Bildiyimiz kimi, Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva martın 15-də - Novruz bayramı ərəfəsində işğaldan azad olunmuş ərazilərə-Füzuli və Xocavənd rayonlarına səfər ediblər .
Dövlət başçımız ilk öncə Füzuli-Hadrut avtomobil yolunun təməlinin qoyulması ilə bağlı fikirləri ilə bölüşdü. Onu da qeyd etdi ki, bu yol işğaldan azad olunmuş ərazilərin bərpa olunması üçün çox böyük əhəmiyyət daşıyır. Əlbəttə, bu, birinci yol layihəsi deyil, artıq bir neçə belə layihə icra edilməkdədir. Prezident həmçinin qeyd etmişdir: ”Füzulidən Şuşaya yeni Zəfər yolu çəkilir. Eyni zamanda Bərdə-Ağdam yolunun çəkilişi yaxın zamanlarda icra ediləcək. Horadizdən Zəngilana kimi yol çəkiləcək”. Bir sözlə, İlham Əliyev azad olunmuş torpaqlarımızda gedən böyük quruculuq işlərindən qalib xalqın qalib başçısı kimi fəxrlə danışdı.
Dövlət başçısı hər səfərində olduğu kimi, bu dəfə də erməni vandalizmini xüsusi olaraq diqqət mərkəzinə gətirdi. O qeyd etdi ki, ermənilər ərazidə bir dənə də infrastruktur qoymamış, bütün yaşayış yerlərini yerlə-yeksan etmişdirlər. "Bununla onlar bir daha bizim tarixi irsimizi silmək istəmişdilər. Ancaq onlar buna nail olmadılar. Çünki biz bu torpaqlara qəhrəman bir xalq kimi qayıtdıq” deyən İlham Əliyev 44 günlük müharibədə rəşadətli ordumuzun müharibənin ilk günü azad etdiyi Qaraxanlı kəndini xatırlayaraq, burada da bərpa işlərinin başlamasından danışdı. Dövlət başçısı Qarabağda quruculuq işlərinin aparılmasını “həyatımızın yeni dövrü” adlandırdı.
Maşını özü idarə edən dövlət başçısı Xocavəndə gedən yol boyunca yaşayış məntəqələrinin dağıdılmasını ürək ağrısı ilə izləyicilərə çatdırmaqla bir daha erməni vəhşiliyini sübuta yetirən faktları göz önünə gətirdi. Uçulub-dağılmış evlərə baxdıqca bir daha anlayırsan ki, bu millətin Xocalı soyqırımını törətməklə, uşaq-böyüyü vəhşicəsinə qətlə yetirməklə ürəkləri soyumamış, daşdan, binadan da acıq çıxmağa çalışmışlar. İlham Əliyev “Füzuli şəhəri yoxdur, yerlə-yeksan edilib, dağıdılıb, ermənilər dağıdıb” deməklə sanki özü də bu vəhşililyə, vandalizmə heyrət edir, həmçinin bu dağıntıların döyüş zamanı deyil, məhz 30 il işğal müddətində dağıldığını dəfələrlə təkrar edir. İlham Əliyev çəkinmədən Ermənistanı müdafiə edənlərə də müraciət edərək deyir: "Açın gözlərinizi, yaxşı baxın bu vəhşiliyə və görün, kimi siz müdafiə edirsiniz?” Prezident yol boyunca sanki özü-özü ilə bir fikir mübadiləsi aparırdı. "Nə üçün daşı-daş üstə belə qoymayıblar?” - soruşan Prezident özü də cavab verirdi: "Çünkü bilirdilər ki, bu torpaqlar onların deyil. Bu torpaq Azərbaycan torpağıdır!”
İlham Əliyev daha sonra Xocavənd rayonunun Edilli kəndində çəkiliş edərək, çevrilib izləyicilərə Ağbulaq kəndini də göstərir. Yerdən qar yığıb, qartopu düzəldib atan dövlət başçısı təmiz dağ havasını ciyərlərinə çəkərək, qalib bir başçı kimi ətrafı seyr edir. Mən bu an onun çöhrəsində zəfərdən doğan bir sevinc hissini sezdim.
Əlbətttə,qalib bir xalqın qalib başçısı öz sevincini gizlədə bilməzdi!
Tuğ kəndinə gələn Prezident yerlə-yeksan edilmiş məktəb binasını izləyicilərə göstərir və qeyd edir: "Sonra da deyirlər Tuğ kəndi ermənilərindir. Ermənilərin olsaydı, dağıdardılar?” Daha sonra qətiyyətlə deyir: "Tuğ kəndi qədim Azərbaycan torpağıdır! Tuğ kəndi həmişə Azərbaycan kəndi olub, bundan sonra da olacaq!”
İlham Əliyev dağıdılmış, yandırılmış evləri göstərəndə gördüyü mənzərədən dəhşətə gəldiyini duymamaq mümkün deyil. Prezident əlini evlərə uzadaraq deyir: "Əminəm ki, Tuğ kəndinin sakinləri öz doğma evlərini görüb tanıyırlar. Onlar tezliklə öz doğma yurdlarına qayıdacaqlar”. Yandırılmış və dağıdılmış evlər onu nə qədər heyrətləndirsə də, ətrafdakı mənzərəyə biganə qalmır: "Görün kənd necə də gözəldir! Qarabağ gözəldir!“ -deyərək füsunkar gözəlliyə məftun olduğunu gizlətmir.
Tuğdan sonra Prezident ailəsi ilə Azıx kəndinə yollanır. Azıx mağarasına çatana qədər 800 pillə qalxan Prezident zarafatla "yaxşı idman etmişik" deyir. O, mağaranın girişində onu 1960-cı ildə aşkar edən Məmmədəli Hüseynovun burada tədqiqatlar aparması haqqında məlumat verir və qeyd edir ki, bu, dünyanın ən qədim yaşayış məskənlərindən biridir. Prezident həmçinin onu da qeyd edir ki, ermənilər xaricdən qanunsuz olaraq alimlər gətirtmiş, mağaranın məhz onlara aid olduğunu sübut etməyə çalışmışlar. İlham Əliyev bir neçə dəfə Məmmədəli Hüseynovun adını çəkərək, məhz onun bu mağaranı aşkar etməsi ilə ermənilərin bütün qondarma tədqiqatlarının heç bir mənası olmamasını nitqində dəfələrlə vurğulayır.
Dövlət başçısı sonda yüksəkliyi göstərərək fəxr və qürur hissilə: "Biz bu zirvəni qət etmişik,-daha sonra eyhamla,- elə bir zirvə yoxdur ki, biz onu qət etməyək!”-deyir.
Sonda ailəvi şəkil çəkdirərək prezident “dəmir” yumruğunu havaya qaldıraraq: "Azıx Azərbaycanındır! Qarabağ Azərbaycandır!” məşhur kəlamını bir daha təkrar edir.
Bəli! Qarabağ Azərbaycandır! Bu artıq bir faktdır. Mən əminəm ki,bunu artıq düşmən tərəf də qəbul edir. Hələ 30 il əvvəl azərbaycanlılar evin qapısını bağlayıb açarını da özləri ilə götürdülər ki, tezliklə doğma ev-eşiklərinə qayıdacaqlar. Nə üçün? Çünki bilirdilər ki, qayıdacaqlar. Çünki bilirdilər ki, Qarabağda onlarsız xarıbülbül bitməz, Bayatı-Şiraz səslənməz. Bəs ermənilər nə etdilər? Öz xislətlərinə xas bir gedişlə bütün dünyada özlərini biabır etdilər. Sizcə, qayıtmağına ümid edən insan evini yandırarmı? Məncə, xeyr! Deməli, elə bu əməlləri bir daha sübut edir ki, həmişə səksəkədə yaşayıblar, nə vaxtsa burdan qovulacaqlarını biliblər. Məktəblərin, ictimai obyektlərin dağıdılması buna bir daha sübutdur.
Azərbaycan xalqı daim quran və yaradan xalq olub.Biz heç zaman başqasının torpağına göz dikməmişik. Ancaq öz torpağımızın bir qarışını da heç kimə vermək fikrimiz yoxdur. Tezliklə bütün azad olunmuş torpaqlarımızda əvvəlkindən də gözəl bir həyat qurulacaq,yenə qız köçürüb oğul evləndirəcək, "Bülbüllər” də daha yanıqlı deyil, şövqlə oxuyacaqlar.
Vətən bağı al-əlvandır,var üstündə xarıbülbül,
Ömür sürməli dövrandır,səsin gəlsin sarı bülbül...
Nəcəfova Rəna Əliyar qızı
Xəzər rayonu 26 №li tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB