Piylənmə çoxsaylı ağır xəstəliklərin yaranmasının əsas səbəblərindəndir
Dünya əhalisinin 10 faizə yaxını piylənmədən əziyyət çəkir. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən, 1975-ci ildən bəri piylənmə müşahidə edilən insanların sayı 3 dəfə artıb. Hər il dünyada artıq çəkisi olan uşaqların sayı təxminən 7% artır. ÜST həyəcan siqnalını bütün dünya üçün verib. Lakin bu problemin qarşısını almaq olmur, əksinə getdikcə artır. Tibbi proqnozlara görə, 2025-ci ilə kimi kişilərin 40%-nin, qadınların 50%-nin çəkisi normadan xeyli artıq olacaq. Bu çox təhlükəli statistikadır. Belə ki, piylənmə ağır xəstələrinin sayının artmasına, tibbi xərclərin kəskin yüksəlməsinə gətirib çıxarmaqla sosial-iqtisadi problemləri artırır.
Piylənmə nə deməkdir?
Piylənmə bədənin yağ kütləsinin yağsız kütləyə nisbətdə həddindən artıq artması və nəticədə boy uzunluğuna görə bədən ağırlığının normadan artıq olmasıdır. Piylənmə- dərialtı qatda, orqan və toxumalarda piy toxumasının həddindən artıq toplanması ilə xarakterizə olunur. Piy yığıntıları hesabına bədən kütləsi orta göstəricilərlə müqayisədə 20% və daha çox yüksəlir. ÜST-ün hesabatlarında bildirilir ki, yetişkin kişilərdə bədən ağırlığının 15-18 faizi, qadınlarda isə 20-25 faizini yağ toxuması təşkil edir. Bu rəqəmlərin kişilərdə 25, qadınlarda isə 30 faizdən çox olması artıq piylənmənin əlamətidir.
Mütəxəssislər deyirlər ki, hamının- hamilə, südəmər körpə, məktəbli, gənc, yaşlı, fəhlə, idmançının da gündəlik qəbul etməli olduğu məcburi elementlər var ki, onlar qəbul etdiyimiz qidaların tərkibindədir. Sadəcə, bu qidalar təbii olmalıdır.
Qidalanmaq aclığı dəf etmək, ürəyin istəyən qidaları yemək, gözünə nə göründü, əlinə nə keçdi, harda və necə gəldi nəsə yemək deyil. Qidalanma özlüyündə bir elmdir. O elmi bilən hər kəs nəyi, necə və nə ilə yeməyi yaxşı bilir, qida balansını pozanlar isə müxtəlif ağır xəstəliklərlə yanaşı, əsrimizin bəlasına– piylənməyə düçar olurlar.
Piylənmədə çox yeməyin payı yüksəkdir. Hesablamalara görə, müasir insanlar 50 il əvvəlkilərdən azı 2 dəfə çox yeməyə başlayıblar. Son dövrlərdə tibbdə "gizli aclıq" sindromu adlı xəstəlik qeyd alınıb. Belə ki, müasir qidalarda faydalı elementlər çox az olduğundan, orqanizm özünə lazım olanı ala bilmir və bizi çox yeməyə məcbur edir. Beləliklə, "içi boşaldılmış" GMO və hormonal məhsullardan mədəmiz həcm etibarilə dolsa da, faydalı element etibarilə orqanizm doymur, çox yemək tələb edir və nəticədə zərərli artıq çəki yaranır.
Bəşəriyyət niyə şişir?
Bu tendensiya inkişaf etmiş ölkələrdə daha kəskindir. Belə ölkələrdə təbii qida tapmaq müşkülə çevrilir, insanların çoxu oturaq işlə məşğul olurlar.
Amerikada son 10 ildə piylənmə nisbəti 30 faiz artıb, hazırda əhalinin 60 faizi artıq çəkili, 25 faizi isə piylənmə xəstəliyindən əziyyət çəkənlərdir. Hər il yarım milyona yaxın amerikalının da piylənmədən ölməsi faktdır. Bu ölkə piylənmədən yaxa qurtarmaq üçün 2007-ci ildən bu yana 200 milyard dollardan artıq vəsait xərcləyib.
Rusiyada əhalinin 30 faizindən çoxu piylənmədən əziyyət çəkir. Bu ölkədə kişilərin 34 faizi, qadınların isə 28 faizi artıq çəkiyə malikdir. Qonşu ölkə belə yüksək göstəriciyə əsasən son 20-30 il ərzində nail olub.
İngiltərədə son 15 ildə köklükdən əziyyət çəkənlərin sayı sürətlə artıb. Ölkə əhalisinin 35 faizi piylənir. Bu ölkənin kişilərinin 13, qadınlarının isə 69 faizi şişmandır.
Çində 1989-cu ildə uşaqlar arasında 1.5 faiz olan piylənmə nisbəti 1997-ci ildə 12.6 faizə, yetişkin insanlarda isə 14.6 faizdən 28.9 faizə yüksəlib. 2019-cu ildə Çində piylənmə göstəricisi 32 faizdən artıq olub.
Kanadada hər yetişkin 4 insandan 1-i və hər 10 uşaqdan 1-i piylənmədən əziyyət çəkir. Bu ölkənin əhalisinin 700 min qadını və 400 min kişisi artıq çəkilidir. Ölkədəki bir milyondan artıq şişmanın problemi ilə dövlət özü məşğul olur.
Qonşu Türkiyədə isə piylənmə göstəricisi ötən il 35% çatıb. Ölkənin səhiyyə nazirliyinin açıqladığı məlumatda bildirlir ki, hər il bu ölkədə 3 milyon insan piylənmə xəstəliyindən ölür.
Dövlət Statistika Komitəsinin 2020-cin ilə olan məlumatına görə, Azərbaycanda 15 yaşdan yuxarı əhalinin 8,1 faizində həddindən artıq piylənmə müşahidə edilir, 47,2 faizinin bədəni isə piylənmə ərəfəsindədir. 2011-ci ildə bu rəqəmlər müvafiq olaraq 6,4 faiz və 44 faiz idi.
Ölkəmizdə həddindən artıq piylənmənin müşahidə edildiyi insanların əksəriyyəti yaşı 45-dən çox olan şəxslərdir. Piylənmənin müşahidə edildiyi insanlar arasında qadınların sayı daha çoxdur.
Tədqiqatın nəticələrinə əsasən, Azərbaycanda 15 yaşdan yuxarı əhalinin orta boyu 167 sm, orta çəkisi 69 kq-dır.

Bəs piylənmə hardan yaranır?
Piylənmənin səbəbi müxtəlifdir- GMO məhsullar, fast-food, transgen qidalardır, antibiotiklərin həddən ziyadə istifadəsi, fiziki hərəkətsiz...lik, stress və s-dir. Bütün hallarda isə sağlam qidalanmadan və təbii həyat tərzindən keçməyən yol piylənməyə səbəb olur.
Həkim-dietoloq Nərgiz Nəzirova deyir ki, digər xəstəliklər kimi, piylənmə də cavanlaşıb: "Bunun əsas səbəbləri düzgün qidalanmama, lazımsız içkilər və ərzaqlardan istifadədir. Piylənmənin əsas səbəblərindən biri də hərəkətsizlikdir. Piylənmənin yaranmasına stress də təsir edir. Elə orqanizm var ki, stress keçirdikdən sonra arıqlayır, elə orqanizm də var ki, stressdən kökəlməyə başlayır, çünki stress vəziyyətində iştaha gəlir və insan qida qəbul edir".
Həkim-terapevt Sülhiyyə Mürsəlova deyir ki, alınan enerji xərclənəndən çox olarsa artıq qalan enerji orqanizmdə yağ olaraq yığılır və nəticədə piylənmə yaranır: "Əvvəl bu yağı ev işləri, fiziki hərəkət vasitəsi ilə əridən insanlar artıq müasir texnologiyanın gətirdiyi komfortun və oturaq işin sayəsində bundan uzaqdır. Bəziləri köklüyü yaxşı güzaranın nəticəsi kimi qiymətləndirir, amma köklük bir xəstəlikdir, ondan yaxa qurtarmaq üçün isə xəstə olduğunu qəbul etmək, müalicə kursunu lazımı qaydada aparmaq, təbii həyat tərzi keçirmək və ən əsası sağlam qidalanmaq lazımdır".
Həkim Sahib Məmmədiv isə bildirdi ki, son illər antibiotiklərin də piylənməyə səbəb olması ilə bağlı çox faktlar var: "Düzünü desəm, bir çox həkim bunu inkar edir, amma dünya təcrübəsi var, ÜST-ün hesabatları var, antibiotiklər insan orqanizminə tətbiq edildikdə orda bizim həyat funksiyamızı təmin edən mikrofloranı öldürür. Bu isə öz növbəsində piylənməyə səbəb olur".
Hormonlu toyuqların və GMO qidaların süfrəmizdə həddindən artıq yer aldığını deyən həkim bildirdi ki, bu qidalanma piylənmə üçün zəmin yaradır: "GMO meyvələr, hormonal qidalar, qışda satılan yay meyvə-tərəvəzləri kökəlmədə böyük paya malikdirlər. Bunlardan əlavə şəkərli və qazlı içkilər, qida əlavələri, ət, yağ, ağ çörək, ayaqüstü qidalar da piylənmə yaradan əsas səbəblərdəndir. Ayaqüstü qəlyanaltılar dəbə düşəndən Azərbaycanda piylənmə problemi ortaya çıxıb, əvvəllər belə problemlər olmurdu".

Piylənmə hansı təhlükəli xəstəliklərə səbəb olur?
Artıq çəki bir çox xəstəliklərin və pozulmaların inkişafına təkan verir. Xərçəng, şəkər, mədə-bağırsaq, ürək-qan-damar xəstəliklərinin artmasında piylənmənin əvəzedilməz rolu var. Son araşdırmalar göstərib ki, artıq çəki orqanizmdə iltihabın səviyyəsini artırır və beyinin funksiyalarını da zəiflədir.
Piylənmə psixo-fiziki diskomfort törədir, cinsi pozğunluqlara, onurğa və oynaq xəstəliklərinə səbəb olur. Ateroskleroz, ürəyin işemik xəstəliyi, hipertoniya, miokard infarktı, insult, şəkərli diabet, böyrək və qaraciyər zədələnmələrinin inkişaf riskini, eləcə də bu xəstəliklərdən əlillik və ölüm ehtimalını artırır.
Britaniya Xərçəng Araşdırmalarına görə, 13 cür xərçəng köklüklə əlaqəlidir:
- Döş xərçəngi
- Bağırsaq
- Pankreatik
- qida borusu
- qaraciyər
- böyrək
- yuxarı mədə
- öd kisəsi
- bətn
- yumurtalıq
- tiroid
- qan
- beyin xərçəngi.
Bu ölkədə aparılmış araşdırmalara görə, köklük siqaret çəkmədən daha təhlükəlidir. Belə ki, hesablamalara görə, hər il 42 min yeni bağırsaq xərçəngi halının səbəbi 4800 dəfə köklük, 2900 dəfə isə siqaret olub.
Böyrək xərçəngində 12900 haldan 2900-nün səbəbi köklük, 1600-nün səbəbi siqaret olub. 5,900 qaraciyər xərçəngi halına 1,300 dəfə köklük, 1200 dəfə siqaret səbəb olub. 7500 yumurtalıq xərçəngi halında isə 490 halını artıq çəki, 25 halı isə siqaret yaradıb.

Alimlər nə məsləhət görür?
Amerika Kornell Universitetinin professoru Brayan Uonsink 30 il ərzində artıq çəkisi olan insanların davranış xüsusiyyətlərini öyrənərək belə qənaətə gəlib ki, insanların gün ərzində əsas qida qəbullarında əlavə planlaşdırmamış qidaları (şirniyyatlar, şirələr, qazlı içkilər, qəhvə və s.) qəbul etməsi artıq çəkinin yığılmasına səbəb olur.
Professor "gizli kalorilərlə" mübarizə etmək üçün bu kimi tövsiyələr edir:
1. Bizim beynimiz əsl "qarınquludur". Biz kolbasa, şirniyyatlar, bulka, pirojki, pirojna və s. bu kimi qidaları görəndə, onları mədəmizlə deyil, beyinimizlə istəməyə başlayırıq. Bu qidaları görünən yerlərdə qoymayın və ən yaxşısı budur ki, ümumiyyətlə almayın. Görünən yerlərdə meyvə, su qoya bilərsiniz.
2. Stress vəziyyətində olan insan daha çox qida qəbul edir. Bu vəziyyətdə olduqda qidadan uzaq olun. Əks halda, siz hiss etmədən çoxlu miqdarda qida qəbul edəcəksiniz. Stresdən çıxmanın ən yaxşı yolu fiziki iş və idmandır. Həm stresin orqanizmə olan mənfi təsiri azalır, həm də kalorilər sərf edilir.
3. Evdə hazır qidaları (kolbasa, sosiska, peçenye və s.) saxlamayın. Bu qidalar əlçatandır, onlar əlavə bişirilmə və s. tələb etmir və bu səbəbdən aclığın ilk əlamətlərində biz dərhal onlara əl atırıq. Lakin meyvə, tərəvəzlər evinizdə daim olmalıdır.
4. Ayaqüstü, tələsik qida qəbul etməyin. Bu halda siz lazım olandan daha çox qida qəbul edəcəksiniz. Qida qəbulundan 20 dəqiqə sonra doyumluluq hissi byaranır. Bu səbəbdən qida qəbul etdikdə tələsməyin, hər tikəni yavaş-yavaş çeynəyin. Bununla siz həm mədə-bağırsaq sisteminin sağlamlığını qoruya bilərsiniz, həm də daha az qida qəbul edəcəksiniz.
5. Qida qəbul edəndə danışmayın, televizora baxmayın, qəzet oxumayın. Fikirinizi qidanın qəbuluna yönəldin. Bu halda siz daha az qida qəbul edəcəksiniz.
5. Artıq çəki yığmaq istəmirsinizsə, axşam 23.00-dan gec olmayaraq yatmağa gedin.
Qisa desək, piylənmək və ağır xəstəliklərə düçar olmaq istəmiriksə, təbii və sağlam qidalanmalı, az yeməli, yağ, ət, şəkər, ağ undan hazırlanmış məmulatlardan, qazlı işkilərdən, həör cür süni qidalardan aralı durmaq, fiziki hərəkətdə olmaq, bioloji saatla yatıb-durmaq, stressiz həyat keçirmək lazımdır.
Lalə Mehralı
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması" istiqaməti çərçivəsində hazırlanıb
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB