Masallıda RİH Başçısının sədrliyi ilə növbəti onlayn müşavirə

Masallıda RİH Başçısının sədrliyi ilə növbəti onlayn müşavirə

Masallı Rayon İcra Hakimiyyətində növbəti onlayn müşavirə keçirilib. Onlayn müşavirədə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov, hüquq-mühafizə orqanları, idarə və müəssisə rəhbərləri, şəhər, qəsəbə, kənd inzibati ərazi dairələri üzrə nümayəndələri, bələdiyyə sədrləri, məktəb direktorları məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri və fəallar iştirak ediblər.

Onlayn görüşü giriş sözü ilə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Ş.Məmmədov açıb, şəhidlərimizin ruhunun bir dəqiqəlik sükutla yad edilməsini xahiş edib.

İcra başçısı müşavirə iştirakçılarının diqqətinə çatdırıb ki, martın 31-də Baş nazir Əli Əsədovun sədrliyi ilə Nazirlər Kabineti yanında Operativ Qərargahın onlayn formatda növbəti iclası keçirilib. İclasda Operativ qərargahın üzvləri, şəhər və rayonların icra hakimiyyəti başçıları və baş həkimlər iştirak ediblər. İclas zamanı ölkədə pandemiyaya qarşı mübarizənin vəziyyəti, yoluxmanın dinamikası və peyvəndləmə prosesinin gedişi müzakirə olunub. Ölkədə peyvənd ehtiyatı ilə bağlı vəziyyətin qənaətbəxş olduğu qeyd edilib.

Bir sıra rayonlar kimi Masallının da məqbul sayıldığını qeyd edən rayon rəhbəri əhalinin 228977 nəfərə çatdığını bildirərək qeyd edib ki, pandemiya dövründə bütün uğurlu nəticələr ərazi nümayəndəlikləri, mobil qruplar, polis əməkdaşları və fəal vətəndaşların birgə əməyi nəticəsində əldə olunub. Hazırda Masallı rayonu üzrə əhalinin vaksinləşməsi davam etdirilir.

"Masallı rayon sakinləri çətinliyə baxmayaraq bütün bu müddət ərzində yaxşı vətəndaş olduqlarını ölkədə bir daha nümayiş etdirdilər", deyə icra başçısı bildirib: "Təhlillər aparıldı. İşdə nöqsanlar da var. Son müşahidələr göstərir ki, əhali arasında arxayınçılıq yaranmışdır. Maskasız gəzənlər çoxalır. Belə hallara yol vermək olmaz".

Ölkə başçısı cənab İlham Əliyevin və birinci vitse-prezident Mehriban xanım Əliyevanın daim millətin yanında olduğunu bildirən icra başçısı geniş nitqində, onların vətəndaşların sağlamlığını ön plana çəkməsinə, rifah səviyyəsinin daha da yüksəldilməsi sayəsində gördükləri işlərə diqqəti çəkib.

Nöqsanlardan danışan Ş.Məmmədov və onlayn müşavirədə çıxış edən Masallı şəhəri üzrə ərazi nümayəndəsi Kamal Mazanov, Banbaşı kənd ərazisi üzrə nümayəndəsi Elsevər Məcidov, Xırmandalı kənd ərazisi üzrə nümayəndəsi Məhəmməd Yusifov, Təklə kənd ərazisi üzrə nümayəndəsi Tural Bəşirov, Təzə Alvadı kənd ərazisi üzrə nümayəndəsi Fəxrəddin Məmmədov və başqaları on gün müddət ərzində, növbəti müşavirə vaxtınadək işlərini nümunəvi qurmağa səy edəcəklərini bildiriblər.

Müşavirədə bəzi ərazi nümayəndəsinə xəbərdarlıq, sonuncu xəbərdarlıq və töhmət elan olunub.
RİH başçısı eyni zamanda təhsilə xüsusi diqqət yetirildiyini bildirib. Rayon təhsil şöbəsinin müdiri Tariyel Əkbərovdən ümumtəhsil məktəblərində dərslərin müəllimlər tərəfindən keçirilməsinə xüsusi diqqət yetirilməsini və bunun bütün məktəb direktorlarına aid olduğunu tələb edib. Ulu Öndər Heydər Əliyevin "Təhsil millətin gəlkəcəyidir" məşhur kəlamını diqqətə çəkib, məktəb direktorlarından Mirxanım Hüseynova (şəhər 1 nömrəli tam orta), Astan İbişov (şəhər 3 nömrəli tam orta), Taleh Əkbərov ("Dəfinə" məktəb-liseyi), Hamlet Quliyev (şəhər 4 nömrəli), İmaməddin Mövsümov (Yeyənkənd tam orta) və başqalarına söz verib, nöqsanlar qeyd olunub. Məktəblərdə yalnız yaxşı vətəndaşlar və bilikli gənclər yetişdirmək tələbi irəli sürülüb. Pandemiya dövründə maskasız hərəkət edən məktəb şagirdlərindən söhbət açılıb. Bu barədə pedaqoji kollektivlərin rəhbərlərinə, onlara dərs deyən müəllimlərə tapşırıqlar verilib.

Onlayn müşavidərədə Masallı Rayon Prokuroru Vəli Mustafayev, RPŞ-nin rəisi Azay Ağayev, Qızılağac kəndinin bələdiyyə sədri Şamil Məmmədov və başqaları çıxış ediblər.

Müşavirədə həmçinin rayonumuzda kənd təsərrüfatı sahəsində görülən işlərdən və qarşıda duran vəzifələrdən də danışılıb. Kənd təsərrüfatı işlərinin gedişindən, xüsusilə yaz tarla işlərinə hazırlıq barədə ətraflı danışan rayon rəhbəri əkin sahələri, suvarma məsələləri, sututarlar, texnika ilə təminat kimi məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Dövlət başçısının ölkəmizdə tərəvəzçiliyin, çayçılığın və çəltikçiliyin inkişafı ilə bağlı verdiyi Sərəncam, tapşırıq və tövsiyələrin rayonda uğurla icra olunur. İstehsal sahələri genişlənir. Hazırda barama tədarükü diqqət mərkəzindədir.

RİH başçısının müavinləri və şöbə müdirləri, DAİM-in rəisi, inzibati ərazi dairəsi üzrə nümayəndəlikləri, bələdiyyə sədrlərinə və Viləşçay su dəryaçasının müdirinə tapşırıqlar verilib.

Müşavirənin işini yekunlaşdıran RİH başçısı Ş.Məmmədov, qeyd olunan nöqsanların aradan qaldərılması və verilən tapşırıqların icra vəziyyətinə on gün müddətində yenidən baxılacağnı bildirib, peyvəndlənmənin əhəmiyyətinə dair maarifləndirmə işinin daha da genişləndirilməsi, vaksinasiya prosesinin sürətləndirilməsi və prosesə nəzarətin gücləndirilməsi barədə tapşırıqlarını verib.

ƏLİHÜSEYN ŞÜKÜROV

Bütün xəbərlər Facebook səhifəmizdə