Prezidentin işğaldan azad edilmiş ərazilərə səfərləri dünyaya siyasi mesajıdır.

Prezidentin işğaldan azad edilmiş ərazilərə səfərləri dünyaya siyasi mesajıdır.

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Qəhrəman Ordumuz düşmən üzərində tam və qəti qələbə qazandıqdan sonra cənab Prezidentin işğaldan azad olmuş torpaqlara ilk səfəri 16 noyabr 2020-ci il tarixdə Fizuli və Cəbrayıl rayonlarına olmuşdu. Bundan sonra cənab Prezident 23 noyabrda Ağdam rayonuna, 23 dekabrda Qubadlı, Zəngilana, 15 yanvarda birinci dəfə Şuşa şəhərinə səfər etmişdir. 14 fevral tarixində Fizuli, Zəngilan və Laçın rayonlarına səfər edib. 15 mart tarixində Fizuli, Xocavənd rayonlarında və 16 martda Şuşa şəhərinində olmuşdur. Cənab Prezident bütün bu səfərlərində işğal dövründə erməni qəsbkarları tərəfindən törədilmiş vəhşiliklər, bütün yaşayış məntəqələrinin yerlə yeksan olunması, Azərbaycanın zəngin mədəniyyətinə vurulan ağır zərbələrdən, mənfur düşmənin bu tarixi zəngin irsimizin silinməsinə yönəlmiş əməlləri barədə öz fikirlərini bildirmişdir. Cənab Prezident bütün bu həqiqətlərin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmasının vacibliyini qeyd etmişdir. Cənab Prezldent demişdir: “ Beynəlxalq təşkilatlar gəlsinlər, görsünlər həqiqətləri. Erməniləri müdafiə edən, onları dəstəkləyən, onlara həmişə arxa, dayaq olan dairələr gəlsinlər, görsünlər bu vəhşilər nə ediblər” Bu səfərlər zamanı cənab Prezident tərəfindən verilən ən mühüm mesajlardan biri bu idi ki, Azərbaycan o torpaqlara qəhrəman xalq kimi, müzəffər dövlət kimi qayıdıb.

Cənab Prezident Şuşa səfəri zamanı hərbi strateq kimi bəzi hərbi əməliyyatlara aydınlıq gətirdi. Cənab Prezident Azərbaycan Ordusunun düşmən üzərində qələbəsinin əsas səbəbləri barədə fikirlərini söyləyərkən bildirmişdir ki, qələbənin əsas səbəblərindən biri uğurlu hərbi strategiya olmuşdur. Bu mənada Hadrut qəsəbəsinin işğaldan azad edilməsi böyük əhəmiyyətə malik olmuşdur. Şuşa əməliyyatının uğurlu keçməsi üçün məhz Hadrutu azad etməyin vacib olduğu Ali Baş Komandan tərəfindən şərh edilmişdir.

Bu səfər zamanı cənab Prezident Azərbaycan Ordusunun mənəvi üstünlüyndən danışaraq, qeyd etmişdir ki, Azərbaycan Ordusu ermənilərdən fərqli olaraq ancaq hərbi birləşmələrə qarşı müharibə aparıb. Ermənistan statistikasına görə, müharibə dövründə təqribən 40-yaxın mülki şəxs həlak olmuşdur ki, onların da böyük əksəriyyəti hərbi əməliyyatlarda iştirak edən mülki şəxslər idi. Halbuki döyüş bölgəsindən çox-çox uzaqda yerləşən Azərbaycan yaşayış məntəqələrinə Ermənistan tərəfindən qadağan edilmiş silahlarla hücum nəticəsində 100-ə qədər dinc azərbaycanlı sakin həlak olmuşdur.

Ümumilikdə Azərbaycan Respublikasının Prezidenti Ali Baş Komandan İlham Əliyev cənablarının işğaldan azad edilmiş ərazilərə səfərləri və orda səsləndirdiyi fikirlər dünya ictimaiyyətinə siyasi mesajdır. Bu da Azərbaycanın döyüş meydanında düşmən üzərində tam və qəti qələbəsindən sonra hələ davam edən informasiya müharibəsinə böyük töhfədir.

Rauf Əliyev,

Milli Məclisin deputatı

Bütün xəbərlər Facebook səhifəmizdə