Aprel döyüşlərində şanlı tarix yazanlar

Aprel döyüşlərində şanlı tarix yazanlar

Lələtəpə uğrunda gedən döyüşlərdə şəhid olan mayor Rasim Əbdül oğlu Məmmədov

2016-cı il aprelin 1-dən 2-nə keçən gecədən başlayaraq Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin Qondarma Dağlıq Qarabağ Respublikasının hərbi birləşmələri arasında baş vermiş hərbi münaqişədən artıq 5 il ötür. Aprel döyüşləri Dağlıq Qarabağda 1994-cü ildə atəşkəs haqqında saziş imzalandıqdan sonra ən şiddətli döyüşlər idi. Döyüşlər Azərbaycan Silahlı Qüvvələrinin qələbəsi ilə nəticələndi. Belə ki, Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər və Seysulan kəndi, Cəbrayıl rayonunun Lələ təpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi, Tərtər rayonunun Qazaxlar kəndi və Tərtər rayonunun Suqovuşan (Madaqiz) kəndi istiqamətində yollar düşməndən azad olundu. Ümumilikdə Azərbaycan Silahlı Qüvvələri tərəfindən 2,000 hektarlıq ərazi azad edildi.

Bu döyüşlərdə qəhrəmanlıq göstərərək şəhid olan vətən övladları sırasında Azərbaycan Silahlı Qüvvələrinin mayoru Rasim Əbdül oğlu Məmmədovun da adı var. Rasim Məmmədov 4 aprel 2016-ci il tarixində Lələtəpə uğrunda gedən döyüşlərdə şəhid olub. Döyüşlər zamanı göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə ölümündən sonra "Vətən Uğrunda" və "Qüsursuz xidmətə görə" II dərəcəli medalı ilə təltif edilib. Rasim Məmmədov 1977-ci ilin 20 may günündə Babək rayonunun Cəhri kəndində I Qarabağ müharibəsinin əlili Əbdül və Nazilə Məmmədovların ailəsində anadan olub. Onun atası Əbdül Məmmədov müharibədə Naxçıvanda strateji yüksəklik olan Mil təpədə aldığı güllə yarasından ayaqları iflic olmuşdu. 25 ildən artıq əlil arabasında ömür yaşayan Əbdül 2016-cı ilin 27 aprel günündə oğlunun şəhidliyindən 23 gün sonra dünyasını dəyişib. Vətənpərvərlik ruhunda tərbiyə alan R.Məmmədov 1983-cü ildə Cehri kənd orta məktəbinin birinci sinfinə daxil olur. 1994-cü ildə həmin məktəbi bitirir. 1996-cı ildə Bakı Ali Birləşmiş Komandirlər Məktəbinə daxil olan Rasim Məmmədov 2000-ci ildə həmin məktəbi tank qoşunları komandanı ixtisası üzrə başa vurur. R.Məmmədov Müdafiə Nazirliyinin əmri ilə hərbi xidmətini "N" saylı hərbi hissədə davam etdirir. R.Məmmədov 2000-ci ildən 2001-ci ilə qədər "N" saylı hərbi hissədə təlim taborunun tuşlayıcı tağımının komandiri, 2001-ci ildən 2002-ci ilə qədər isə həmin hərbi hissədə təlim döyüş tankları tağımının komandiri vəzifələrində çalışır. 2002-ci ildə baş leytenant rütbəsi alan R.Məmmədov, həmin ildən 2005-ci ilə qədər "N" saylı hərbi hissədə tank tağımının komandiri vəzifəsində çalışır. İşini layiqli şəkildə yerinə yetirərək, 3 il sonra, 2005-ci ildə kapitan rütbəsini alır. "N" saylı hərbi hissədə Mexanikləşdirilmiş bölük komandiri vəzifəsi ona həvalə olunur. Kapitan R.Məmmədov 2007-ci ildən 2010-cu ilə qədər başqa hərbi hissədə Motoatıcı Taborun Qərargah rəisinin Maddi Texniki Təminat üzrə köməkçisi, 2010-cu ildən 2011-ci ilə qədər isə həmin Motoatıcı Taborun rəisi vəzifəsində çalışır. Daha sonra o, bir müddət digər hərbi hissənin Motoatıcı Taborun Qərargah rəisi kimi xidmət edir. Elə həmin ildə, 2011-ci ildə mayor rütbəsinə layiq görülür. 2011-ci ildən 2012-ci ilə qədər "N" saylı hərbi hissədə Motoatıcı Taborun komandirinin müavini, 2012-ci ildən 2014-cü ilə qədər isə, həmin hərbi hissədə Motoatıcı Taborun komandiri vəzifəsində çalışan mayor R.Məmmədov 2014-cü ildən 2015-ci ilə qədər həmin hərbi hissənin 2-ci Motoatıcı Taborun komandiri kimi xidmət edir. O, 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid olur. Aprelin 5-i doğulduğu Babək rayonunun Cəhri kəndində son mənzilə yola salınır. Bu gün onun ailəsində iki yadigarı Asim adında oğlu və Aysu adında qızı böyüyür. Onlar öz ataları ilə fəxr edirlər. Belə insanlar xalqımızın qəhrəmanlıq tarixinə şərəflə adlarını həkk ediblər. Bu gün hər bir şəhid övladın ruhu şaddır. Bu torpaq uğrunda tökülən qanlar tariximizə Zəfər yazdı. Onların keçdiyi ömür və həyat yolunu vərəqlədikcə qürurlanır və torpaq uğrunda şəhid olmuş vətənpərvər oğulların ruhu qarşısında baş əyirik.

Allah rəhmət eləsin!

Zümrüd BAYRAMOVA

Bütün xəbərlər Facebook səhifəmizdə