Azərbaycan işğaldan azad olunmuş əraziləri dünyanın ən gözəl məkanlarından birinə çevirəcək
Martın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Füzuli və Xocavənd rayonlarına səfəri baş tutdu. Ölkə başçısının işğaldan azad olunan ərazilərə tez-tez səfər etməsi, ondan xəbər verir ki, dövlət siyasətinin prioritet istiqamətlərindən birini məhz işğaldan azad edilmiş ərazilərimizin yenidən qurulması və insanların yaşayışının təmin edilməsi tutur. Daha da əsası, bu, görülən işlərin şəxsən cənab Prezident İlham Əliyevin nəzarətində olduğunun göstəricisidir.
44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şanlı Azərbaycan ordusu döyüş meydanında tarixi ədaləti bərpa etdi. Ordumuz öz şanlı misiyasına başladı və sadəcə 44 gün ərzində öz gücünü, potensialını, əzmini və vətənpərvərliyini bütün dünyaya sübut etdi. Hazırda Cənubi Qafqazın ən qüdrətli ordusuna malik Azərbaycanın Silahlı Qüvvələri öz döyüş hazırlığına görə MDB məkanında da ön sıralarda yer tutur. Beynəlxalq reytinq agentliklərinin hesabatlarında da Silahlı Qüvvələrimiz dünyanın güclü, müasir standartlara uyğun yenidən qurulan və təchiz edilən orduları ilə bir sırada yer alır. Ümumiyyətlə, Azərbaycanla Ermənistanın hərbi imkanlar baxımından müqayisəsi onu göstərir ki, Azərbaycan Ordusu gücünə görə Ermənistandan dəfələrlə irəlidədir. Bununla bağlı tanınmış rusiyalı hərbi ekspert, "Nasionalnaya oborona” jurnalının baş redaktoru İqor Korotçenko da bildirib ki, Azərbaycan Ordusu işğal edilmiş ərazilərinin azad edilməsi üzrə əks-hücum əməliyyatlarında XXI əsrdə müharibə aparılması nümunəsi göstərdi. Sitat: " Dünya hələ belə bir vəziyyətlə rastlaşmamışdı ki, bir ordu digər ordu ilə vuruşarkən bu sayda yüksəkdəqiqlikli silahlardan istifadə edilsin. Zərbə uçuş aparatlarından istifadənin miqyasına və intensivliyinə görə bu, dünya tarixində ilk belə hadisədir. Nə ABŞ, nə Rusiya, nə İsrail, nə də hansısa başqa ölkə bu miqyasda pilotsuz zərbə uçuş aparatlarından istifadə etməyib”. Eyni zamanda, Korotçenko qeyd etmişdir ki, yüksəkdəqiqlikli silahdan istifadə mülki əhali arasında itkilərin sayını azaldır. Bəli, şübhə yoxdur ki, ordumuzun arsenalında olan müasir silahlar bizə üstünlük gətirdi. Amma unutmaq olmaz ki, müharibəni qazanan, bayrağı azad edilmiş torpaqlarda qaldıran texnika, silah-sursat deyil, məhz canını ortaya qoyaraq mübarizə aparan əsgər və zabitlərdir. Bu baxımdan, Vətən müharibəsində ən böyük üstünlüyümüz psixoloji cəhətdən döyüşə tam hazır olan əsgər və zabitlərimiz idi. Şanlı Azərbaycan əsgəri ən yüksək mənəvi keyfiyyətlərlə, ləyaqətli bir şəkildə torpaqlarını işğalçılardan azad etdi. Bizim mübarizəmiz həmişə qarşımızdakı düşmən əsgəri ilə idi. Mülki əhali heç vaxt Azərbaycan əsgərinin hədəfində deyildi. Qarşı tərəfin itkiləri də bizə bunu deməyə əsas verir ki, Azərbaycan Ordusu öz missiyasını yerinə yetirərkən ləyaqətlə mübarizə aparmış və beynəlxalq hüquq prinsiplərinə və konvensiyalarına əks heç bir davranış nümayiş etdirməmişdir. Bu, həm də bizim bir xalq olaraq mənəvi kodeksimizdir. Azərbaycan Ordusundan fərqli olaraq, Ermənistan tərəfi isə azərbaycanlı mülki əhalini hər zaman hədəf kimi seçmişlər. Biz bu qanlı cinayətlərə 1992-ci ildə Qaradağlıda, Xocalıda, Ağdabanda, Ballıqayada, 1993-cü ildə Başlıbeldə, 2020-ci ildə isə Gəncədə, Bərdədə, Tərtərdə və digər ərazilərdə şahid olmuşuq. Azyaşlı uşaqları, qadınları, qocaları qətlə yetirmək təcavüzkar Ermənistan üçün əsas məqsədlərdən biri olub. Amma bütün bunlara baxmayaraq Azərbaycan ordusu heç vaxt yolundan dönməmiş və mülki ahaliyə qarşı müharibə aparmamışdır.
Təəssüf hissi ilə vurğulanmalıdır ki, işğaldan azad olunmuş ərazilərimizə edilən hər səfərdən sonra bir şey daha da aydın olur ki, 30 ilə yaxın müddət ərzində ermənilər bu torpaqları tamamilə dağıdıb, yerlə-yeksan edib. Düşmən sadəcə evləri, binaları yox, həm də dini ibadətgahlarımızı dağıntılara məruz qoyub. Bunun nəticəsidir ki, işğaldan azad edilmiş torpaqlarımızda fəaliyyət göstərən 67 məsciddən, sadəcə ikisi, o da yarıdağılmış vəziyyətdə qalıb. Bu, erməni xislətinin mahiyyətini, vandallığını, vəhşiliyini göstərir. Vurğulamaq yerinə düşər ki, Azərbaycanda heç vaxt dini zəmində bu tipli hərəkətlər qeydə alınmayıb və əminik ki, bundan sonra da alınmayacaq. Çünki, hər bir azərbaycanlı anlayır ki, fərqli etnik mənsubiyyətə malik olsa da ölkəmizdə yaşayan hər bir kəs bu dövlətin vətəndaşıdır. Onların hər birinin tək amalı yaşadıqları ölkənin ərazi bütövlüyünü qorumaq, onu dünyada daha yaxşı tanıtmaq və inkişaf etdirməkdir. Məhz bu düşüncə tərzinin nəticəsidir ki, bugün Azərbaycan dünyada multikulturalizmin mənbəyi olan ölkə kimi tanınır. Ölkəmizin müxtəlif yerlərində xristian abidələri qorunur, saxlanılır. Hətta müharibənin ən qızğın dövründə, şəhidlərimizin gəldiyi günlərdə belə, paytaxt Bakıda yerləşən erməni kilsəsi öz fəaliyyətini davam etdirirdi və heç bir təhlükəyə məruz qalmırdı. Qeyd edək ki, bir çox beynəlxalq təşkilatlar işğal olunmuş torpaqlarımızdakı məscidlərin vəziyyətini bilsə də buna qarşı səssiz qalır və lazımi reaksiya vermirdi. Bu əlbəttə ki, Azərbaycan tərəfində o təşkilatlara qarşı inamsızlıq yaradırdı. Əminliklə demək istərdim ki, Azərbaycan tərəfi çox da uzaq olmayan gələcəkdə işğaldan azad olunmuş ərazilərdə dağıdılmış bütün abidələri bərpa edəcək.
Sonda vurğulamaq istərdim ki, müharibədən dörd ay keçməsinə baxmayaraq, artıq Qarabağda böyük quruculuq işlərinə start verilmişdir. Bölgədə bir çox layihələrin icrasına başlanılmış, yenidənqurma, restovrasiya işləri üçün əməli fəaliyyətə keçilmişdir. 15 mart tarixində ölkə başçısının Füzuli-Xocavənd rayonlarına səfəri zamanı iqtisadiyyatımıza mühüm töhfə verəcək Füzuli-Hadrut avtomobil yolunun təməlqoyma mərasimi də buna misaldır. Əlbəttə ki, bu, azad olunmuş torpaqlarda ilk layihə deyil, artıq bir neçə yol layihəsi icra edilməkdədir. Beləliklə, şübhə yoxdur ki, Azərbaycan qısa müddətdə işğaldan azad olunmuş əraziləri dünyanın ən abad və gözəl məkanlarından birinə çevirəcəkdir. Bunun üçün Azərbaycana lazım olacaq hər şey - güclü siyasi lider, böyük iqtisadi potensial mövcuddur.
Rüfət Əhmədov
YAP Pirallahı rayon təşkilatının Gənclər Birliyinin sədri
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB