Bir həqiqətdir ki, dünyanın iri şəhərləri, xüsusilə paytaxt şəhərlər məxsus olduqları dövlətlərin siyasi-iqtisadi, tarixi-mədəni inkişaf səviyyəsini, eləcə də şəhərsalma mədəniyyətini özündə göstərmiş olur. Küləklər şəhəri kimi tanınan Azərbaycanın paytaxt şəhəri olan Bakı da yüz illər ərzində formalaşan qədim şərq və müasir qərb memarlığının sintezinə əsaslanan özünəməxsus şəhərsalma ənənələrini özündə əks etdirən məkandır.
Son illərdə Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıq və göstərişlərinə uyğun olaraq Bakıda həyata keçirilən abadlıq-quruculuq işləri nəticəsində paytaxtımızın adı dünyanın ən gözəl və müasir şəhərləri sırasında hallanır. Bakının görkəmi tamamilə dəyişir, mövcud şəhərsalma normalarına cavab verməyən, şəhərin ümumi görünüşünə xələl gətirən yaşayış binaları, sosial və digər qeyri-yaşayış obyektləri sökülərək yenidən qurulur.
Azərbaycan Prezidenti İlham Əliyevin bildirdiyi kimi, "Bu gün Bakı dünyanın ən gözəl şəhəri kimi inkişaf edir. Bakıya gələn qonaqlar, o cümlədən Mənim həmkarlarım həmişə paytaxtda gedən quruculuq-abadlıq işləri haqqında öz təəssüratlarını bölüşürlər və qeyd edirlər ki, Bakı doğrudan da dünyanın ən gözəl şəhərlərindən biridir". Əlbəttə ki, qədimliyinə, ərazisinin böyüklüyünə və əhalisinin sayına görə Şərqin qocaman və ən böyük şəhərlərindən biri hesab olunan Bakının rəmzinə çevrilən və ona yeni sima və rəng verən müasir tikililər - "Alov qüllələri" kompleksi, Beynəlxalq Muğam Mərkəzi, Heydər Əliyev Mərkəzi, eləcə də Xalça muzeyi, Bakı Su İdmanı Mərkəzi və digər tikililər Azərbaycanın iqtisadi göstəriciləridir. Bu və ya digər möhtəşəmlik dünya mətbuatının əsas səhifələrində yer alır. Hazırlanan xüsusi reportajlarda öz əksini tapmış olur. Paytaxtımıza səfər edənlərin zəngin təəssüratları qeydsiz ötüşmür.
Almaniyalı jurnalist Kristel Rebmanın paytaxtımıza səfəri də onun yaddaşında iz salmış və bunu yazıya köçürmüşdü. Almaniyanın "Wilhelmshavener Zeitung" qəzetində Kristel Rebmanın müəllifliyi ilə dərc olunan "Küləklər şəhərində həyəcanlı günlər" adlı məqalədə o, Bakının həm gözəl müasir binalarla, həm də qədim tarixi əks etdirən tikililərlə zəngin olduğunu yazır. Ölkəmizin paytaxtını geniş yaşıllıq ərazilərə və küçələrə malik, gözəl, müasir və geniş bir şəhər kimi xarakterizə edən jurnalist həmçinin, ziyarət etdiyi İçərişəhər, Dənizkənarı Bulvar, Yanardağ, palçıq vulkanlarının mövcud olduğu ərazi, Nobel ailəsinin evi və yerli mətbəx barədə oxucuya geniş məlumat verir. Müəllif Bakının gələcəkdə Dubay şəhərinə rəqabət yaradacağını da vurğulayır.
Əlbəttə ki, şəhərimizin hər bir küçəsi, prospekti maraqlı və əzəmətli təsir bağışlayır. Bakıdakı Dənizkənarı Milli Parkımız ərazisinin böyüklüyünə görə Parisdə Sena çayı sahilindəki parkdan sonra Avropada ikinci yerdədir. Burada "Baku Kristal Hall"ın inşası bu ərazinin görkəminə yeni rəng əlavə edib. Bakı Bulvarında bərpa edilən "Qu quşları" fəvvarə kompleksi də bu əzəmətə, görkəmə xüsusi bir rəng qatır. "Qu quşları" fəvvarə kompleksi 60 ildən artıq tarixə malikdir. Təzəpir məscidinin qarşısındakı yeni bağın və Füzuli küçəsi boyunca salınan Mərkəzi Parkın da istifadəyə verilməsi, "Sovetski" adlanan ərazidə abadlıq və yenidənqurma işlərinin aparılması və s. Bakının inkişafının yeni dövrünü yaşadığını təsdir edir və şəhərimizin gözəlliyinə yeni gözəlliklər qatılır. Elə müəllifi də belə məqalə yazmağa sövq edən bu gözəllik, inkişafdır. "Four Seasons", "Fairmont", "Mariott", "Hilton", "Kempinski", "Jumeirah", "Sheraton", "Hyatt" kimi dünyanın səkkiz aparıcı hotel brendinin Bakıda olması təəssüratsız ötüşə bilməz. Bu reallıqlar və gördüklərimiz Bakını dünyanın seçilən və istirahət üçün nəzərdə tutulan ən möhtəşəm məkanı olduğunu təsdiqləyir.
Zümrüd BAYRAMOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB