Şuşa Azərbaycanın incisidir

Şuşa-milli memarlıq üslubu ilə orta əsrlərin şəhərsalma sənətinin qiymətli abidəsi adlandırılıb bu diyar. “Şuşasız Qarabağ, Qarabağsız isə ümumiyyətlə Azərbaycan yoxdur.” Ümummilli lider Heydər Əliyev Şuşanın ölkəmiz üçün dəyərini bu sözlərlə ifadə etmişdir. Prezident İlham Əliyevin bildirdiyi kimi Şuşa təkcə şuşalılar üçün yox, bütün azərbaycanlılar üçün, vətənini, millətini sevən hər bir vətəndaşımız üçün əziz bir şəhərdir, əziz bir torpaqdır, əziz bir qaladır, əziz bir abidədir.

Ən böyük Qələbəni, ən böyük məğlubiyyətdən sonra əldə edirsən. Şuşanın işğalı nə qədər acınacaqlı olsa da, 28 il sonra azad olunması daha qürurverici oldu. 28 illik həsrətdən sonra Qarabağımızın simvolu olan Xarı bülbül bu bahar üzümüzə açıldı. 28 illik işğal isə öz zərbəsini vurmuşdu. Tarixi, mədəniyyət abidələri tamamilə dağıdılmış, erməni vandallığının əsirinə çevrilən Şuşanı ilk görən hər bir azərbaycanlı özünü Şuşa qarşısında günahkar saydı. Şəhərin mərkəzində yerləşən, Qarabağ xanlığının banisi, Şuşanın qurucularından olan Pənahəli xanın iqamətgahı olan əzəmətli sarayından əsər-əlamət qalmamışdı. Əsrlər boyu dünyada məşhur olan, orta əsr tacirlərinin hədsiz marağına səbəb olan Qarabağ xalılarının, Qarabağ xalçaçılıq sənəti ənənələrinin öyrənilməsi məqsədilə yaradılan Şuşa Xalça muzeyi və bir sıra mədəniyyət obyektləri işğal dövründə ciddi dağıntılara məruz qalıblar.

Dağıntıları seyr edən beynəlxalq ictimaiyyətin də fikrincə baş verən vəhşiliklərin, vandalizmin bəşər boyu oxşarı olmayıb. Düşmən cansız daş parçalarına belə güllə atmaqdan çəkinməyib. Bu gün ermənilərin törətdikləri dağıntıların beynəlxalq ictimaiyyətə çatdırılması bu soyqırım və dağıntıların təkcə Azərbaycan xalqına qarşı deyil, ümumilikdə bəşəriyyətə, insanlığa qarşı törədilmiş bir cinayət olduğunu göstərir. Məscidlərimin dağıdılması, təhqir olunması isə İslam dininə hörmətsizlik kimi müsəlman dünyasında qəbul olunur.

Tarixin səhvlərindən nəticə çıxarmaq yalnız qüdrətli, uzaqgörən lideri olan xalqlara nəsib olur. Zəfər Qələbəsi Günü kimi qeyd olunan Şuşanın işğaldan azad edildiyi gündən etibarən burada makro abadlıq, yenidənqurma və bərpa işlərinə start verilib. Yüz kilometrlərlə müasir standartlara uyğun yolların, enerji xəttlərinin çəkilişi ilə yanaşı tarixi abidələrin bərpasına başlanılıb. Qəbul edilmiş layihələrdə beynəlxalq təcrübəyə malik yerli və xarici şirkətlərin, xüsusilə, Heydər Əliyev Fondunun iştirakı işlərin sonda zövqlə başa çatacağına əminlik yaradır. Müasir tipli otellərin tikilməsi Şuşanın təbiətini, gözəlliyini nəzərə alaraq bölgəyə gələcək turistlərin qarşılanması üçün geniş imkanlar yaradacaq.

Sözsüz ki, Şuşanın azad edilməsindən danışarkən hərbi əməliyyatlarımızın uğurundan qeyd etmək lazımdır. Ən qürurverici hal isə Azərbaycan əsgərinin yalnız döyüş meydanında əli silahlı düşmənə qarşı vuruşmasıdır. Döyüş meydanında darmadağın edilən düşmən öz acı məğlubiyyətinin qisasını mülki yaşayış məskənlərimizə top mərmisi, raket atmaqla dinc əhalidən çıxmağa çalışırdı. 100-ə yaxın mülki soydaşımızın, azyaşlı uşaqların, qadınların bu təxribatlar nəticəsində həlak olması erməni ordusunun hərbi gücü ilə yanaşı mənəvi cəhətdən də Azərbaycan ordusundan zəif olduğunun göstəricisidr. Xüsusilə müharibənin gedişində dönüş nöqtəsi olan Hadrutun, Şuşanın işğaldan azad edilməsi, uğurlu hərbi strategiya nəticəsində baş tutmuşdur.

Zəfər Qələbəsi münaqişəyə son qoysa da qarşıda digər məsələlərin həlli durur. İşğaldan azad edilmiş torpaqlarımızın abadlaşdırılması, dağıdılmış şəhər, kənd, qəsəbələrin tikilməsi, infrastrukturun qurulması, yolların çəkilməsi ilə bağlı layihələrə start verilib. Vətən müharibəsindəki hərbi uğurları ilə dünyanı heyrətə salan Azərbaycan tezliklə bu layihələrin icrasında da böyük uğurlara imza ataraq Qarabağımızı, Azərbaycanımızın incisi olan Şuşamızın əvvəlki gözəllik nümunələrini bərpa edəcək.

İlqam Əskərov

Yeni Azərbaycan Partiyası Pirallahı rayon

təşkilatının Aparat rəhbəri

Bütün xəbərlər Facebook səhifəmizdə