Azərbaycan MDB-də COVID-19 əleyhinə vaksinasiya səviyyəsinə görə liderdir ŞƏRH
Prezident İlham Əliyev: "Bəlkə də dünyada öz vətəndaşına bu qədər qayğı və diqqət göstərən ikinci ölkə yoxdur"
Bu, aksiomadır. Bəli, dövlət başçısı çıxışlarında dəfələrlə bu cavabı verib. Və ölkə başçısının bu cavabı Azərbaycan dövlətinin sosial siyasətinin fəlsəfəsi, iqtisadi inkişafın nəticələrinin əhalinin rifah halının yüksəldilməsinə yönəldilən real sübutudur. Bu prinsip hər gün daha geniş şəkildə davam etdirilir. Xüsusən, son aylar Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə koronavirus (COVID-19) pandemiyasına qarşı genişmiqyaslı tədbirlər görülür, məşğulluğa və sosial rifaha dəstək məqsədilə fəal siyasət aparılır. Və son həftələr ölkədə karantin müddətinin uzadılmasına ehtiyacın olması da, məhz dövlətin öz vətəndaşının sağlamlığını hər şeydən üstün tutmasının reallığını təsdiq edən amildir.
Bu gün doğrudan da, bugünkü məqamda ən önəmli məsələlərdən biri də sosial məsuliyyət məsələsidir. İndiki situasiya təkcə dövlət orqanları qarşısında deyil, hər bir vətəndaş qarşısında ciddi məsuliyyət müəyyənləşdirir. Hamı başa düşməlidir ki, sosial yönündən asılı olmayaraq atılan müvəqqəti və məcburi addımların cəmiyyətin sağlamlığı, təhlükəli virusun neqativ təsirlərindən maksimum dərəcədə qorunmaq üçündür. Bir məqamı da təəssüflə vurğulamaq lazımdır ki, sosial şəbəkələrdə şayiə və dezinformasiya, təşviş doğuran xəbərlər yayanlar da var və belələri təhlükəsizlik orqanları tərəfindən ciddi tədbirlər görüləcək, görülməlidir də. Belə ki, bu günlərdə bəzi sosial şəbəkələrdə Azərbaycanda ərzaq qıtlığı yaranacağıyla bağlı heç bir əsası olmayan xəbərlərin yayılmasıdır. Amma anlamaq lazımdır ki, koronavirusla bağlı situasiya hökumətin tam nəzarətindədir və bütün atılan addımlar Azərbaycan insanı, onun sağlamlığı və təhlükəsizliyi üçündür!
Azərbaycanın pandemiyaya qarşı mübarizədə göstərdiyi nümunə
Bu gün bütün sahələrdə nümunə göstərən Azərbaycan bölgənin lider dövlətlərindən olaraq pandemiyaya qarşı mübarizədə göstərdiyi nümunə diqqətəlayiqdir. Hazırda Azərbaycan yoluxanların və vəfat edənlərin sayının azlığına, habelə yoluxma və sağalma hallarının nisbətinə görə ən yaxşı nəticələr nümayiş etdirən ölkələr sırasındadır. Azərbaycan dövləti infeksiyasının yayıldığı ilk günlərdən vəziyyəti nəzarətə götürüb, genişmiqyaslı tədbirlər həyata keçirməyə başlayıb, istər insanların sağlamlığının və təhlükəsizliyinin təmin edilməsi, istərsə də koronavirus xəstələrinin müalicəsi, səhiyyə infrastrukturunun təkmilləşdirilməsi, yeni xəstəxanaların açılması və tibb müəssisələrinin texniki təchizatı baxımından bütün məsələləri uğurla həll edib. Azərbaycan Prezidentinin həyata keçirdiyi siyasət bir daha göstərir ki, dövlətimiz üçün insan amili, vətəndaşların sağlamlığı, təhlükəsizliyi, ölkəmizin inkişafı və cəmiyyətimizin rifahı başlıca vəzifədir və bu məqsədə nail olmaq üçün bütün vasitələrdən istifadə olunur.
Qeyd edək ki, dünyanın bir çox ölkəsi ötən ilin dekabrından əhalini koronavirus infeksiyasına qarşı peyvəndlənməsinə başlayıb. Ölkəmizdə COVID-19-a qarşı vaksinasiyaya yanvarın 18-də start verilib və hazırda tam sürətlə davam edir. MDB ölkələrində koronavirusa qarşı peyvəndləmənin səviyyəsi barədə məlumatlara əsasən regionda peyvəndləməyə ilk başlayan ölkələrdən biri olan Azərbaycan həm peyvənd olunma həcminə, həm də ondan istifadə sürətinə görə əksər ölkələri qabaqlayır. Belə ki, milli peyvəndləmə strategiyasına uyğun olaraq, sifariş edilmiş 4 milyon doza “CoronaVac” peyvəndi vasitəsi ilə risk qruplarına aid şəxslərin peyvəndlənməsi aparılır. Lakin koronavirus dünyaya yeni mutasiyalar təqdim edir və bir sıra ölkələrdə yeni yoluxma dalğasının yaranmasına səbəb olur ki, bu da ölüm dərəcələrinin artması ilə müşayiət olunur və nəticədə sərt karantin tədbirlərinin tətbiqinə zəmin yaradır. Bu vəziyyətdə aşılama əhəmiyyətli rol oynaya bilər. Vaksinasiyanın sürəti artırılarsa, ölüm və xəstəxanaya yerləşdirmə səviyyələrini, xüsusilə də risk qrupuna adi olan insanlar arasında, azaltmaq mümkün olacaq. Statistika göstərir ki, Azərbaycan peyvəndləmə səviyyəsi baxımından MDB ölkələri arasında lider mövqelərdədir. Belə ki, açıq mənbələrdən alınan məlumatlarda martın 26-na olan duruma görə, Azərbaycanda 518 867 nəfərin ilk doza ilə peyvənd olunduğu bildirilir. Bu da əhalinin 5,2 faizini təşkil edir. Rusiyada isə vaksinasiya olunanların sayı 6,3 milyon nəfərdir ki, bu da əhalinin 4,3 faizini təşkil edir. Bu göstərici Belarusda 2 faiz təşkil edirsə, Moldova, Qazaxıstan və Ukraynada heç 1 faiz səviyyəsinə çatmır. Qonşu Gürcüstan COVAX təşəbbüsü vasitəsilə 72 400 doza peyvənd əldə etmək imkanına malikdir, lakin cəmi 5 min nəfər peyvənd olunub. Ermənistanda isə vaksinasiya hələ başlamayıb. Hər 100 nəfərə düşən peyvənd olunanların sayına görə də Azərbaycan liderlər sırasındadır, yalnız Rusiyadan geridədir. Rəqəmlər bir daha Azərbaycanın əhalinin peyvəndlənmə prosesinə kifayət qədər ciddi yanaşdığını sübut edir.
Prezident İlham Əliyev: “Dünyada peyvəndlərin bölüşdürülməsində müşahidə edilən ayrıseçkilik məyusluq yaradır”
Prezident İlham Əliyev aprelin 1-də Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesusla videokonfrans formatında görüşü zamanı koronavirusa qarşı peyvəndlərin bölüşdürülməsində müşahidə edilən ayrıseçkilik məyusluq yaratdığını deyib. Dövlət başçısı pandemiya ilə mübarizə istiqamətində ölkəmizdə görülən işlərdən, bu sahədə Azərbaycanın beynəlxalq əməkdaşlığa verdiyi töhfələrdən danışan dövlətimizin başçısı ölkəmizin təşəbbüsü ilə BMT Baş Assambleyasının koronavirus xəstəliyi ilə mübarizəyə həsr edilən xüsusi sessiyasının, Türk Şurasının fövqəladə Zirvə görüşünün keçirildiyini bildirib. Habelə BMT-nin İnsan Hüquqları Şurasının 46-cı sessiyası çərçivəsində Qoşulmama Hərəkatının sədri qismində Azərbaycanın təşəbbüsü ilə “COVID-19 əleyhinə peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi” adlı qətnamənin qəbul edildiyini vurğulayıb.
Azərbaycan Prezidenti dünyada pandemiyaya qarşı mübarizənin əhəmiyyətinə toxunaraq bəzi ölkələrin tələb olunandan daha çox peyvənd sifariş etdiyini, bəzi ölkələrin isə ciddi problemlərlə üzləşdiyini, peyvəndlərin ədalətli şəkildə bölüşdürülməsində müşahidə edilən ayrıseçkiliyin məyusluq yaratdığını diqqətə çatdırıb. ÜST-nin Baş direktoru Tedros Adhanom Qebreyesus Azərbaycanın təşkilata bütün sahələrdə, o cümlədən maliyyə sahəsində 10 milyon dollar dəyərində etdiyi yardımı yüksək qiymətləndirərək ölkəmizin Ümumdünya Səhiyyə Təşkilatına siyasi və mənəvi dəstəyinin çox dəyərli olduğunu qeyd edib. Ölkəmizin vaksinlə təmin olunmasının əsas səbəbi dövlət başçımızın güclü və uzaqgörən siyasətinin nəticəsidir. Azərbaycan öz vətəndaşlarını vaksinlə təmin edən ilk dövlətlərdən biridir ki, bu gün də birinciliyi qorumağa davam edir. Məhz dövlət başçımızın güclü uzaqgörən siyasətinin nəticəsidir ki, bütün sahələrdə olduğu kimi, Azərbaycan pandemiyaya qarşı mübarizədə də elə ilk vaxtlardan dünya dövlətlərinin vaksinlə ədalətli şəkildə təmin olunmasını öz üzərinə götürən COVAX platforması ilə əməkdaşlıq edib. Hazırda Azərbaycan MBD dövlətləri arasında vaksinasiyadan keçənlərin sayına görə ilk yerdə olması respublikamızın istər iqtisadi, istərsə də siyasi cəhətdən güclü dövlət olmasının sübutudur.
TƏBİB-dən karantin rejimi ilə bağlı açıqlama
“Son günlər koronavirusa yoluxma sayında artım var”. Bunu TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu departamentinin rəhbəri Yaqut Qarayeva deyib. O bildirib ki, bu, gözlənilən prosesdir: "Mərhələli olaraq sərtləşmə rejimindən çıxdıq. Kafe-restoranlar, məktəblər açıldı. Bu artımda hər birimizin rolu var". Onun sözlərinə görə, yanvarın 18-dən vaksinasiyaya başlanılıb: "Azərbaycan dünya ölkələrində ilklərdən idi. Vakansiya çox yaxşı gedir və mərhələli şəkildə davam edir. Bütün bölgələrdə vaksinasiya prosesi gedir. Son müşavirədən sonra bizə verilən tapşırığa əsasən vaksinasiyanı sürətləndirməliyik".
Y.Qarayeva bildirib ki, vaksinasiya yeni bir şey deyil, 100 illərdir insanları ölümcül və qorxunc xəstəliklərdən qoruyub: “Vaksinasiyadan qorxmamalıyıq. Onun kiçik fəsadlarından çəkinməməliyik”. Bir sözlə, koronavirusla bağlı situasiya hökumətin tam nəzarətindədir. Ola bilsin dövlət xalqın təhlükəsizliyi üçün bir qədər də zəruri və sərt addımlar atsın. Amma onu bilməliyik ki, bütün atılan addımlar Azərbaycan insanı, onun sağlamlığı və təhlükəsizliyi üçündür!
R.HÜSEYNOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB