31 mart tarixində reallaşan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının qeyri-formal Zirvə görüşü bir çox vacib anlarla yadda qalan oldu. Xüsusilə ölkə başçımızın görüşdə geniş məzmunlu nitqlə çıxış etməsi, Türkdilli Dövlət Başçılarının Azərbaycan Prezidentinə və xalqına qələbə təbrikləri səsləndirməsi və işğaldan azad olunmuş torpaqlarımızın bərpası prosesində iştirak etməyə hazır olduqlarını bildirmələri görüşün vacib anlarından idi.
Çıxışı zamanı ölkə başçımızın Zəngəzur dəhlizi ilə bağlı səsləndirdiyi fikirlər isə həm Azərbaycan və qardaş Türkiyə Respublikaları, həm regionumuz, həm də Ermənistan üçün olduqca əhəmiyyətli idi. Qeyd etmək lazımdır ki, bu, ölkə başçısının Zəngəzurla bağlı ilk çıxışı deyildi. İki il öncə, 2019-cu il oktyabrın 15-də Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşü zamanı çıxışında da cənab Ilham Əliyev Zəngəzurla bağlı fikirlərini bildirmiş və vurğulamışdır ki, “Zəngəzur bölgəsinin Azərbaycandan alınıb Ermənistana birləşdirilməsi böyük türk dünyasını coğrafi baxımdan parçaladı”. Bugün də ölkə başçısı bənzər kontekstdən çıxış edərək, Zəngəzurun Azərbaycandan alınaraq Ermənistana birləşdirilməsinin türk dünyasının coğrafi baxımdan parçalanması olduğunu və bunun sanki bədənimizə saplanmış xəncərə bənzədiyini bildirmişdir.
Dəhlizin reallaşması nəticəsində əldə ediləcək üstünlüklər bunu deməyə əsas verir ki, Zəngəzur dəhlizinin istifadəsi bütün bölgə ölkələrinə həm iqtisadi, həm də strateji baxımdan üstünlüklər qazandıracaq. Dəhliz nəticəsində türk coğrafiyasının birləşəcəyi, Ermənistanla Rusiya və İran arasında dəmir yolu əlaqələrinin qurulacağı ehtimal olunur ki, bu bütün ölkələrin qazanacağı mənasına gəlir. Dəhlizin türk dünyası üçün xüsusiyyəti isə ondan ibarətdir ki, Zəngəzur dəhlizi bütövlükdə türk dünyasında yeni siyasi-iqtisadi mənzərənin formalaşmasına zəmin yaradacaq. Bu ərazidən keçən nəqliyyat xətti türkdilli dövlətlərin əməkdaşlıq imkanlarını genişləndirəcək, Avropa ilə Asiyanı bağlayacaq və regionda sülhün, təhlükəsizliyin, sabitliyin və inkişafın daimi olması üçün yeni imkanlar yaradacaqdır. Onu da vurğulamaq lazımdır ki, dəhlizin Azərbaycan üçün üstünlüklərindən biri də dəhliz nəticəsində Azərbaycanın regionun nəqliyyat qovşaqları habına çevrilməsi olacaqdır.
Ermənistan isə yenə heç kimi təəccübləndirməyərək, özünün belə xeyrinə olacaq bu layihəyə əngəllər törətməyə çalışır. Xatırlatmaq istərdim ki, bu, Ermənistanın ilk belə cəhdi deyil. Ermənistan daha əvvəl də sadəcə Azərbaycan tərəfindən irəli sürülüb deyə əslində xeyrinə olacaq layihələrə qarşı çıxmağa cəhd edib. Belə ki, 44 günlük müharibədən bir müddət əvvəl Azərbaycan tərəfindən irəli sürülmüş və BMT Baş Assambleyasının COVID-19 ilə mübarizəyə həsr olunmuş Xüsusi Sessiyasının keçirilməsi təşəbbüsünə qarşı çıxış edən yeganə dövlət Ermənistan idi. Halbuki Ermənistanda o dövrdə koronavirusla bağlı vəziyyət acınacaqlı halda idi. Buna baxmayaraq, Ermənistan təşəbbüsün əleyhinə yalnız onun Azərbaycan tərəfindən irəli sürüldüyünə görə çıxış etdi. Bu isə ancaq irrasional düşüncənin məhsulu ola bilər. Əlbəttə ki, Ermənistanın bu cəhdi də əvvəlkilər kimi uğursuz oldu və ölkə başçımızın Qoşulmama Hərəkatının sədri kimi irəli sürdüyü təşəbbüs dəstəkləndi, Sessiya baş tutdu. Şübhə yoxdur ki, dəhlizlə bağlı olan vəziyyətdə də bənzər son müşahidə olunacaq. Azərbaycan həmişə olduğu kimi istədiyinə nail olacaq və dəhlizin icrasını ən qısa müddətdə reallaşdıracaq.
Görüşün sonunda Türk Şurasına üzv ölkələr Azərbaycan Prezidentini və xalqını əldə etdiyi Qələbə münasibətilə təbrik etmiş və Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin bərpası, yenidən qurulması və reinteqrasiyası istiqamətindəki səylərində Azərbaycan hökuməti və xalqı ilə həmrəy olduqlarını ifadə etmişlər.
Kəmalə Mustafayeva,
YAP Pirallahı rayon təşkilatı Qadınlar Şurasının sədri
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB