Ailədə gəlin-qayınana problemi nədən yaranır, necə həll edilə bilər? - ARAŞDIRMA
Psixoloqlar: İntellekt və mənəvi səviyyə normal olanda gəlinlə qaynana öz maraqlarını bölüşə bilirlər
Son dövrlərdə müzakirə obyekti olan mübahisəli mövzulardan biri də gəlin-qayınana münasibətləridir. İnsandan insana dəyişən fikirlər, cəmiyyətdən cəmiyyətə fərqli mentalitet, bu məsələyə fərqli prizmadan baxır. Elə bir ev yoxdur ki, orda gəlin və qaynana arasında kiçik də olsa mübahisə yaranmasın. Əksər hallarda bu, normal həllini tapır. Bəzən isə, daha böyük qarşıdurmalar yaranır. Qayınanalar günahı gəlində, gəlinlər isə qayınanalarda görür. Bir çox hallarda isə bu mübahisələr ailələrin dağılması ilə nəticələnir...
Problem nədədir?
Yazıya belə bir sualla başlamaq istərdik- bu problem nədən yaranır? Sosioloqlar deyir ki, gəlin-qayınana çəkişməsinin təməlini qısqanclıq qoyur. Daha çox oğul anası ilə gəlin arasında yaşanan bu çəkişmələr nisbətən az hallarda qız anası və kürəkən arasında baş verir. Münaqişələr daha çox gəlin-qayınana arasında baş verdiyindən bu yazımızda sırf bu barədə bəhs edəcəyik.
Gəlin-qayınana arasındakı münaqişələrin əsası ananın oğlu, gəlinin isə həyat yoldaşının gözündə daha əhəmiyyətli olmaq səbəbi ilə yaranır. Qısqanclıq və dözümsüzlük zamanla silsilə halını alır və iki qadının bir-birinə aqressiv münasibəti adət halına çevrilir.
Qayınana oğlundan daha çox diqqət və sevgi istəyir, gəlin isə ərinin sevgisini bölüşmək istəmir, bəzən ana oğlunu paylaşmaq istəmir, gəlin isə qayınanın sıxışdırmasından, söz-söhbətindən bezir və hər gün ərinə şikayət edir, kişi anası ilə həyat yoldaşının arasında qalır, mübahisələr davaya çevrilir. Qayınana bəzən istəmədən, bəzən də istəyərək gəlini ilə oğlunun ailəsini dağıdır. Sosioloqlar bildirir ki, ailədaxili münaqişələrdə qayınanaların da, gəlinlərin də rolu var. Lakin əsas günah bu məsələdə oğlunun, ərin üzərinə düşür.
Mən çəkdiyimi sən də çək!
Ailə psixoloqları və sosioloqlar bildirir ki, ailələrdə zorakılığın bir səbəbkarı kişidirsə, digər səbəbi onu təhrik edən anasıdır, yəni gəlinin qayınanası. Amma gəlin də “süddən çıxmış ağ qaşıq”, “aydan arı, sudan duru” deyil.
Əksər qayınanalar gəncliklərində öz qayınanalarından gördüyü şiddəti, zorakılığı, mənəvi basqını öz gəlinlərinə də tətbiq edirlər. Bu, bir növ “mən çəkmişəm, sən də çək” məsəlidir. Əgər ananın həyat yoldaşı yoxdursa, yaşam səbəbi yalnız oğludursa, onun mənəvi və maddi dəstəyinə möhtacdırsa, oğlunun yanında başqa bir qadın görməyə, sevgisini və şəfqətinin daha çoxunu onunla paylaşmasına dözə bilmir.
Maraqlıdır ki, bu cür qayınanaların hamısı təxminən belə fikirləşirlər: “Oğlumu mən dünyaya gətirdim, mən böyütdüm, onun yalnız mənə ehtiyacı var, onu yalnız mən qorumalıyam. Oğlumun məni unutmaması üçün həmişə yanında olmalıyam, o nəyin yaxşı, nəyin pis olduğunu anlamır, onu mən yönləndirməliyəm. Oğlumun evi mənim evimdir, gəlinin o evdə söz deməyə haqqı yoxdur, oğlumun evində baş verənlər mənə də aiddir, gəlin onu mənim qədər sevə bilməz”.
Oğul və ya ər də günahkardır
İndi isə qayınanası ilə problem yaşayan yaxın qohumum olan bir gəlinin düşüncəsini oxuyun: "Qayınanam hər addımbaşı həyatımıza qarışır. Durmadan mənə nə etməli olduğumu söyləyir. Mənimlə elə davranır ki, sanki mən gəlini yox, oğlunun xidmətçisiyəm. Sanki mənim tək işim oğlunun xidmətində durmaqdır. Bütün günü dedi-qodumu edir.
Hər fürsətdə oğluna mənim haqqımda pis sözlər söyləyib şikayət edir, bizi dalaşdırır. Oğlundan məni ayırmaq üçün əlindən gələni edir. Hər fürsətdə mənim səhvlərimi ortaya çıxarmaq üçün pusqu qurur. Mənim haqqımda uşaqlarımın beynini mənfi düşüncələrlə doldurur. Mən evdə olmayanda otağımı, şəxsi əşyalarımı qurdalayır, nə axtarır bilmirəm”.
“Bəs sən onunla ünsiyyət qurmaq üçün nə edirsən?” deyə soruşdum, “onsuz da başa düşmür, özümü niyə yoruram?” dedi. Əslində, gəlin-qayınana probleminin kökü sadəcə ünsiyyətdədir. Daha anlayışlı, daha səbirli olmaq, hər şeyə yalnız öz prizmandan baxmamaq, hərtəfəfli düşünmək və ən əsası ünsiyyət qura bilmək ən asan çıxış yoludur.
Evləndikdən sonra kişinin ailəsi həyat yoldaşıdır, lakin ana onun üçün dünyada ən dəyərli varlıqdır. Analar yaxşı niyyətlə də olsa nəzarəti və idarəetməni yenə əllərində saxlamağa çalışacaqlar. Elə kişilər var ki, anası ilə həyat yoldaşının arasında münaqişə yaradan məhz özü olur, elə kişi də var ki, heç bir halda anası ilə həyat yoldaşını qarşı-qarşıya gətirmir. Problem yarandıqda burada kişinin də böyük rolu var.
Gəlinlərə vacib məsləhətlər
Psixoloq Arzu Cavadova məxsusi olaraq gəlinlər üçün əsas qaydaları təqdim edir. Bu məsləhətlər daha rahat və daha sakit bir həyatın təminatıdır. Psixoloq deyir ki, əgər qayınananızla aranızda həll edə bilmədiyiniz problemləriniz varsa və həyat yoldaşınız sizin nələr hiss etdiyinizi anlamırsa, problemlər üçün sizi günahlandırırsa, anasını sevmədiyinizi, onu evinizdə istəmədiyinizi və səbəbsiz problem yaratdığınızı düşünürsə, onunla mehriban ünsiyyət qurmağa çalışın. Aşağıda qeyd etdiklərimizi diqqətdə saxlayın.
- Həyat yoldaşınızla düşüncələrinizi və yaşadıqlarınızı paylaşın, amma unutmayın ki, haqqında danışdığınız qadın həyat yoldaşınızın anasıdır. Hər nə qədər problem yaşamış olsanız da, o sizin həyat yoldaşnızı dünyaya gətirən, böyüdən qadındır. Yoldaşınıza duyğularınızı izah edərkən anasını alçaltmaq, suçlamaq yerinə hadisələri daha sakit və açıqlayıcı şəkildə izah edin.
- Məsələn, tutaq ki, həyat yoldaşınızın anası sizi qəsdlə qonaqlarınızın qarşısında hörmətdən salıb və çətin anlar yaşamanıza səbəb olub. Bunu yoldaşınıza izah edərkən "Anan çox pis adamdır, ona nifrət edirəm, üzünü görmək istəmirəm, bizdən uzaq olsun, o bizim bədbəxt olmamızı istəyir" yerinə kobudluq etmədən və onu incitmədən “anan mənə qonaqların yanında belə dedi, çox utandım, özümü təhqir olunmuş hiss etdim. Amma onun bunu bilərəkdən etdiyini düşünmürəm” demək daha məqsədəuyğundur.
- Həyat yoldaşınıza, öz ananız haqqında nələr düşündüyünü soruşun. Sonra siz də onun anası haqqında düşüncələriniz söyləyin. Əgər hər ikinizdə duyğu və düşüncələrinizi paylaşsanız bir-birinizə qarşı daha dürüst bir şəkildə fikirlərinizi söyləyərsiniz. Onun da sizin ananızın bəzi hərəkətlərindən xoşlanmadığını bu zaman öyrənəcəksiniz. O zaman yoldaşınızın nə qədər səbirli olduğunu hiss edəcəksiniz. Sizin ananızın da səhvi ola bilər və siz də bəzi şeyləri onun kimi görməməzliyə vurun.
- Qayınananıza bir az zaman verin, onun da hər normal insan kimi problemlərinin ola biləcəyini, yaşadığı hadisələrin nəticəsi olaraq bu şəkildə davrana biləcəyini düşünün. Çünki hər bir insanın keçirdiyi daxili həyəcan, stress, aqressiya bir gün özünü büruzə verir. Əmin olun, siz nə qədər nəzakətli və anlayışlı olsanız hər şey düzələcək. İnsanın yaşlandıqca uşaqlaşdığını da ağılınızın bir küncündə saxlayın. Görəcəksiniz, bu bilgi onunla daha az münaqişə yaşamanızı təmin edəcək.
- Onunla maraqlı, ən əsası əyləncəli vaxt keçirməyə və onu daha yaxından tanımağa çalışın. Sizə qarşı rəftarlarına, etdiyi davranışlara əsəbiləşməyin. Onunla bağlı probleminizi həyat yoldaşınıza çatdırmayın, əksinə özü ilə dil tapmağa çalışın. Onun sözlərindən incidiyinizi söyləyin və niyə belə davrandığını soruşun.
- Bütün qadınlar hədiyyə almağı sevir. Ad günlərində, yeni ildə, qadınlar günündə ona kiçik də olsa hədiyyələr edin. Bəlkə də qayınananızla yaşadığınız problemlər bir hədiyyə ilə həllini tapdı. Məsələn, ad günündə həyat yoldaşınızla ikinizin adından etdiyiniz hədiyyədən əlavə onun ehtiyacı olan xırda bir şeyi də əlavə öz adınızdan alın. Onun üçün xüsusi bir hədiyyə aldığınızı görəndə özünü xoşbəxt hiss edəcək və sizin ona həqiqətən dəyər verdiyinizi anlayacaq.
- Ona qaynana kimi deyil, ana kimi kimi baxın. Əsla süni davranmayın. Qayınananız uşaq deyil, hər şeyin fərqindədir. Əgər onu sevmirsinizsə, o, bunu bilir. Sizin süni davranışlarınızı da hiss edəcək. Bundansa onu niyə sevmədiyinizin səbəblərini aydınlaşdırın, problemi bu cür çözün.
- Günahı həmişə qayınanada axtarmayın, bəlkə sizin özünüzdə də problem var. Öncə özünüzə nəzər salın, özünüzdə sevmədiyiniz xarakterinizi axtarın, qarşıdakını qıcıqlandıran hərəkətinizin olub-olmamasını araşdırın. Bəlkə qayınananızın heç vaxt bəyənmədiyi bir davranış sizin tez-tez etdiyiniz bir hərəkətdir.
“Günah bütün tərəflərdə olur”
Sosioloq Əhməd Qəşəmoğlunun fikrincə, qayınana öz oğlunu- gəlinin ərini çox sevir: “Gəlindən öncə onun öz oğlu ilə öz dünyası, öz prinsipləri, öz qayğıları olur. Gəlin bu sevginin çoxşaxəliliyini, dərinliyini duya bilmir. Gəlin özünü ərinə daha yaxın hesab edir. Gəlinin də ərinə qarşı öz dünyası, öz prinsipləri, öz qayğısı var. İntellekt və mənəvi səviyyə yüksək olanda gəlinlə qaynana öz maraqlarını bölüşə bilirlər. Təəssüf ki, bu, əksər hallarda mümkün olmur, maraqlar toqquşur. Əslində, biz uşaqlıqdan qızlarımızı bu munasibətləri tənzimləməyə hazırlamalıyıq. Amma əksər hallarda qızın anası, nənəsi də bu alovu daha da qızışdırır”.
Göründüyü kimi, əgər problem varsa, bunun günahı mütləq hər iki tərəfdədir. Dünyada mehribanlıqla, sevgi ilə, qarşılıqlı hörmətlə çözülməyən heç bir problem yoxdur. Yetər ki, insanlar bunu bacarsınlar. O zaman çox bədbəxtliklərin qarşısı alınar, milyonlarla ailə dağılmaqdan xilas olar, on milyonlarla uşaq yetim qalmaz. Xoşbəxt və rahat yaşamaq üçün deyilənləri etməyə dəyər.
Lalə Mehralı
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması" istiqaməti çərçivəsində hazırlanıb
Bütün xəbərlər Facebook səhifəmizdə