İdxal məhsullarında ucuzlaşma, yerli məhsullarda bahalaşma müşahidə olunur: bu, nə ilə bağlıdır?
İlin ərzaq məhsulu cəhətdən ən qıt mövsümü olduğundan, Azərbaycanın istehlak bazarında qiymət artımı müşahidə olunur. Bahalaşma və inflyasiya ilə bağlı əhalinin narahatlığı həm deputatlar, həm də ekspertlər tərəfindən gündəmə gətirilir. Hətta ötən gün Milli Məclisin iclasında süni bahalaşma problemi baş nazir Əli Əsədovun da diqqətinə çatdırılıb. Baş nazir bildirib ki, hökumət məsələni daim diqqətdə saxlayır. Bəs bazarlarda ərzaq mağazalarında müşahidə olunan bahalaşmanın obyektiv və subyektiv səbəbləri nədir? Hansı məhsullar və niyə bahalaşıb? Ucuzlaşan məhsullar hansılardır? Ümumiyyətlə, bazarlarda qiymət məsələsinə nəzarət necə olmalıdır? Bu yazımızda həmin məsələlərə toxunacağıq.
Əlbəttə, müxtəlif amillərin təsiri ilə, müəyyən məhsullarda bahalaşma müşahidə olunur, amma bu, hələ ki, cüzidir və bütün məhsulları əhatə etmir. Həm də bunu süni bahalaşma adlandırmaq olmaz, tam təbiidir, enerji daşıyıcıları və suyun qiyməti bahalaşıbsa, belə də olmalıdır. Çünki məhsulların istehsal və maya dəyəri artıb. Bu halda istehsalçıları qiyməti bahalaşdırmamağa məcbur etməyin heç bir yolu yoxdur- heç kim məhsulunu maya dəyərindən aşağı satmaz- bundansa “dükanı” bağlayıb gedər.
Sadəcə, bu sahədə bir nəzarət olmalıdır ki, qiymətlər monopolist səbəblərdən, ya da yaranmış vəziyyətdən sui-istifadə səbəbindən artmasın. Tutaq ki, məhsulun maya dəyəri 10 faiz artıbsa, qiyməti də 10 faiz artmalıdır, daha 30-50 faiz yox. Dövlət bunu tənzimləmək üçün kiçik və orta sahibkarlara müəyyən güzəştlər edə bilər, monopoliyanın qarşısını tam ala bilər və s.
Əlbəttə, hazırkı dövrdə qiymətləri tənzimləyən səbəblərdən biri də bazxarın tələb-təklif məsələsidir. Bazarda qıt olan məhsullar bahalaşır, bol olanlar ucuzlaşır. Buna görə də dövlət yerli istehsalı olmayan və ya çox az olan məhsullar üzrə gömrük rüsyumlarını azalda bilər ki, həmin məhsullara tələb təklifi üstələməsin. Bundan başqa, yerli istehsalı dəstəkləmək üçün lazımi addımlar atıla biər ki, yerli məhsul istehsalı çoxalsın. Son nəticədə bazarda bolluq və ucuzluq ola bilər
Lakin qeyd etməliyik ki, hazırda təkcə bəzi məhsulların bahalaşması yox, həm də bəzi məhsulların ucuzlaşması da müşahidə olunur. Məsələn, müşahidələrimizə əsasən deyə bilərik ki, kərə və zeytun yağlarında və ətdə 1 manat ucuzlaşma var. Makaron və düyüdə, paxlalı məhsullarda, konserv məhsullarında, süd məhsullarında, ədviyyatlarda bahalaşma yoxdur, əksinə bəzilərində 10 faiz ucuzlaşma var. Balıq və toyuğun qiyməti eyni qalıb. Bu il qoz, fındıq, badam, şabalıd da ucuzdur- 3-6 manat arasında. Baxmayaraq ki, bayramqabağıdır və tələbat çoxdur.
Maraqlıdır ki, ucuzlaşan və ya bahalaşmayan məhsullar, əsasən, xaricdən idxal olunan məhsullardır. Lakin yerli istehsal meyvə-tərəvəz bahadır. 2 manatdan aşağı meyvə, 1 manatdan aşağı tərəvəz yoxdur. Meyvələrdən alma, korolyok, nar, armud, heyva, naringi, tərəvəzlərdən kələm, kök, turp, balqabaq, brokoli, kartof, soğan, kənd yumurtası kimi məhsullar 1-2 aya qabaq daha ucuz idi, indi 50 fazi ətrafında bahalaşma var. Meyvələrdən yalnız kivi bir qədər ucuzlaşıb, tərəvəzlərdən isə gül kələmi.
Yerli məhsullarda bahalaşma təkcə kənd təsərrüfatı məhsullarında deyil, həm emal sənayesi qida məmulatlarındadır. Belə ki, zeytun istisna olmaqla bitki yağları, meyvə və tərəvəz konservləri, bəzi süd məhsulları, kolbasa-sosiska məmulatları və s. bahalaşıb.
Doğrusu, yerli məhsulların bahalaşmasını, idxal məhsulların ucuzlaşmasının səbəbini tam aydınlaşdırmaq çətindir, bu aşkar paradoksdur. Güman edirik ki, bizimlə qonşu ölkələrin hamısında milli valyutaların ucuzlaşması, manatın isə sabit qalmasının da buna təsiri var. Belə ki, həmin məhsullar bizim idxalçılar tərəfindən o ölkələrdə əvvəlkindən daha ucuz alınır.
Buna baxmayaraq yerli istehsal məhsular heç bir halda xarici məhsullardan baha ola bilməz. Çünki nə qədər ucuz alınsa da, idxal məhsulların dəyərinə gömrük rüsumları, vergi ödənişləri, nəqliyyat xərcləri və s əlavə olunur. Kiçik fermerlərin isə belə ödənişləri yoxdur. Üstəlik, pandemiya ilə bağlı ölkədən məhsul ixracı da azalıb. Bu halda yerli məhsullar bazarda bol olmalı və qiyməti ucuzlaşmalı idi. Görünür ki, bu il daha az adam məhsul əkib becərib. Ya da ki, fermerlər paytaxt və digər iri şəhərlərin bazarlarına rahat çıxış əldə edə bilmirlər.
Faktiki olaraq, bazar-dükanda yerli meyvə-təvəz məhsulları azlıq təşkil edir. Böyük əksəriyyəti xaricdən gətirilənlərdir ki, onların da çoxu genetic modifikasiya olunmuş məhsullardır. Bazar dükanda yerli kartof tapmaq olmur, tapanda da 2,5 manatdır kiloqramı. Bütün ölkəni texniki sort Pakistan, İran kartofu bürüyüb ki, bu GMO məhsulun da kilosu 1 manatdan aşağı deyil. Soğan da bahadır- 70 qəpikdən aşağı düşmür. Halbuki, ölkəmizdə kartof və soğanın böyük istehsal həcmi var. Yerli məhsul hara yoxa çıxıb maraqlıdır.
Maraqlıdır ki, yerli meyvə-tərəvəz sahələrdə çox ucuz alınır, amma paytaxtda bazar-dükanda 3 qat baha satılır. Nəticədə, istehsalçı uduzur, istehlakçı uduzur, qazanan yalnız dəllallar olur.
Əməkdaşlarımızın apardığı müşahidələr zamanı aydın olub ki, KTN-in təşkil etdiyi yarmarkalarda məhsullar bazar və mağazalardan xeyli ucuzdur, demək bahalıq ancaq dəllalların fəaliyəti ilə bağlıdır. Uzun illərdir ki, təklif edirik ki, ölkədə məhsul bolluğu və ucuzluq yaratmaq üçün sadə yol var- KTN daimi yarmarkalar təşkil etməli və məhsul istehsal edən kəndliləri ora maneəsiz və pulsuz buraxmalıdır. Hazırda bazarlarda yerləri alverçilər tutub, yarmarkalarda isə belə deyil. Əgər mütəmadi olaraq və ya daimi olaraq belə yarmarkalar fəaliyyət göstərsə, ucuzluq və bolluq olar. Çünki bu yarmarkalara daha çox məhsul istehsal edən fermerlər, öz bağının məhsulunu gətirən kəndlilər buraxılır. Məhsulunu rahat və normal qiymətə sata bilən kəndli daha çox əkəcək becərəcək. Demək, həmin fermerlərin məhsul əkib-becərmək, heyvandarlıqla məşğul olmaq imkanları və istəkləri artıracaq, çünki məhsullarını rahat və normal qiymətə satıb gəlir əldə edəcəklər.
Qlobal iqtisadi böhranlar sübut edir ki, təkcə neft gəlirlərinə ümid etmək olmaz, turizmin də etibarlı olmadığı üzə çıxdı. Ağır sənaye və maşınqayırma, yüksək texnologiyaların istehsalı sahələri də ölkəmizə uyğun deyil. Bizdə ən böyük poptensial və perspektiv yüngül sənaye, aqrar-sənaye sahələrindədir. Aqrar sahənin inkişafı o qədər də böyük vəsait tələb etmir, sadəcə müəyyən stimullaşdırıcı tədbirlər görülməli, praktik əngəllər, monopoliya halları aradan qaldırılmalıdır.
Hazırda banklar, sığorta şirkətləri bu sahənin inkişafına maraq göstərmirlər. Burada riskin yüksək olduğu bildirilir. Əslində, ən az risk aqrar sahədədir. Şərait yaradılarsa, həm investorlar bu sahəyə investisiya qoyacaq, həm də kiçik sahibkarlar, fermerlər bu işdə maraqlı olacaqlar.
Azərbaycanın aqrar sahədə həm daxili tələbatın ödənilməsi, həm də ixrac potensialı genişdir. Bu sahə inkişaf edərsə, istənilən uzunmüddətli böhran zamanı ölkəni ərzaqla təmin etmək olar. Belə olan halda idxaldan asılılığımız sıfıra düşər. Dövlət tərəfindən milyardlarla vəsaitin ayrılır, sadəcə həmin vasitələrin effektiv idarə edilməsinə ehtiyac var. Bu sahədə kompleks proqramlar hazırlanmalı, vergi güzəştləri tətbiq edilməlidir. İlkin növbədə kiçik və orta sahibkarlara dəstək verilməlidir.
Rusiya, ABŞ, Belarus, Türkiyə, həmçinin, əksər Avropa ölkələrində dövlət tərəfindən kənd təsərrüfatına güclü dotasiya ayrılır, əsas ərzaq məhsullarının istehsalı üçün stimullaşdırıcı tədbirlər görülür, fermerlərə güzəştlər edilir. Belə ölkələrdə dövlət tərəfindən fermerin məhsulunun hətta bazar qiymətindən də yüksək qiymətə alınacağı haqda əvvəlcədən müqavilə bağlanır.
Buraya kəndlinin öz məhsulunu sərbəst və maneəsiz şəkildə bazara çıxarma imkanlarını, möhtəkirliyin aradan qaldırılmasını və anti-inhisar tədbirlərini də əlavə etsək, belə ölkələrdə xarici amillərin təsiri ilə böhranın yaranması üçün heç bir səbəbin olmadığı aydın olar.
Nəzərə alsaq ki, Azərbaycan özünü kənd təsərrüfatı malları tam təmin etmək gücündədir və digər ölkələrlə müqayisədə bizim ölkənin daha yaxşı iqlim, həmçinin münbit torpaq imkanları var, o zaman aydın olar ki, mövcud potensialdan düzgün və səmərəli istifadə etməklə buna nail olmaq olar.
Sonda qeyd edək ki, Azərbaycanda aqrar sektora dövlətin böyük dəstəyi var və bu sahənin inkişafı üçün müsbət işlər görülüb, ciddi nəticələr də əldə edilib. Amma yenə də potensialdan tam istifadə edilməyib. Əsas məsələ, bazarlardakı alverçi qrupunu uzaqlaşdırmaq, bazarlara ancaq öz məhsulunu gətirən fermerləri buraxmaq, kəndli təsərrüfatlarına güzəştli və uzunmüddətli kreditləri artırmaq və sahibkarların işinə yersiz müdaxilələri ləğv etməkdir.
Yeri gəlmişkən, dünən ölkə prezidentinin fərmanı ilə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2021-ci il 9 mart tarixli 279-VIQD nömrəli Qanunu təsdiq edilib. Fərmanda nəzərdə tutulur ki, qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla, sahibkarların maraqlarının müdafiəsinin gücləndirilməsi məqsədilə sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsinə dair təkliflərini 8 ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.
Bu il aqrar sektorda islahatların davam edəcəyi, dövlət dəstəyinin artırılacağı gözlənilir. Əgər bu tədbirlər effekltiv şəkildə həyata keçirilsə, bunun ölkəmizin ərzaq təhlükəsizliyinin tam təmin etməsi ilə bərabər, həm də əhalinin sosial rifahının artmasına müsbət təsiri müşahidə olunar.
Elçin Bayramlı
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “İctimai və dövlət maraqlarının müdafiəsi” istiqaməti çərçivəsində hazırlanıb
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB