Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində Fransada tədbirlər təşkil ediləcək

Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində Fransada tədbirlər təşkil ediləcək

Mayın üçüncü ongünlüyündə keçiriləcək Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində Fransanın bir sıra şəhərlərində mədəni tədbirlər təşkil ediləcək. SİA-nın xəbərinə görə, Azərbaycan-Fransa Gənclik Assosiasiyası (AFGA) tərəfindən təşkil olunacaq tədbir Azərbaycanın dövlət müstəqilliyini yenidən bərpa etməsinin 20 illiyinə həsr olunacaq.

Mayın 23-24-də Azərbaycanın Fransadakı səfirliyi və ölkənin Avropa Şurası yanında Daimi Nümayəndəliyi Fransa Azərbaycanlı Tələbələr Assosiasiyası (FATA) və "Azərbaycan evi" ilə birlikdə Strasburq Universitetində "Qədim, müasir və gələcək Azərbaycan" mövzusunda sərginin keçirilməsi nəzərdə tutulub.

İki gün davam edəcək tədbir zamanı ölkəmizin qədim tarixini əks etdirən müxtəlif eksponatlarla yanaşı, keçmiş və indiki nəsil azərbaycanlı fotoqrafların əsərləri, o cümlədən Azərbaycanda səfərdə olmuş fransız turistinin xatirə şəkilləri nümayiş etdiriləcək. Sərgidə, həmçinin gündən-günə çiçəklənən Azərbaycanın inkişaf perspektivlərindən bəhs edən videoçarxlar da nümayiş olunacaq.

Sərgi eyni formada Fransanın Monpelye və Şamberi şəhərlərində davam etdiriləcək. Tədbirlərin əsas məqsədi Azərbaycanın tarixini, milli irsini, özünəməxsus mədəniyyətini və eləcə də inkişaf etməkdə olan turizm sahəsini Fransa ictimaiyyəti arasında təbliğ etməkdən ibarətdir.

Bütün xəbərlər Facebook səhifəmizdə