Davamlı inkişafı və spesifik milli inkişaf modeli ilə tanınan Azərbaycanın uğurlu inkişafı təmin edilib, həyata keçirilən siyasi-iqtisadi idarəçilik modeli nəticəsində, ölkəmizdə bütün sahələrdə uğurlar və yeniliklər əldə olunub. Azərbaycan modeli dünya ölkələri üçün nümunəyə çevrilib. Azərbaycanda həyata keçirilən iri layihələr, islahatlar bir daha təsdiqləyir ki, ölkəmizin gələcəyi, əhalinin həyat səviyyəsinin yüksəldilməsi, güzəranının yaxşılaşdırılması sahəsində atılan addımlar insanların xoşbəxt gələcəyinin təminatına yönəldilib.
Müasir dövrümüzdə Prezident İlham Əliyevin sosial islahatlar proqramının əsas hədəfi dövlət sosial xidmətlərinin innovativ yanaşmalara əsaslanan modern, çevik və optimal mexanizmlər üzərində qurulması, xidmətlərdə sosial ədalət, şəffaflıq, ünvanlılıq, əlçatanlıq və bərabərlik prinsiplərinin təmin edilməsidir. Ölkə başçısının "Əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat sahələrində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" Fərmanı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində yaradılan Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyinin məqsədi də hər bir Azərbaycan vətəndaşının yanında olmaq, məşğulluq, əmək, əlillik və sosial müdafiə sahələrində xidmətlərin keyfiyyətinin yüksəldilməsi, bu xidmətlərdə şəffaflığın artırılması, innovativ həllərin tətbiqi və vətəndaş məmnunluğunun təmin edilməsidir. Azərbaycanın Birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü və Prezident İlham Əliyevin Fərmanı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində yaradılan agentliyin sayca 4-cü DOST Mərkəzi də artıq istifadəyə verildi. Bakının Binəqədi rayonu, Ziya Bünyadov prospektində yerləşən 4 saylı DOST Mərkəzinin açılışında Prezident İlham Əliyev iştirak edib.
DOST Agentliyi Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın dövlət sosial xidmətlərinin vahid platformadan, "bir pəncərə"dən, tam şəffaf, operativ, vətəndaş rahatlığı, nəzakətlilik prinsipi və sadə prosedurlar əsasında təqdim olunması təşəbbüsünün nəticəsidir. Yeni istifadəyə verilən DOST Mərkəzi əhaliyə pensiya, sosial sığorta, sosial müavinət, əlillik, əmək və məşğulluq, övladlığa götürmə, bank, notariat, həmçinin Tibbi Sosial Ekspertiza sahələri üzrə bütövlükdə 132 xidmət göstərəcək. Mərkəzdə 230 nəfərdən çox əməkdaş, habelə "Könüllü DOST" proqramı üzrə 50 nəfər könüllü gün ərzində orta hesabla 800 vətəndaşın qəbulunu həyata keçirəcəkdir. "DOST" Mərkəzinin tərkibindəki "Çağrı Mərkəzi" ölkə üzrə gündəlik 5 minədək zəng qəbuluna şərait yaradır. "ART School" – "İnklüziv İncəsənət Məktəbi" isə ildə orta hesabla 150-200 əlilin təlimlərdən keçməsinə imkan verəcək. İndiyədək DOST mərkəzlərində xidmət göstərilən 330 mindən çox şəxsin məmnunluq dərəcəsi 97,2 faiz təşkil edir.
Yaxın zamanda Abşeronda növbəti DOST Mərkəzi açılacaq, Quba, Sabirabad, Gəncə, Sumqayıtda da artıq bu istiqamətdə iş gedir. Ümumilikdə 16 regional mərkəzin yaradılması planlaşdırılır və önəmli prioritetlərdən biri də işğaldan azad olunmuş ərazilərimizlə bağlıdır ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq artıq Şuşada DOST Mərkəzinin yaradılması ilə bağlı işlərə başlanılıb. Azərbaycanda əhalinin sosial-rifah halının yüksəldilməsi, sosial məsələlərin həlli, həssas qrupların hərtərəfli dövlət qayğısı ilə əhatə olunması istiqamətində görülən işlər Prezident İlham Əliyevin daim diqqət mərkəzindədir. Təsadüfi deyil ki, bu istiqamətdə həyata keçirilən tədbirlər ölkəmizdə etibarlı sosial müdafiə sisteminin formalaşmasına imkan yaradıb. Azərbaycan vətəndaşları mərkəzin məşğulluq, pensiya, sosial müavinət və təqaüdlər, sosial xidmətlər, əlillik, tibbi-sosial ekspertiza və reabilitasiya, sosial sığorta, əmək münasibətləri, həmçinin, sosial-hüquqi, sosial-məişət xidmətləri, sosial-pedaqoji və s. sahələr üzrə xidmətlərindən rahatlıqla yararlana bilirlər. Beləliklə, mərkəz vətəndaşların nazirlik üzrə bütün xidmətlərdən "bir pəncərə"yə müraciət etməsinə və "bir pəncərə"dən faydalanmasına imkan verir. Mərkəz vətəndaşlara məsləhət və məlumat xidmətləri də göstərməklə, onların bilavasitə, telefon və ya internet vasitəsilə müraciətləri əsasında, səyyar və digər üsullarla xidmətlərini həyata keçirir. Bu, "DOST" mərkəzlərinin ölkəmizin dövlət sosial xidmətləri sahəsində "ASAN xidmət"dən sonra Azərbaycanın yeni brendinə çevrilib. DOST layihəsi, artıq özünün dövlət sosial xidmətlərinin innovativ yanaşmalar əsasında, tam şəffaf mexanizmlər üzərində qurulması ilə ölkəmizin bu sahədə yeni brendini formalaşdırıb. Cənab İlham Əliyevin vurğuladığı kimi DOST mərkəzlərinin yaradılması sosial siyasətimizin mahiyyətini göstərir. Əlbəttə ki, Azərbaycanda həyata keçirilən sosial siyasətin əsas məqsədləri əhaliyə göstərilən xidmətlərin keyfiyyətinin artırılması və əhalinin rifah səviyyəsinin yüksəldilməsidir. Bu istiqamətdə aparılan islahatlar, görülən işlər dövlətimiz vətəndaşının mənafeyinə xidmətini ifadə edir.
Nəzakət ƏLƏDDİNQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB