Azərbaycanın əzəli torpağı, qədim yaşayış və mədəniyyət məskəni olan Qarabağın dağlıq hissəsinə olan iddialarına heç bir hüquqi əsas tapmayan ermənilər 1991-ci ildə müharibə elan etmədən Azərbaycana qarşı irimiqyaslı hərbi əməliyyatlara başladılar. Yenicə müstəqil olmuş Azərbaycanda baş verən qarışıqlıq və siyasi böhrandan istifadə edən ermənilər 1991-ci ilin sentyabrında "Qondarma Dağlıq Qarabağ Respublikası"nı yaradaraq,1991-1994-cü illər ərzində Dağlıq Qarabağ və ətraf 7 rayonu işğal edib Azərbaycanın ərazi bütövlüyünü kobudcasına pozdular. Bu müharibədə Azərbaycan xalqına qarşı hər cür vəhşiliyi, vandallığı edən ermənilər 1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə Xocalı əhalisinə qarşı soyqırım həyata keçirərək 613 nəfər Xocalı sakinini qətlə yetirdilər.
Ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə Azərbaycanda siyasi vəziyyətin normallaşması və ermənilərə qarşı vahid cəbhədə mübarizənin gücləndirilməsi nəticəsində 1994-cü ilin may ayının 12-də tərəflər arasında atəşkəs imzalanaraq, bundan sonra mübarizənin danışıqlar masasında və sülh yolu ilə həll edilməsi haqqında qərar qəbul edildi. Ümummilli Lider Heydər Əliyev və onun siyasi varisi İlham Əliyevin uğurlu və uzaqgörən siyasətləri nəticəsində iqtisadi və hərbi cəhətdən güclənən, regionun enerji tranzit mərkəzinə çevrilən Azərbaycan öz ərazilərini işğaldan azad etmək üçün beynəlxalq səviyyədə ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəsilə Ermənistanla danışıqlar masasına oturdu. 30 ildə saysız-hesabsız görüşlərin keçirilməsinə baxmayaraq qarşı tərəfin beynəlxalq hüquq normalarına zidd hərəkətlərindən dolayı heç bir nəticənin əldə edilməməsi səbri daşdan olan Azərbaycan xalqının səbr kasasını daşırırdı.
Bununla yanaşı işğal edilmiş ərazilərin 30 ilə yaxın müddətdə erməni vandaliziminə məruz qalmaqda davam etməsi Azərbaycan xalqını mənəvi cəhətdən narahat edirdi. Belə ki, erməni vandalları işğal edilmiş ərazilərimizdə olan bütün insfrakturu, mədəniyyət abidələrini, tikililəri məhv edib oğurluq, talançılıqla məşğul olurdular. İşğal edilən Füzuli, Cəbrayıl, Ağdam, Zəngilan, Qubadlı kimi şəhərlərin özündən əsər-əlamət belə qalmamışdır, ermənilər bu şəhərlərimiz tamamilə məhv etmişdilər.Bu ərazilərdə baş verən dağıntılar əsasən işğaldan sonrakı dövrdə baş vermişdir,işğaldan əvvəl belə bir dağıntı ola da bilməzdi. Mənfur ermənilər öz vandallıqları ilə şəhərlərimiz bu hala salmışdır.
Lakin heç vaxt öz ərazilərinin işğalda olması ilə barışmayan Azərbaycan xalqı bu torpaqların işğaldan azad olunacağı günü səbirsizliklə gözləyirdi. 2020-ci ilin sentyabr ayının 27-də saat 06:00 radələrində ermənilər tərəfindən növbəti dəfə işğal edilmiş bölgələrimizə yaxınlıqda yerləşən rayonların mülki əhalisinin ağır artilleriya silahlarından atəşə tutulması, 30 ilə yaxın müddət ərzində səbirlə dözən və sülh tərəfdarı olan Azərbaycanın səbir kasasını daşıran sonuncu damla oldu. 30 ilə yaxın müddətdə öz hərbi gücünü artıraraq Cənubi Qafqazın ən güclü ordusuna sahib olan Azərbaycanın rəşadətli ordusu düşmənin bu hücumuna qarşı əks-hücuma keçərək erməni ordusunu böyük məğlubiyyətə uğratdı. Müharibənin ilk günündən Azərbaycanın rəşadətli ordusu ərazilərimizi bir-birinin ardınca azad etməyə başladı. Müqavimət göstərə bilməyən erməni ordusu işğal edilmiş torpaqlarımızdan geri çəkilməyə məcbur oldular. Müharibənin davam etdiyi 44 gün ərzində Silahlı Qüvvələrimiz hər gün, hər saat uğurla irəliləyir, qələbə müjdəsi ilə intizar içində olan xalqını sevindirir, ruhlandırırdı. İlk günündən son gününə qədər Azərbaycanın üstünlüyü ilə davam edən döyüşlərdə ordu hissələrimiz oktyabrın 4-ü Cəbrayılı, oktyabrın 17-si Füzulini, oktyabrın 20-si Zəngilanı, oktyabrın 25-i Qubadlını, noyabrın 8-i Şuşa şəhərini, bununla yanaşı 200-dən çox kənd və qəsəbələri azad edərək noyabr ayının 10-u düşməni Azərbaycanın şərtləri ilə hazırlanan bəyanatı imzalamağa məcbur etdi. Bəyanata əsasən erməni hərbi hissələri və əhalisi işğalda qalan ərazilərdən cədvəl üzrə çıxarılmağa başlandı və Azərbaycanın ərazi bütövlüyü uğrunda aparılan müharibə Azərbaycanın böyük qələbəsi ilə başa çatdı.
44 günlük müharibə dövründə Azərbaycan tərəfinin keçdiyi döyüş yolları, göstərdikləri igidliklər, hərbi taktikaları hərbi ekspertlər tərəfindən böyük təəccüblə izlənilirdi. Hadrut qəsəbəsinin azad edilməsi dünya hərb ermində xüsusi yer tutacaq bir əməliyyat olmuşdu. Şuşanın azad edilməsi üçün əhəmiyyətli olan Hadrut qəsəbəsinin azad edilməsi ilə Azərbaycan oğulları Şuşa şəhərinə düşmənin gözləmədiyi istiqamətdən, dağlardan,dərələrdən, sıldırımlı qayalardan keçərək yaxınlaşmışdılar. Şuşa uğrunda baş verən döyüş hərbi ekspert tərəfindən hərb tarixində ağlasığmaz bir döyüş kimi qiymətləndirilmişdir. Azərbaycanın mərd oğulları keçilməz yollardan,qayalardan keçərək ,dağları dırmaşaraq Şuşa şəhərinə daxil olub əli silahlı düşmən əsgərləri ilə hətta əlbəyaxa döyüşə girmişdilər.
Hər zaman öz tolerantlığı ilə dünya ölkələri üçün nümunə olan Azərbaycan bu müharibədə də Ermənistan tərəfinin Naftalan, Tərtər, Gəncə, Bərdə və bir neçə işğal edilmiş bölgələrə yaxın ərazilərdə mülki əhalinin tələfatına səbəb olacaq qətliamlar törətməsinə baxmayaraq, düşmən tərəfinin mülki əhalisinə qarşı heç bir silahdan istifadə etmədi. Azərbaycan tərəfi mülki əhalinin döyüş bölgələrini tərk etmələri üçün şərait yaratdı. Buna baxmayaraq Ermənistan yenə də öz çirkin əməllərindən əl çəkmirdi. Lakin heç bir çirkin əməli olanları biabıredici məğlubiyyətdən qurtara bilmədi və Azərbaycanın mərd, qəhraman oğulları 44 günlük müharibədə erməniləri sarsıdıcı məğlubiyyətə uğradaraq, Azərbaycan respublikasının ərazi bütövlüyünü bərpa etdilər.
Böyük qələbənin ardınca Prezident İlham Əliyevin mütəmadi olaraq işğaldan azad edilmiş rayonlara səfər etməsi də dövlət başçısının bu məsələlərə nə dərəcədə həssas yanaşdığının sübut edir. Daha öncə Ağdam, Füzuli, Qubadlı, Zəngilan şəhərlərinə səfər edən Prezident İlham Əliyevin növbəti belə səfəri fevralın 14-də baş tutub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva fevralın 14-də Füzuli, Zəngilan, Laçın və Cəbrayıl rayonlarında olublar.
İşğaldan azad edilmiş bütün şəhər və rayonların baş planlarının hazırlanması ilə bağlı Prezidentin tapşırığının icrası hazırda yüksək surətlə davam etməkdədir. Eyni zamanda, işğaldan azad edilmiş rayonlarda “yaşıl enerji” zonasının yaradılması məqsədilə ilkin olaraq pilot layihələr qismində bəzi yerlərdə “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarının da tətbiqi baş tutacaq. Ağıllı kənd layihəsi ilkin olaraq Zəngilan rayonunun Üçüncü Ağalı kəndində icra olunacaq. Səfər zamanı Laçın rayonunun cənub hissəsində yerləşən Güləbird kəndində Su Elektrik Stansiyasının (SES) açılışı baş tutub. SES-in açılışı zamanı Prezident öz çıxışında Laçının işğaldan azad edilməsindən 2 ay keçməsinə baxmayaraq burada artıq SES-in açılmasının əhəmiyyətini vurğulayıb.
44 günlük müharibənin nəticəsi olaraq bu gün artıq Azərbaycan Respublikası öz suveren sərhədlərini tam bərpa edərək düşmən tərəfindən dağıdılmış bütün şəhərlərimizin bərpası üçün geniş layihələrə başlamışdır. Biz əminik ki, yaxın gələcəkdə Qarabağ ərazisi çiçəkli diyara çevriləcəkdir.
Elvin Zeynalov
149 nömrəli məktəbin Tarix müəllimi
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB