"Azərbaycanın beynəlxalq aləmdə mövqeləri möhkəmlənməyə başladı" MƏQALƏ

"Azərbaycanın beynəlxalq aləmdə mövqeləri möhkəmlənməyə başladı" MƏQALƏ

Ümummilli lider Heydər Əliyevin xalqın təkidi ilə hakimiyyətə yenidən gəlişindən sonra müstəqil Azərbaycanın tədricən beynəlxalq aləmdə mövqeləri möhkəmlənməyə başladı. 1994-cü ilin sentyabrında "Əsrin müqaviləsi" imzalandıqdan sonra ölkəmizin dünya miqyasındakı nüfuzu daha da artdı. Azərbaycanın xarici siyasətdə uğurlarının əldə edilməsində müstəsna rol oynadı. Bu inkişafı gözü götürməyən qüvvələr həmin ilin oktyabrında dövlət çevrilişi etməyə cəhd göstərsələr də, son anda Ümummilli lider Heydər Əliyev qətiyyəti qarşısında təslim oldular. Onların birinci xəyanətkarlığı ifşa edildikdən sonra həmin qüvvələr bundan nəticə çıxarmaq əvəzinə, növbəti xəyanətkarlıq barədə düşünürdülər. Xüsusi Təyinatlı Polis Dəstəsinə rəhbərlik edən Mahir və Rövşən Cavadov qardaşları xəyanətkar simalarını göstərdilər. İlk əvvəl XTPD-nin üzvləri öz xəyanətkar əməllərinə regionlarda həyata keçirməyə başladılar. 1995-ci il martın 12-dən 13-nə keçən gecə Qazax rayonunun Xüsusi Təyinatlı Polis Dəstəsinin bölmələri Müdafiə Nazirliyinin bu ərazidəki hərbi hissələrindən birinə silahlı basqın edərək 5 ədəd zirehli texnika ələ keçirmişdilər. Rövşən Cavadovun himayədarlıq etdiyi bu dəstə neçə vaxt idi ki, benzin, narkotik maddələr qaçaqmalçılığı və silah alveri ilə məşğul olurdu. Onlar artıq kimsəyə tabe olmaq istəmirdilər. Hüquq-mühafizə orqanlarının normal fəaliyyətini pozan XTPD-nin idarəolunmaz bir quruma çevrilməsi ictimaiyyətin hiddətinə səbəb olmuşdu. XTPD üzvlərinin özbaşınalıqları, xüsusi azğınlıqla fərqlənən cinayət əməlləri bu qurumun sağlam, vətənpərvər, xalqını, millətini sevən üzvlərini də nüfuzdan salır, onların üzərinə kölgə salınmasına gətirib çıxarırdı. Azərbaycan müstəqilliyini əldə etdiyi ilk illərdə hakimiyyətə rəhbərlik edənlərin cəsarətsizliyindən, qorxaqlığından və qeyri-prinsipiallığından yararlanan belə qüvvələr qanunlara tabe olmaq istəmir, soyğunçuluq, quldurluq əməllərini davam etdirir, öz hegemonluqlarını qoruyub saxlamağa çalışırdılar. Ulu öndərin qətiyyəti, respublika hüquq-mühafizə orqanlarının gördüyü operativ tədbirlər nəticəsində regionlarda dövlət orqanlarının normal fəaliyyəti bərpa olundu. Ancaq bu gərginlik Bakıya keçmişdi. Bu azğınlaşmış dəstə və onlara qoşulanlar 8-ci kilometr qəsəbəsində yerləşən idman bazasını seçib orada "düşərgə-qərargah" salmışdılar. Özlərini "məğlubedilməz" hesab edərək, buradan hakimiyyətlə güc dilində danışmağa cəhd etməyə başlamışdılar. 13-14 mart hadisələri bir daha təsdiqlədi ki, Xüsusi Təyinatlı Polis Dəstəsi üzərinə düşən vəzifəni bir kənara qoyaraq, mafioz qruplarla və cinayətkar birləşmələrlə cinayət əlaqəsinə girmiş, xeyli sayda ağır cinayətlər törətmişdir. Halbuki, Xüsusi Təyinatlı Polis Dəstəsini yaradarkən qarşıya qoyulan əsas vəzifə respublikada başlanan erməni separatçı hərəkatının, torpaqlarımızın və xalqımızın təcavüzə məruz qalmasının qarşısını almaq idi. Təəssüf ki, yaxşı silahlanmış və təlim görmüş, xaricdən dəstəklənən düşmənlərlə mübarizə aparmaq məqsədi ilə yaradılmış XTPD-nin xəyanətkar üzvləri silahı öz xalqına, ölkədə ciddi intizam, qayda-qanun yaradan hakimiyyətə tuşladı. Əsas məqsədləri isə hakimiyyəti qeyri-qanuni yolla, silah gücünə devirmək idi. Bu səbəbdən Respublikanın daxili işlər naziri, general-mayor Ramil Usubovun 14 mart 1995-ci il tarixli əmri ilə Xüsusi Təyinatlı Polis Dəstəsi ləğv edildi. Ancaq XTPD-nin üzvləri bu əmri qəbul etmədilər.

1995-ci ildə martın 16-dan 17-nə keçən gecə Bakının 8-ci kilometr qəsəbəsindəki XTPD-nin qərargahı yaxınlığında başlanan atışma Rövşən Cavadovun həyatını itirməsi və XTPD-nin tamamən ləğv edilməsi ilə nəticələndi.

Müstəqilliyimizə və dövlətçiliyimizə qarşı törədilmiş həmin qanlı olaylar elə ilk andaca dəstəklənmədi. Sağlam düşüncəli, xalqa və millətə, Vətənə və torpağa sədaqətli olan adamlar, hər zaman olduğu kimi, bu dəfə də Ulu Öndəri Heydər Əliyevin ətrafında sıx birləşdilər. Vətənə xəyanət edən cinayətkar ünsürlərin həbs olunmasını, törətdikləri bəd əməllərə görə cəzaya layiq görülməsini istədilər. Qəsdin qarşısı vaxtında və qətiyyətlə alındı. Bu qanlı olaylardan neçə-neçə illər keçib. Lakin yaddan çıxmır, unudulmur. Çünki bu arzuolunmaz olaylar Vətənin bütövlüyünü, onun müstəqilliyini arzulayıb sevənlərin və bu müqəddəs amal uğrunda mübarizə aparanların ürəklərində bir yaddaş nümunəsi kimi qalıb. Çünki bu olaylar qara qüvvələr tərəfindən müasir dövlətçilik tariximizə vurulan qara ləkədir, dövlətçiliyimizə namərdcəsinə endirilən xəyanət qəsdidir.

Alim Seyidağa oğlu Mirxasov

Xəzər rayonu 230 nömrəli tam orta məktəbin hərbi rəhbəri

Bütün xəbərlər Facebook səhifəmizdə