Münaqişənin həlli bütün regionun inkişafı üçün yeni imkanlar yaradır

Münaqişənin həlli bütün regionun inkişafı üçün yeni imkanlar yaradır

Keçən əsrin 90-cı illərinin əvvəllərində yenicə müstəqillik qazanmış respublikamızda yaranmış hakimiyyət boşluğundan, hərc-mərclikdən istifadə edən mənfur Ermənistan dövləti torpaqlarımızın 20 faizinin işğalı, 1 milyondan artıq soydaşımızın öz yurdlarından didərgin düşməsi və minlərlə vətəndaşımızın həlak olması ilə nəticələnən təcavüzkarlıq planlarının icrasına başladı. Təəssüf ki, o dövrdə bu planı dayandıra biləcək qətiyyətli siyasi iradə və lider yox idi. Bu Azərbaycan üçün qaçılmaz sonla nəticələnən böyük bir fiaskoya gətirib çıxarmışdı. Azərbaycan torpaqlarını və minlərlə soydaşını itirdi.

Acınacaqlısı budur ki, Azərbaycanın əlində real faktlar olmasına baxmayaraq rəsmi İrəvan törətdiyi cinayət əməllərinə hər zaman beynəlxalq ictimaiyyətin gözündə don geyindirmiş və müəyyən məqamlarda havadarlarının köməyi ilə işğalçılıq siyasətlərinə tətbiq olunan sanksiyaların, qərarların, qətnamələrin yalnız kağız üzərində qalmasına nail olmuşdur. Hətta, torpaqlarımızın qeyd-şərtsiz azad edilməsi barədə BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 Qətnamənin olmasına baxmayaraq 26 ildir ki, bu qətnamələr kağız üstündə qalmış və icrası təmin edilməmişdir. Maraqlıdır ki, bəzi hallarda heç günlər belə çəkməyən qətnamələrin icrası prosesi Qarabağ münaqişəsində illər çəkmişdir. Dünyanın bizə qarşı bu laqeydliyi isə son nəticədə Azərbaycanın özünün bu münaqişəni həll etməsinə və BMT TŞ-nin qətnamələrini icra etməsinə gətirib çıxarmışdır. Azərbaycan öz gücünə, öz Ordusunun, əsgərinin canı-qanı bahasına torpaqlarını işğaldan azad etmiş, sözün əsl mənasında 44 günlük Vətən Müharibəsində dastan yazmışdır. İgidlərimizin göstərdiyi şücaət, Vətən torpağı uğrunda gözünü belə qırpmadan ölümə hazır olması xalqımızı fərəhləndirdiyi kimi, düşməni də sarsıtmışdır. Bu elə bir sarsılma idi ki, Ermənistanı 30 illik yuxudan ayıltdı və “yenilməzlik” miflərini darmadağın etdi. Hələ də erməni cəmiyyəti bu sarsılmadan özünə gələ bilmir və ölkədəki qarışıqlıq səngimədən davam edir.

Qeyd edək ki, 30 il davam edən işğal təkcə Azərbaycan xalqının iqtisadiyyatına, kənd təsərrüfatına deyil, ümumilikdə regionun inkişafına maneə olmuşdur. Hətta Ermənistan da işğaldan əziyyət çəkmiş, bütün regional layihələrdən kənarda qalmış, iqtisadiyyatı çökmə səviyyəsinə gəlmişdir. Əslində demək olar ki, işğal Ermənistana heç nə qazandırmamış, əksinə onun iqtisadiyyatına və inkişafına mənfi təsirlər göstərmişdir. İndi Azərbaycanın qələbəsindən sonra regionda yarana biləcək yeni reallıqlar Ermənistan üçün də yaxşı gələcək vəd edə bilər amma o şərtlə ki, Ermənistan işğalçılıq prinsiplərindən tamamilə əl çəkməli və heç bir tarixi kökə əsaslanmayan ərazi iddialarından bir dəfəlik qurtulmalıdır. Vurğulamaq lazımdır ki, işğaldan azad edilmiş torpaqlarımızın geosiyasi əhəmiyyətə malik olması bu torpaqlarda nəqliyyat xətlərinin tezliklə açılmasını zəruri edir. Xüsusilə də bütün türk dünyasını birləşdirəcək tarixi Azərbaycan torpağı olan Zəngəzur dəhlizinin açılması Orta Asiya ilə Avropa arasında körpü rolunu oynayacaq, eyni zamanda Avrasiya üçün yeni nəqliyyat damarı rolunu oynayacaqdır. Zəngəzur dəhlizi, sözün əsl mənasında bütün bölgə dövlətləri üçün qazanclı layihədir. İstər Azərbaycan və Türkiyə, istərsə də Ermənistan, Rusiya və İran bu layihədən həm maddi, həm strateji baxımdan gəlir edə bilər. Belə ki, Azərbaycan və Türkiyə bu nəqliyyat dəhlizi ilə birləşə bilər. Ermənistan və Rusiya, Ermənistanla İran arasında dəmir yolu əlaqəsi yarana bilər. Əlbəttə ki, Azərbaycan ərazisindən keçməklə. Bəli, dəhliz bir çox istiqamətdən yaralı və qazanclıdır amma Ermənistan dövləti bütün bunları gözardı edir və süni əngəllər yaradaraq dəhlizə maneə olmağa can atır. Əlbəttə ki, bu cəhdlər nəticəsiz qalacaq. Azərbaycan 44 günlük müharibə ilə Ermənistanın kapitulyasiya aktını imzalamağa məcbur etdiyi kimi, bu aktın 9-cu maddəsində öz əksini tapan nəqliyyat layihələrinin reallaşmasını da təmin edəcək.

Bəli, 10 noyabr bəyanatı ilə Ermənistanın məğlubiyyəti rəsmiləşmiş, Ermənistan hökumətinin rəsmisi kimi Paşinyan Ermənistanın kapitulyasiya aktına qol çəkməyə məcbur olmuşdur. Amma bu, belə Ermənistanı cinayətkar əməllərdən çəkindirməyə kifayət etmir. Təəssüflər olsun ki, Ermənistan münaqişə bitsə də minalanmış ərazilərimizin xəritəsini Azərbaycana verməməklə hələ də öz cinayətkar əməllərini davam etdirir. Əlbəttə ki, biz buna təəccüblənmirik, erməni xislətinin belə qısa müddətdə dəyişməsini də gözləmirik . Amma dünyanın buna susması və hələ də günahsız insanların ölümünə səbəb olan Ermənistanı, xəritələri Azərbaycana verməyə məcbur etməməsi bizi təəssüfləndirir. Deməli, işğal və müharibə dövründə olduğu kimi indi də beynəlxalq ictimaiyyət haqlının yanında olmaqdansa, hansısa maraqlar naminə işğalçının yanında olmağa davam edir. Amma əminik ki, bu Azərbaycanı ləngitsə də dayandırmayacaq. Azərbaycan torpaqlarını sürətlə işğalçıdan təmizlədiyi kimi, işğalçının torpaqlarımızda qoyduğu izləri də sürətlə təmizləyəcək və illərdir ki, evlərindən, torpaqlarından didərdin düşmüş soydaşlarımızı doğma yurd-yuvasına qaytaracaq.

Beləliklə, qazanılan uğurların, görüləcək işlərin, həyata keçiriləcək layihələrin, aparılacaq abadlıq, yenidənqurma işlərinin əsasında əldə etdiyimiz möhtəşəm Qələbə dayanır. Bu qələbə isə sadəcə Azərbaycanın deyil, bütün türk dünyasının qələbəsidir. 44 günlük müharibə bizə bir daha göstərdi ki, qardaş Türkiyə hər zaman olduğu kimi Azərbaycanın ən çətin günlərində də yanındadır və beynəlxalq səviyyədə mənəvi və diplomatik dəstək nümayiş etdirməyə hazırdır. Cənab İlham Əliyevin də daim vurğuladığı kimi Türkiyənin prinsipial mövqeyi Azərbaycanın qələbəni təmin etməsində müstəsna əhəmiyyətə malikdir. Bu gün torpaqlarımızın bərpası prosesində də türk şirkətləri maksimum aktivlik göstərməklə bizləri qürurlandırır. Qeyd edək ki, qardaş Türkiyə Respublikasının lideri cənab Rəcəb Tayyib Ərdoğan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının videokonfrans formatında qeyri-formal Zirvə görüşündə çıxışı zamanı Ramazandan sonra ölkə başçımız cənab İlham Əliyevlə birgə Şuşaya getmək istəyini dilə gətirmişdir. Şübhəsiz ki, iki türk dövləti liderini Azərbaycan üçün mənəvi dəyəri bənzərsiz olan Şuşada görmək bütün türk xalqlarını xoşbəxt və məmnun edəcəkdir. Onu da vurğulamaq istərdim ki, digər türk dövlətləri də, Azərbaycanın qələbəsinə sevinir və Azərbaycan torpaqlarının bərpası prosesində iştirak etməyə hazır olduqlarını bildirirlər. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Zirvə görüşündə bu dilə gətirilmiş və Azərbaycanın qələbəsinin türk dünyasını gücləndirdiyi vurğulanmışdır.

Müslümov Loğman

Pirallahı RİH Başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin

müavini (dini qurumlarla işin təşkilatçısı)

Bütün xəbərlər Facebook səhifəmizdə