YAP Suraxanı rayon təşkilatında şəhid anaları ilə görüş keçirilib FOTOLAR

Suraxanı rayon ərazisində yaşayan bir qrup şəhid anaları ilə karantin qaydaları çərçivəsində görüş kecirilib.

Görüşü giriş sözü ilə açan YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov bütün şəhid anaları qarşısında baş əydiyini bildirib. Təşkilat sədri qeyd edib ki, bir ədəbiyyat nümunəsində deyildiyi kimi, dünyada var olan bütün məhəbbətləri öz fövqündə daha anlamlı və mənalı edən varlıq “ANA”-dır. Rəngindən, dilindən, dini, milli, siyasi mənsubiyyətindən, fiziki göstəricilərindən asılı olmayaq, yer kürəsində bütün insanlığa eyni ülvi duyğuları yaşadan ən ali eşqdir “ANA”-dır.V.Seyidov cari görüşün məqsədini açıqlayarkən bildirib ki, rayonumuzda yaşayan şəhid analarını bir araya toplayaraq biz onların ortaq dərdlərini paylaşmaqla yüngülləşdirməyi hədəfləyirik. Ən böyük acıları bölüşməyin, paylaşmağın ən şəfalı dərman olduğuna ümid edirik.

V.Seyidov hər zaman şəhid ailələrinin yanında olduqlarını ifadə edib. Təşkilat olaraq belə görüşlərin davamlı keçirilməsinin faydalı və əhəmiyyətli olduğuna inandığını deyən rayon təşkilat sədri qapılarının şəhid ailələrinin üzünə hər zaman açıq olduğunu vurğulayib. Daha sonra görüşdə iştirak edən şəhid anaları ilə birgə şəhid Qasımlı Muxtar Əli oğlunun ailəsinə baş çəkilib. İlk olaraq bu şəhid ailəsinin seçilməsinin əsas səbəbi Qasımlı Muxtarın anası Almaz Qasımovanın şəhidimizin dəfnindən sonra ağır psixoloji və mənəvi sarsıntılar keçirməsidir. Ziyarət əsnasında şəhid anaları səmimi söhbət edərək, dərdlərini bölüşüb, bir-birilərinə bu ağır və çətin günlərdən çıxmaq üçün məsləhətlər veriblər. Evdə yaradılmış şəhidimizin guşəsinə baxan şəhid anaları xatirə şəkli çəkdiriblər.

Sonda şəhid anaları bu görüşdən sonra özlərini daha yaxşı hiss etdiklərini ifadə ediblər. Qərara alınmışdır ki, Suraxanı rayonunda yaşayan şəhid analarının görüşlərini müntəzəm həyata keçirsinlər.

Zümrüd BAYRAMOVA

Bütün xəbərlər Facebook səhifəmizdə