HƏMRƏYLİYƏ ƏSASLANAN SOSİAL LAYİHƏ

HƏMRƏYLİYƏ ƏSASLANAN SOSİAL LAYİHƏ

Əhali icbari tibbi sığortanın xidmətlər zərfinə daxil olan 2550 sayda tibbi xidmətdən istifadə edəcək

Azərbaycanda səhiyyə sistemində aparılan uğurlu islahatlar nəticəsində tibb müəssisələrinin maddi texniki bazası və kadr potensialı gücləndirilib, bütövlükdə səhiyyə sahəsində nailiyyətlər əldə edilib. Bu gün Azərbaycanda səhiyyənin inkişafı istər yeni tibb ocaqlarının inşasında, istər mövcud xəstəxana və tibb mərkəzlərinin bərpasında, istərsə də tibb müəssisələrinin ən müasir avadanlıqla təchiz edilməsində özünü daha qabarıq biruzu verir. Bütün bunlar sübut edir ki, Azərbaycan vətəndaşlarının hərtərəfli tibbi xidmətlə təmin edilməsi istiqamətində icra olunan layihələri dövlət başçısı daim nəzarətdə saxlayır. Bu layihələr, eyni zamanda, vətəndaşlarımızın məhz ölkəmizdə yüksək səviyyəli tibbi xidmətlərdən yararlanması ilə bağlı görülən mühüm işlərin davamlı olduğunu göstərir. Səhiyyə sahəsində aparılan islahatların davamı olaraq icbari tibbi sığortanın tətbiqi hökumətin səhiyyə sahəsində apardığı islahatların tərkib hissəsidir. İcbari tibbi sığortaya keçid ölkə vətəndaşlarının tibbi xidmətlərə əlçatanlığını artırır. İcbari tibbi sığorta müasir və keyfiyyətli tibbi xidməti təmin edən səhiyyənin maliyyələşdirilməsinin yeni formasıdır. Bu layihənin məqsədi səhiyyənin maliyyələşdirilməsini təkmilləşdirmək, habelə əhaliyə etibarlı, keyfiyyətli, səmərəli tibbi xidmətlərin göstərilməsinə zəmanət verəcək universal və dayanıqlı tibbi sığortanı təmin etməkdir. Xatırladaq ki, 2017-ci ilin yanvarından etibarən ölkəmizdə icbari tibbi sığortanın pilot layihə şəklində həyata keçirilməsinə başlanmışdır. Pilot layihə ilk olaraq Mingəçevir şəhəri və Yevlax rayonunun ərazilərini əhatə etmiş, 2018-ci ildən etibarən isə Ağdaş rayonunun ərazisində də tətbiq edilmişdir. Əhalisi 340 min nəfər təşkil edən pilot ərazilərdə sığorta olunanlar baza zərfi çərçivəsində ödənişsiz tibbi xidmətlərlə təmin edilmiş və əhalinin səhiyyə xərcləri ilə bağlı maliyyə yükü əhəmiyyətli dərəcədə azaldılmışdır. Pilot ərazilərdə artıq kəmiyyət göstəricilərinin artması ilə yanaşı, rayon xəstəxanalarında əvvəllər aparılması mümkün olmayan mürəkkəb əməliyyatlar da həyata keçirilmişdir. Bu əməliyyatların bilavasitə rayon xəstəxanalarında aparılması əhalinin müasir və keyfiyyətli tibbi xidmətlərə əlçatanlığının təmin olunması istiqamətində atılan addımlardandır. Məlumdur ki, icbari tibbi sığorta dünya səhiyyəsində geniş yayılmış, həmrəyliyə əsaslanan sosial layihədir və əhalinin tibbi yardım almaq hüququnu təmin edir. Cari ilin aprelin 1-dən etibarən icbari tibbi sığorta bütün ölkə əhalisini əhatə edib. Belə ki, Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonunda rəsmi qeydiyyatda olan əhali də icbari tibbi sığortanın xidmətlər zərfinə daxil olan 2550 sayda tibbi xidmətdən istifadə edəcək. Xidmətlər zərfinə ilkin səhiyyə xidməti, təcili və təxirəsalınmaz tibbi yardım xidməti, ixtisaslaşdırılmış ambulator yardım xidməti, laboratoriya, fizioterapiya, invaziv radiologiya və stasionar tibbi xidmətlər daxildir.

Vətəndaşlara xidmətlər zərfi çərçivəsində tibbi xidmətlər Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində olan tibb müəssisələrində, həmin tibb müəssisələrində xidmətin göstərilməsi mümkün olmadıqda isə müqaviləli tibb müəssisələrində göndəriş əsasında göstərilir. "Tibbi sığorta haqqında" Qanuna əsasən müştərək maliyyələşmə məbləğinin ödənilməsi ilkin səhiyyə xidmətinə müraciət etmədən birbaşa ambulator-poliklinik, laborator, funksional-diaqnostik tibbi xidmətlərdən istifadə etdikdə, eləcə də vətəndaşın yönləndirildiyi tibbi ərazi bölməsindən kənar yerləşən dövlət tibb müəssisəsinə müraciət olunduqda tətbiq edilir.

Qeyd edək ki, bütün vətəndaşlar üçün dövlət büdcəsinin vəsaiti hesabına icbari tibbi sığorta haqqı ayrılır. Həmçinin dövlət və neft sektorunda çalışan işəgötürən və işçilər, qeyri-dövlət və qeyri-neft sektorunda çalışan işəgötürən və işçilər, mülki-hüquqi xarakterli müqavilələr əsasında işləri yerinə yetirən fiziki şəxslər və sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərdən 2021-ci il 1 yanvar tarixindən etibarən icbari tibbi sığorta haqqı toplanılır. İcbari tibbi sığorta xəstəliklərin erkən mərhələdə aşkar edilməsində, daha ağır mərhələyə keçidinin qarşısının alınmasında, ən ucqar kəndlərdə belə yaşayan əhalinin keyfiyyətli tibbi xidmətlərlə təmin olunmasında əhəmiyyətli rol oynayır. İcbari sığortanın tətbiq edilməsi səhiyyənin maliyyələşdirmə bazasını dəyişməklə bu sahədəki neqativ halların azaldılmasına səbəb olacaq. Bu, vətəndaşların səhiyyə xərclərinin azalması səbəbindən pullarına qənaət etməsinə və o cümlədən az təminatlı və ya işsiz statusu olan insanların səhiyyə xidmətindən yararlanmasına imkan yaradacaq.

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə