İşğaldan azad olunmuş torpaqlarımızda erməni vandalizminin izləri silinəcək

İşğaldan azad olunmuş torpaqlarımızda erməni vandalizminin izləri silinəcək

30 ilə yaxın müddətdir ki, dövlətimiz tərəfindən aparılan uğurlu siyasət, real faktlara, tarixi həqiqətlərə əsaslanan təbliğat nəticəsində dünya ermənilərin əsl simasını, onların beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozduğunu, beynəlxalq təşkilatların qərar və qətnamələrinə məhəl qoymadığını açıq-aydın gördü. Ancaq təəssüf ki, özlərini demokratiyanın beşiyi olaraq qəbul edən bu ölkələr, təşkilatlar reallığı gördüyü halda susdu, göz yumdu. Və nəticədə, Azərbaycan xalqının və dövlətinin münaqişənin sülh yolu ilə həllinə olan inamı tükəndi. Buna paralel olaraq heç bir cəza almayacağına inamı artan azğınlaşmış düşmənin ard-arda yaşayış yerlərimizə hücumu dövlətimizi adekvat cavab verməyə sövq etdi. Beləliklə, sentyabrın 27-dən başlanan, 44 gün davam edən Vətən müharibəsi zamanı bir daha Prezident-xalq-ordu birliyi nümayiş etdirildi və Azərbaycanın inamlı qələbəsi ilə 30 illik münaqişə sona çatdı. Beləliklə, bu gün-münaqişənin sona çatması ilə işğaldan azad edilmiş ərazilərimizdə yeni həyat başlayıb.

Şanlı ordumuzun düşməndən təmizlədiyi ərazilərimizdən yeni görüntülər yayıldıqca faşist xislətli düşmənin 30 ilə yaxın dövr ərzində bu torpaqlarda törətdikləri dağıntıların miqyası daha da aydın görünür. Martın 16-da işğaldan azad edilmiş Şuşaya səfər edən Azərbaycan Prezidenti İlham Əliyev bu məqamlara xüsusi diqqət yetirdi. Qeyd edək ki, ölkə başçımız Şuşada yolla hərəkət edərkən çəkilən qısa videolardan, Şuşada olarkən ziyarət etdiyi hər bir məkandan Ermənistanın vandalizm siyasəti aydın şəkildə görünürdü. Belə ki, işğaldan azad olunmuş digər çəhərlərimizi kimi Şuşada da bir çox tarixi, dini abidələrimiz dağıntılara və təhqirlərə məruz qalmış, bina və yaşayış obyektlərimiz məhv edilmişdir. Əlbəttə ki, bütün bunları görmək bizim üçün təəssüfləndiricidir.

Məlumdur ki, Azərbaycanın paytaxtında-Bakıda illərdir ki, erməni kilsəsi fəaliyyət göstərir və bu kilsə dövlətin nəzarəti altındadır. Hətta 44 günlük müharibə dövründə belə kilsəyə qarşı heç bir narahatlıq verici hərəkət qeydə alınmamış və ya fəaliyyəti dayandırılmamışdır. Bənzər münasibəti Ermənistandan da gözləmək bizim də haqqımızdır amma bu, sözün əsl mənasında, sadəlövhlük olardı. Çünki, Ermənistan monoetnik ölkədir və özlərindən başqa heç bir dövlətin, xalqın tarixini, mədəniyyətini qəbul edib yaşatmaq onların xislətlərində mövcud deyil. Bunun nəticəsidir ki, Ermənistan işğal etdiyi torpaqlarda qurub yaratmaq yerinə, ancaq dağıdıb-sökməyə, məhv etməyə çalışmışdır. Azərbaycan isə tarixin hər bir dövründə öz etnik müxtəlifliyi ilə fəxr etmiş, bunu özünün gücü olaraq qəbul etmişdir. Bu mövzu barədə istənilən qədər danışmaq olar, çünki erməni vandalizminə aid saysız-hesabsız faktlar mövcuddur. Ölkə başçısının Şuşaya səfəri çərçivəsində ziyarət etdiyi hər məkanda buna bir daha şahid olduq. Əsrlərlə tarixi olan Pənahəli xanın sarayından qalan qalıntılarda, dağıdılan Karvansaray kompleksində, dahi sənətkarlarımız Bülbülün, Üzeyir Hacıbəylinin dağıdılan evlərində və s. erməni barbarlığının izləri açıq aydın görünürdü. Butün bunlar misli görünməmiş vandallıqdır. Şuşa şəhərinin indiki vəziyyətinə heç kim laqeyd qala bilməz, çünki bu nadir və bənzərsiz şəhər Qafqazın incisidir. Nəinki Qafqaz regionunda, dünyada onun bənzəri yoxdur.

Artıq torpaqlarımız işğaldan azad olunub və bizləri qarşıda uzun və çətin proses gözləyir. Doğma yurdumuzu yenidən qurmaq, dirçəltmək və abadlaşdırmaq. Şuşaya səfəri zamanı buranı dünyanın ən gözəl şəhərlərindən birinə çevirəcəyinə söz verən dövlət başçısı burada ilk növbədə tarixi və dini abidələrin bərpasına önəm verildiyini açıqlamışdı. Daha sonra isə müasir tipli otellərin, qonaq evlərinin, istirahət mərkəzlərinin inşasına başlanacağını bildirmişdi. Beləliklə, Şuşanın gələcəkdə dünyanın dörd bir yanından gələcək qonaqlarını yüksək səviyyədə qarşılıya biləcək bir turizm bölgəsi kimi tanınacağına hamımız səmimi qəlbdən inanırıq.

Heç bir şübhə yoxdur ki, bəşəriyyətə qarşı mənfur əməlləri ilə özlərini gələcəksizliyə məhkum etmiş ermənilərin dağıdıcılıq əməlləri isə cavabsız qalmayacaq. Onlar bu vəhşiliyə görə beynəlxalq məhkəmələr qarşısında cavab verməli olacaqlar. Azərbaycan 30 ilə yaxın dövr ərzində bu vəhşiliyi törətmiş Ermənistana qarşı təzminat davası açacaq. Ermənistan illərlə törətdiyi başqa cinayət əməlləri kimi, bu dağıntılara görə də cavab verməli olacaq.

Məmləkət Qaraçobanova,

Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatı aparatının əməkdaşı

Bütün xəbərlər Facebook səhifəmizdə