq işləri aparılır

18 iyun - İnsan Hüquqları Günü ilə bağlı ombudsman Elmira Süleymanovanın təşəbbüsü ilə ənənəvi olaraq mayın 18-dən iyunun 18-dək respublikada İnsan Hüquqları aylığı keçirilir. Ombudsman aparatından SİA-ya verilən xəbərə görə, məqsədi il ərzində insan hüquqları sahəsində əldə edilmiş nailiyyətləri və problemlərin həlli yollarını müəyyənləşdirmək olan bu aylığa artıq start verilib. Həmin aylıq çərçivəsində paytaxtda və regionlarda keçirilən tədbirlər ölkəmizdə insan hüquqlarının təbliğinə, əhalinin müxtəlif qruplarının hüquqlarının müdafiəsinə və onların problemlərinin həllinə öz töhfəsini verir.

Ombudsman Elmira Süleymanovanın təşəbbüsü, Təhsil Nazirliyinin dəstəyi ilə həyata keçirilən \"Uşaq hüquqları üzrə pilləli tədris layihəsi\" növbəti dərs ilində respublikanın regionlarında da tətbiq olunacaq. Artıq bu məqsədlə seçilən rayonlarda pilot layihənin gələn tədris ilində icrası məqsədilə hazırlıq işlərinə başlanılıb.

İnsan hüquqları aylığı çərçivəsində adıçəkilən layihənin təqdimatı Qubadakı 1 saylı və Şabrandakı 4 saylı məktəblərdə keçirilib. Tədbirlərdə Ombudsman Aparatının Hüquqi maarifləndirmə sektorunun əməkdaşı R.Rumzadə, Müvəkkilin Quba regional mərkəzinin əməkdaşları V.Hümmətov və T.Zülfüqarov iştirak ediblər. Müvəkkilin nümayəndəsi həmin məktəblərin rəhbərliyinə və müəllimlərə layihə haqqında ətraflı məlumat verib. Təqdimat Gəncə şəhərindəki 39 saylı orta məktəbdə davam etdirilib, bu layihənin regionlarda, o cümlədən bu təhsil müəssisəsində 2011-ci ilin sentyabr ayından etibarən tədrisinin nəzərdə tutulduğu vurğulanıb. Məktəbin pedaqoji kollektivinin mövzu ilə bağlı sualları ətraflı cavablandırılıb.

Təqdimatda Aparatın əməkdaşı R.Rumzadə, Ombudsmanın Gəncə Regional Mərkəzinin əməkdaşları S.Abbasov və E.Şəmmədli iştirak ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə