Qalibliyin amili- “Biz birlikdə güclüyük!”

Qalibliyin amili- “Biz birlikdə güclüyük!”

Prezident İlham Əliyev: “Pandemiyanın öhdəsindən yalnız birlikdə gələcəyik”

COVID-19 pandemiyası zamanı hər bir dövlətin öz strategiyası, koronavirusa qarşı mübarizədə fərqli yanaşma tərzi və öz metodları mövcud oldu. Şübhəsiz ki, indi hər bir ölkə öz vətəndaşlarını böhrandan az itki ilə çıxartmağa çalışır. Postsovet məkanı da koronavirus pandemiyasından əziyyət çəkən bölgələr sırasındadır. Lakin bölgənin lider dövlətlərindən olan Azərbaycanın pandemiyaya qarşı mübarizədə göstərdiyi nümunə diqqətəlayiqdir. Belə ki, Azərbaycanda koronavirus pandemiyasından bir qədər əvvəl həyatın bütün sahələrinə təsir göstərən böyük islahatlar elan edildi və qısa müddətdə həyata keçirildi. Azərbaycanda bütün sahələrdə sabitlik təmin edildi, əhalinin məşğulluq problemləri müsbət həllini tapdı və sadə vətəndaşın rifah halı iqtisadi inkişafının əsas prioritetlərindən birinə çevrildi. Koronavirus pandemiyası başlamazdan öncə Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə kölgə iqtisadiyyatına qarşı ciddi tədbirlər görüldü, şəffaflıq təmin edildi və dövlət orqanlarının fəaliyyətində informasiya texnologiyalarının tətbiqi təmin edildi, dövlət xidmətləri sahəsində mərkəzləşdirilmiş elektron məlumat sistemi yaradıldı. Bir sözlə, Prezident İlham Əliyevin rəhbərliyi ilə vaxtında aparılan düzgün siyasət və atılan zəruri addımlar tektonik fəlakət zamanı öz sözünü deyə bildi.

“Hazırda Azərbaycanda səhiyyə sistemində əhəmiyyətli dəyişikliklər baş verir”

Prezident İlham Əliyev aprelin 6-da Ümumdünya Səhiyyə Təşkilatının İsveçrənin Cenevrə şəhərində yerləşən mənzil qərargahında təşkilatın Baş direktoru Tedros Adhanom Qebreyesusun təşəbbüsü ilə təqdim olunan videomüraciətində bildirib ki, 1950-ci ildən etibarən hər il aprelin 7-də Ümumdünya Sağlamlıq Günü qeyd edilir: «Lakin 2021-ci ildə sağlamlığın əhəmiyyəti daha da artıb. Müasir, davamlı, yüksək keyfiyyətli səhiyyə sisteminə sahib olmaq hər bir ölkə üçün prioritetdir».

Dövlətimizin başçısı müraciətində qeyd edib ki, hazırda Azərbaycanda səhiyyə sistemində əhəmiyyətli dəyişikliklər baş verir. Azərbaycan icbari tibbi sığorta tətbiq etməklə ilkin tibbi yardımı gücləndirir, təcili tibbi yardım xidmətlərini yeniləyir, ölkədə elektron səhiyyə platforması və dövlət səhiyyə hesablarını istifadəyə verməklə rəqəmsallaşmanı təmin edir.

“Azərbaycanın pandemiyaya qarşı qlobal səyləri səfərbər edən ilk ölkələrdəndir”

COVID-19 pandemiyasının ikinci ilinin bütün dünyada səhiyyə sistemlərinə böyük təzyiq göstərməyə davam etdiyini bildirən Prezident İlham Əliyev Azərbaycanın pandemiyaya qarşı qlobal səyləri səfərbər edən ilk ölkələrdən biri olduğunu vurğulayaraq deyib: “Bizim təşəbbüsümüzlə 2020-ci ilin aprelində Türk Şurasının Zirvə toplantısı, 2020-ci ilin mayında Qoşulmama Hərəkatının Zirvə toplantısı və 2020-ci ilin dekabrında BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində xüsusi sessiyası keçirilib. Azərbaycan öz beynəlxalq məsuliyyətinə sadiq olaraq Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları həcmində könüllü maliyyə yardımı ayırıb. Biz, həmçinin 30-dan çox ölkəyə koronavirusla mübarizədə birbaşa humanitar və maliyyə yardımı göstərmişik”.

“Biz pandemiyanın öhdəsindən yalnız birlikdə gələcək və normal həyata qayıdacağıq”

Prezident İlham Əliyev təqdim olunan videomüraciətində bildirib ki, builki Ümumdünya Sağlamlıq Günü “Daha ədalətli və daha sağlam dünyanın qurulması» mövzusuna həsr olunub: “Bu mənada peyvəndlərin bərabər və ədalətli şəkildə paylanması məsələsi mühüm əhəmiyyət kəsb edir. Bununla belə, peyvəndlərin inkişaf etməkdə olan və inkişaf etmiş ölkələr arasında qeyri-bərabər və ədalətsiz paylanması bizi dərindən narahat edir. Bəzi ölkələr ehtiyacı olduğundan dəfələrlə çox peyvənd tədarük edir. Aydındır ki, belə şəraitdə digər ölkələr peyvənd qıtlığı ilə üzləşəcək”.

Dövlətimizin başçısı deyib ki, Azərbaycan peyvəndlərin paylanmasında ədalətliliyi dəstəkləyərək BMT-nin İnsan Hüquqları Şurasında “Koronavirus pandemiyası ilə mübarizədə bütün ölkələrin peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığının təmin edilməsi» adlı qətnamə layihəsi irəli sürüb. Qətnamə bu il martın 23-də konsensus əsasında qəbul edilib: «Azərbaycan, həmçinin COVAX təşəbbüsünə qoşulan və onu dəstəkləyən ilk ölkələrdən biri olub. Biz və bütün beynəlxalq ictimaiyyət bu təşəbbüsün pandemiya ilə mübarizədə əməkdaşlıq və həmrəylik modeli olmağını gözləyir. Biz pandemiyanın öhdəsindən yalnız birlikdə gələcək və normal həyata qayıdacağıq”.

Bəli, 2020-ci il, noyabrın 10-u. Azərbaycan Xalq-İqtidar-Ordu birliyi ilə Qarabağa qovuşdusa, tarixi ədalət bərpa olundusa, Qarabağ probleminə Qalib Nidası qoyuldusa, pandemiyaya qarşı mübarizədə də bir olmalıyıq. Və bu gün Azərbaycan Prezidenti İlham Əliyevin atdığı hər bir uğurlu addımı xalqımızda nikbinlik yaradır. Xalqımızın öz Prezidenti ətrafında birləşməsi və ölkə rəhbərini dəstəkləməsi pandemiya üzərində qələbəni təmin edən başlıca amillərdən biridir. Bu gün bütün dünya Azərbaycanın təcrübəsini mənimsəyir. “Biz birlikdə güclüyük” şüarı ilə pandemiyaya qarşı savaşan Azərbaycan görünməmiş nümunə yarada bilib.

İnanırıq ki, bu çətinliklər arxada qalacaq, möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə xalqımız daha gözəl günlər yaşayacaq. Dövlət başçımızın dediyi kimi: “Biz pandemiyanın öhdəsindən yalnız birlikdə gələcək və normal həyata qayıdacağıq”.

RƏFİQƏ HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə