Deyilənə görə, koronavirus pandemiyasının üçüncü dalğası ölkəmizə daxil olub, özü də bu dəfə Britaniya ştammı ilə. İnsanlarımız yeni-yeni yoluxma azalmasının dadını çıxarmağa başlayarkən, karantin rejiminin sərtləşdirilməsi ətrafında gəzən söz-söhbətlər də bir tərəfdən onsuz da səbri tükənmiş ictimaiyyətin daha da səbrsiz olmasına səbəb yaratmaqdadır. TƏBİB bir tərəfdən vətəndaşları pandemiya mühitində davranmağın yollarını göstərir, hətta insanlarımızı ara-sıra ittiham edir, digər tərəfdən isə pandemiyanın sürətlə artmasına şərait yaradan vasitələrə göz yumduğunu müşahidə etdiyimiz, nəticə çıxardığımız müəyyən faktlarla isbatlamış olur. Düzdür, bir çox hallarda öz sağlamlığına biganə yanaşanlarımız da az deyil və hər addımda virusa yoluxma təhlükəsi ilə qarşı-qarşıya qalaraq digərlərinin də yoluxmalarına səbəb yaradan bu kimi tiplər, əslində, mənəvi cinayətə yol verirlər. Misal üçün, ötən bir ildə yoluxduranın sağalmasını, yoluxdurduğu insanın isə həyatını itirməsini əks etdirən koronavirus hekayələrini az eşitməmişik. Belə olan halda etiraf etməliyik ki, bizlərdə də az günah yoxdur. Bir sıra hallarda tibbi maskadan istifadə edərkən özümüz-özümüzü aldadırıq və yoluxma riskimizi artırmaqla yanaşı, yoluxdurma riskini də ətrafa yayırıq. Amma...
Amma harada, niyə və necə? Məsələn, iş ondadır ki, bizlər daha çox ictimai nəqliyyatdan istifadə edirik və təkcə bu faktın özü növbəti sualları yaradır – səhər və axşam, pik saatlarında işlərindən evlərinə dönən insanlar, sözün əsl mənasında, bir-birinin üzərində gedirlər və belə olan halda asqıran kim, öskürən kim...
Hətta maska taxılarsa belə, virusun yayılması ehtimalı özünü göstərə bilər.
Və ya götürək kafe, çayxana, restoran və s.kütləvi xidmət göstərən iaşə obyektlərini. Həmin yerlərdə də əslinə qalanda hər hansı bir ehtiyat tədbirləri görülməməkdədir. Söz yox ki, yoluxma halının artmasına səbəb olan bu amili də istəsək-istəməsək vurğulaya bilərik.
Fəqət burada pandemiyanın yaratdığı növbəti bir problem ortaya çıxır. Yəni iaşə obyektlərinin işlədilməsinə verilən icazə varsa, nəyə görə toy, nişan kimi tədbirlərin də müəyyən həddə keçirilməsinə rəsmi icazə verilmir? Gəlin axşamlar şəhərin müxtəlif nöqtələrində fəaliyyət göstərən iaşə obyektlərinə baxın və nəticə çıxarın – bir ortabab restoranda axşam saatlarında ən azından ayrı-ayrılıqda, ya da bir neçə qruplar şəklində 100-ə qədər müştəri oturur. Yəni bu sayda qohum-əqraba bir yerə yığışarsa, rahat bir toy-nişan mərasimi keçirmək olar. Daha doğrusu, bunun da bir mexanizmini tapmaq elə də çətinlik yaratmır. Elədirsə hörmətli TƏBİB nəyə görə yüzlərlə gənclərimizin ailə qurmalarına şərait yaradan həmin mexanizmi həyata keçirmir? Onsuz da iaşə obyektləri bəlli sayda müştərilərinə xidmət göstərirlər.
Hələ o ki qala ictimai nəqliyyatlara – yuxarıda da qeyd edildiyi kimi, bir avtobusda elə bir toyun adamı gedir və nədənsə həmin məsələ TƏBİB-i narahat etmir. Bunun yerinə metronun fəaliyyəti qadağan edilir, ya da digər qadağaların tətbiqi reallaşdırılır. Başqa məsələlərdə isə sən demə yoluxma riski-filan olmurmuş – məncə absurddur!
Yaxud böyük ərzaq marketlərinə də kiçik bir nəzər salaq. Günün istənilən saatlarında insanlar kütləvi şəkildə alış-verişlərini aparırlar və hətta sərt karantin rejimlərində də həmin kütləvilik müşahidə edilib. Bu zaman müxtəlif ticarət mərkəzləri niyə bağlanır? Məgər həmin mərkəzlərdə də eyni əhali, eyni insanlar alış-veriş etmirlərmi?
İndi bizləri bir sual maraqlandırır ki, görəsən daha çox biz günahkarıq, yoxsa karantin qaydalarını sərtləşdirən və qeyd edilən qaydaların gah tətbiq edilməsini, gah da aradan qaldırılması qərarını verən TƏBİB, yaxud digər müvafiq qurumlar? Yoxsa Britaniya ştammının da Azərbaycana təşrif buyurmasının günahkarları bizlər – vətəndaşlarıq? Yəqin ki, bunun da izahatını ya ciddi, ya da qeyri-ciddi təsirlər vasitəsi ilə eşidib-öyrənəcəyik. Yəni görək TƏBİB nə deyəcək..?
Rövşən RƏSULOV
P.S. Sizi inandırım ki, virusun artmasına səbəblərin başında dayanan əsas faktorlardan biri də tez-tez xarici ölkələrə yeri gəldi-gəlməz səfər edən imkanlı insanlardırlar. Görəsən, hörmətli TƏBİB sərhəd-buraxılış məntəqələrində, hava limanlarında daha əvvəllər tətbiq edilən karantin rejimini onlara qarşı həyata keçiririlərmi?
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB